Saat:19:16
Haqqımızda

Dövlətə xəyanətdə təqsirləndirilənlərin məhkəməsi başlayır

2024-03-27 13:25:57

Dövlətə xəyanətdə təqsirləndirilənlərin məhkəməsi başlayır

Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə ittiham olunan Azərbaycan Respublikasının vətəndaşları Əhmədov Rəşad Əhməd oğlu və Əmirov Rövşən Musa oğlunun barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatdırılıb.

Hurriyyet.az-ın məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun sədrlik etdiyi hakimlər heyəti tərəfindən araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası martın 28-nə təyin olunub.

Barələrində həbs qətimkan tədbiri seçilmiş Əhmədov Rəşad Əhməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 28, 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluğa hazırlıq) 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər), Əmirov Rövşən Musa oğlu 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirləndirilirlər.

Xatırladaq ki, adları çəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ötən ilin aprel ayında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıblar.

Bildirilib ki, üçüncü ölkə ərazisində məskunlaşaraq Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə, xarici təşkilatın nümayəndəsinin tapşırığı ilə kütləvi informasiya vasitələrindən və sosial şəbəkələrdən istifadə etməklə Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etməkdə, Azərbaycan ərazisində milli, dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə, eləcə də Azərbaycanda terror-təxribat əməllərinin törədilməsini planlaşdırmaqda şübhəli bilinən 1980-ci il təvəllüdlü Əhmədov Rəşad Əhməd oğlunun saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub.

Müəyyən edilib ki, Rəşad Əhmədov maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb olunmaqla adıçəkilən ölkənin xüsusi xidmət orqanlarının Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə verdiyi tapşırıqları yerinə yetirib, ona verilən tapşırıqlar əsasında cəlb etdiyi 1991-ci il təvəllüdlü Əmirov Rövşən Musa oğlu və digər şəxslərlə birgə ölkəmizdə etnik və dini zəmində düşmənçilik salınmasına və Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına açıq çağırışları özündə ehtiva edən videomateriallar hazırlayıb. Həmin videomateriallar Ermənistan xüsusi xidmət orqanları tərəfindən yaradılmış və onların nəzarəti altında Azərbaycan dilində fəaliyyət göstərən “Youtube” kanalları və digər sosial şəbəkələrdə paylaşılıb.

Rəşad Əhmədov Ermənistan xüsusi xidmət orqanlarının himayəsi altında Yerevan Dövlət Universitetində kafedra rəhbəri Garnik Asatrian və qeyrilərinin xüsusi olaraq məqsədyönlü şəkildə tərtib etdikləri Azərbaycan ərazilərinin parçalanmış şəkildə təsvir olunduğu 200 ədəd saxta xəritəni etnik separatizm məqsədilə Azərbaycan vətəndaşları arasında yayılmasını təşkil edib.

Bundan başqa, Rəşad Əhmədov Azərbaycan vətəndaşlarının guya etnik və dini zəmində iğtişaşlar törətmək niyyətini və törətmələrini nümayiş etdirmək məqsədilə Azərbaycan ərazisində partlayış, yanğın və digər ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan hərəkətlərin planlaşdırılması, terror aktları törətməyə razılıq verəcək şəxslərin müəyyən edilməsi, onların birgə cinayətkar fəaliyyətə cəlb olunması və terror-təxribat əməllərinin hazırlanması istiqamətində ona verilmiş digər tapşırıqları da icra edib.

DTX onların həbsi barədə daha əvvəl rəsmi məlumat yaymışdı.

qafqazinfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR