"DTX işçiləri" vətəndaşdan on min azn alaraq dələduzluq etdilər - DİN-İN RƏSMİ CAVABI

2022-05-31 16:29:00

Masallı rayonu, İsi kəndinin sakini Hüseynov Cavid Cəfər oğlu "Hürriyyət"ə müraciət edərək bildirir ki, özünü "DTX" işçiləri kimi təqdim edən şəxslər dələduzluq yolu ilə ondan 10000 manat alıblar. Cavid Hüseynov məsələ ilə bağlı rayon polis şöbəsinə müraciət etsə də, orda da Xəzər Şahbazov adlı polis əməkdaşı ona qarşı dələduzluq edib. Sözügedən polis əməkdaşı ondan 3000 manat alaraq, pulu rəisə verəcəyini deyib. Aldadıldığını anlayan rayon sakinin şikayətlərini davam etdirib. Lakin müraciətinə cavab olaraq evinə silahlı hücumlar olub:

"15 aprel 2020-ci il tarixində Yardımlı rayon Ostair kənd sakini Mansurov Aslan Dadaş oğlu və əmisi oğlu  həmdə qaynı Cəlilabad rayon Ağdaş kənd sakini Mansurov Əfsus Nəzər oğlu özlərin  "DTX işçisi" kimi təqdim edib (hər biri qırmızı-qaraya çalan vəsiqə göstərməklə, yəni etibarlıyıq) və mənim kəndimdə 6 sot deyib, 3,5 sot torpağı içində uçuq balaca cücə hiniylə Aslanın yazdığı aktla 1 həftəyə mənim adıma sənədləşdirmək şərti ilə 10000 manata satdılar. Aslan Mansurov deyir mən Allahşükür Paşazadənin dostu və yaxın qohumuyam. Sonradan Əfsus dostlarıyla gəlib məndən yenə 3000 manat aldı ki, sənədləşməyə pul çatmır . İşlərin düz olmadığını görüb şikayətə başladım. Masallı Polis Şöbəsində tanımadığım 1 polis mənə yaxınlaşıb dedi ki, sən Cavid Hüseynovsan?... Dedim ki,  bəli mənəm. Mənə haqqımda müəyyən məlumatları bildirdi. Daha sonra dedi ki, səni aldadanlar mənim yerlilərimdir, mənim adıma xələl gəlir. Qeyd etdi ki, danışmışam 3000 manat gətir verim rəisə sənin pulun qaytarılsın və dələduzlar da həbs olunsun . 12.05.2020 saat 15:16 rardələrində Xəzər Şahbazovla bazarda görüşdüm və ona 3000 manat verdim. Aldandığımı görüb şikayətlərimi artırdım. Evimə 2 silahlı və 5 silahsız hücum olub. Bir dəfə isə döyülmüşəm".

Cavid Hüseynovun başında gələnlər bununla da bitməyib. Rayonun bələdiyyə sədri Camal adlı şəxs rayon rəhbərliyinin adından ondan 2000 azn istəyib. Pulun müqabilində torpağı adına keçirəcəklərini deyən bələdiyyə sədri Cavid Hüseynovdan ilkin olaraq 500 azn alıb. Lakin rayon sakini növbəti dəfə də aldadıldığını anlayıb:

"Məni polisə  apardılar. Şöbədə çox ağır hədə - qorxuyla guya barışdırmağa çalışırdılar. Amma mümkün olmadı. Bələdiyyə sədri Camal gəlib mənə dedi ki, rayon rəhbəri dedi deyib ki Cavidi aldadıblar. Məndən 2000 azn istədilər ki, torpağı adıma keçirtsinlər. Dedim ki, yoxdur. Daha sonra dedilər ki, 500 manat ver. 15 günə də sənədləşdiriləndən sonra 15000 manat da verərəm. Camala 500 manat verdim. Sonra dedi ki, mənə pul verməyibsən. Heç sübut da edə bilməyəcəyimi dedi. Qeyd etdi ki, mənim dayım Prezident Aparatında işləyir, mənə bata bilməzsəm.  Mən indiyənə ki, 136 məktub, 66 teleqram, bir neçə dəfə DİN-in və Prezidentin saytında rəsmi müraciət etmişəm. Daxili İşlər Nazirliyinin BANDİTİZM-in qəbulunda olmuşam. Bibimoğlu Qarabağda şəhid olub. Çoxlu qazi qohumlarım var. Məni təhdid edirlər. Ölkə başçısından xahiş edirəm ki, bu işin araşdırılması ilə bağlı göstəriş versin. Mənə ümumilikdə 16500 azn zərər dəyib".  

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumun Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev "Hürriyyət"ə bildirib ki, həmin mübahisəli torpaq sahəsi ilə bağlı müraciəti mülki məsələ olduğu üçün vətəndaş aidiyyatı üzrə məhkəməyə müraciət etməlidir:

"Vətəndaşın şikayəti araşdırılıb və ona hüquqları izah edilərək bildirilib ki, həmin mübahisəli torpaq sahəsi ilə bağlı müraciəti mülki məsələ olduğu üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməlidir. Səsləndirilən digər iddialara gəldikdə isə, sözügedən məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin aidiyyatı idarə və xidməti, o cümlədən Rayon Prokurorluğu tərəfindən bir neçə dəfə araşdırma aparılıb və iddialar təsdiqini tapmayıb. Bu barədə vətəndaşın özünə məlumat verilib".

Növbəti yazımızda redaksiyamıza təqdim edilən bütün digər faktları izləyicilərimizin diqqətinə çatdıracağıq. Yazıda ittiham edilən Masallı rayon polis şöbəsinin əməkdaşı Xəzər Şahbazovun da səs yazıları da qeyd etdiyimiz faktlara daxildir. Ümid edirik ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Daxili İşlər Nazirliyi (DİN) məsələ ilə bağlı birgə araşdırma tədbirləri aparacaq.

YƏHYA

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya