Saat:09:24
Haqqımızda

Dövlətin geyindirdiyi qadını soyundurmaq...

2022-08-17 10:49:00

Dövlətin geyindirdiyi qadını soyundurmaq...

Bu gün sosial şəbəkədə qarşıma çıxan sual belə idi: "Özəl universitetlər yaxşıdır, yoxsa dövlət universitetlərinin rayon filialı?"

Bir saat ərzində sorğuda 40 nəfər iştirak etmişdi. Ən azı 35 nəfər eyni cavabı vermişdi: " Dövlət".

O da yadımdadır ki, verdiyi cavabın təsir gücünü artırmaq üçün çox adam yazdığı sözün axırına nida işarəsi qoymuşdu...

Doğrudanmı, Azərbaycanın dövlət universitetlərində təhsilin səviyyəsi o qədər yüksəkdir ki, xərc çəkib Türkiyədə, Amerikada, Almaniyada uşaq oxutmağa ehtiyac yoxdur? Şəxsən mən dövlət universitetlərinin Qazax, Şamaxı, Salyan filiallarında Xəzər, Qərbi Kaspi Universitetlərindən daha yaxşı təhsil verildiyinə inanmıram...

Bəs azərbaycanlılar niyə dövlət universitetlərində təhsil almağa can atırlar?

Məncə, əsas səbəb budur: Azərbaycanlılar orda verilən təhsildən çox universitetlərin adındakı dövlət sözünə, dövlətin özünə etibar edirlər...

Dövlət universiteti olmağın məsuliyyəti böyükdür. Bu universitetlər dövlətin adına layiq təhsil verməli, burda çalışan adamlar rüşvətdən, korrupsiyadan gen gəzməlidir.

Dövlət xəstəxanasında vətəndaş şəfa tapmalı, pulu olmadığına görə qapının arxasında qalmamalıdır. Dövlət xəstəxanasında çalışan həkim varlı-kasıb olmasına baxmadan pasiyentin üstündə əsməli, çürümüş ayaq qala-qala xəstənin sağlam ayağını kəsməməlidir.

Dövlət idarəsində çalışan məmur rüşvət verməyən vətəndaşı aylarla süründürməməli, müxtəlif bəhanələrlə qapı-qapı gəzdirməməlidir...

Dövlətin idarəsində çalışan adamın dövlət tərbiyəsi olmalıdır. Dövlətin verdiyi paltarı geyinib dövlət idarəsində əxlaqsızlıq etməməlii, dövlətin geyindirdiyi qadın iş otağında soyundurmamalıdır.  Özünə hörmət etməsə də, dövlətə, onun verdiyi mundirə hörmət etməlidir.

Bu ölkədə dövlətini canımdan, qanından yüz dəfə çox sevən adamlar var. Adamlar var ki, özəl sektordakı  1000 manatlıq işini sevə-sevə dövlət qurumundakı 500 manatlıq işə dəyişir...

Bunca rüşvət və korrupsiyaya, yalan və talana rəğmən azərbaycanlılar öz dövlətlərini sevir, ona etibar edirlər. Bu etibarı zədələməyə heç bir məmurun haqqı yoxdur...

yenisabah.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR