DTX xarici dövlət və beynəlxalq təşkilatlarda nümayəndələr təyin edəcək - Fərman

2022-12-28 15:12:00

DTX xarici dövlət və beynəlxalq təşkilatlarda nümayəndələr təyin edəcək - Fərman

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında Fərman imzalayıb.

Hurriyyet.az xəbər verir ki, Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və kibercinayətkarlığa qarşı mübarizə sahəsində, habelə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (bundan sonra – Xidmət) fəaliyyət istiqamətlərinə aid digər sahələrdə əməkdaşlığın səmərəliliyinin artırılması üçün mühüm əhəmiyyət kəsb edən xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda Xidmətin nümayəndələrini Xidmətin təsdiq edilmiş ştat sayı çərçivəsində təyin etmək səlahiyyəti verilsin.

2. Müəyyən edilsin ki:

2.1. Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi barədə təklifləri bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməzdən əvvəl Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırılır;

2.2. Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələri öz funksiyalarını təyin olunduqları Azərbaycan Respublikasının xarici dövlətlərdəki və ya beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərinin tərkibində həyata keçirirlər;

2.3. Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərcləri (maddi-texniki, maliyyə və digər təminatları) dövlət büdcəsində Xidmət üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir;

2.4. Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərcləri ödənilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin diplomatik pasportla təmin olunmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Xidmətin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik xərclərinin) norma və ödəniş qaydalarını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

qafqazinfo.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.204184