DSX-nın əsgərinin müəmmalı ölümü - Baş leytenant həbs edildi - DETALLAR
Dövlət Sərhəd Xidmətinin (DSX) N saylı hərbi hissəsinin baş leytenantı Orxan Rzalı həbs olunub.
Onun həbsi həmin hərbi hissəsədə xidmət edən əsgər Orucov Həbib İlham oğlunun ölümü ilə bağlıdır.
Baş leytenant Orxan Rzalı barəsində məhkəmə tərəfindən 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Araşdırmalar çərçivəsində Hərbi Prokurorluq Orxan Rzalının digər tükürpədici cinayət əməllərini də aşkarlayıb. Hazırda bu məsələylə bağlı istintaq davam edir.
Qeyd edək ki, Həbib Orucov noyabrın 9-da dünyasını dəyişib. Hərbi prokurorun böyük köməkçisi - mətbuat xidmətinin rəhbəri Firad Əliyevin bildirdiyinə görə, o, odlu silahdan açılmış atəş nəticəsində ölüb.
Məsələylə bağlı dünyasını dəyişən Həbib Orucovun anası Tünzalə Nəcəfova Bakupost.az -a açıqlama verib. O, Orxan Rzalının həbs olunduğunu təsdiqləyib və oğlunun ölümündə baş leytenantı günahlandırıb:
“Mən bilirəm ki, o zabit oğlumu özünü öldürməyə məcbur edib. Mənim uşağım canını çox istəyən idi. Mümkün deyildi ki, o özünə qıysın. Qardaşım meyiti görüb. Deyir ki, alnında çapıq izi, çiynində isə göyərmiş ləkə vardı. Mən hərbi hissəyə gedib əsgərlərlə danışdım. Uşağı keçən ayın 25-dən bəri sıxışdırırmış. Əsgərlər deyir ki, Həbibin üstünə qışqırır, ağzına gələni deyirdi. Oğlum bizimlə ancaq Orxan Rzalının telefonuyla əlaqə saxlaya bilirdi. O da oğlumun başının üstündə dayanırdı. Ona görə də baş verənləri danışa bilməyib. Bəziləri dedilər ki, o çapıq çoxdan var idi. Ekspertiza hamısını araşdırmalıdır. Mən Orxan Rzalının ömürlük həbs olunmasını tələb edirəm”.
Fotoda: Əsgər Həbib Orucov
Fotoda: baş leytenant Orxan Rzalı,
Bakupost.az