Dövlət xəstəxanasında QAN DONDURAN DƏHŞƏT - "Həkim mənim balamı öldürdü"...

2022-07-22 11:46:00

Dövlət xəstəxanasında QAN DONDURAN DƏHŞƏT -

Demək olar artıq, bir neçə ildir ki, Azərbaycan səhiyyəsi ilə vətəndaşları arasında "soyuq müharibə" gedir. Daha doğrusu, bir neçə səhiyyə işçilərinin vətəndaşlara qarşı apardığı "səssiz savaş"a artıq susmayan vətəndaşlar çarəni hüquq -mühafizə orqanlarında, daha dəqiq desək, prokurorluq və məhkəmələrdə görüb, oraya müraciət edirlər.

"Səssiz savaş" dediyimiz - özünə həkim deyən, "hippokrat" andı içib işə başlayan bəzi nəfərlərin fəaliyyətləri dövründə yol verdikləri səhvləri ucbatından bir neçə şəxslərin həyatını, yaxud sağlamlığını itirməsidir.

Bugünə qədər xəstənin sağ ayağı yerinə sol ayağını kəsənləri, uşaqlıq borusunu kəsib (hansısa məntiqlə) sidik kisəsinə tikənləri, balaca xoşxassəli bir şiş üçün, xəstəyə "xərçəng" diaqnozu qoyub, "ximya" müalicə tətbiq edənləri, çox meyvə suyu içib, ürəyi bulanan uşağa qlükozalar köçürüb, ömürlük şəkər xəstəsi edənləri, USM cavabından anlamadığı üçün, böyrəkda daşı Allah bilir nə gözündə görüb, "aparın, nə yaşayar, yaşayar" deyənləri, doğuş zamanı yeni doğulan körpəni əlindən salıb, dünyaya gəldiyinə peşman edənləri və daha nələri... nələri gördük Azərbaycan səhiyyəsində...

Və bütün bunlara dözməyib həmin həkim adına ləkə gətirən şəxslər barəsində prokurorluğa müraciət edənləri də gördük. Lakin, çox təəssüflər olsun ki, haqqında şikayətlər olan həkimlər barəsində prokurorluqlarda hər hansı bir addım atıldığını görmədik bugünə qədər...

Hansı həkim barəsində kim hansı prokurorluğa müraciət etdisə, "təsadüf"ə baxın ki, o ərazinin prokuroru haqqında şikayət olunan həkimin "yaxın"ı çıxdı. Belə görünür ki, yalnız bizdə qohumluq və dostluq əlaqələri Azərbaycan qanunlarını üstələyir.

Baxın, hazırda "Şamaxı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsinin direktoru olan, vaxtilə korrupsiya yolu ilə mənimsədiyi milyonlara görə Astara rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildiyi deyilən, sonra Qobustan rayon Mərkəzi Xəstəxanasının baş həkimi olan və orada da haqqında kifayət qədər vətəndaş şikayəti olan, hamısı da birmənalı şəkildə prokurorluq tərəfindən rədd edilən Emin Hüseyin barəsində sonradan Qobustan rayon sakinindən eşitdik ki, sən demə ən yaxın qohumu (iddialara görə qaynatası) Prezident aparatında çalışırmış. Demək bu dəfə qanunun Emin Hüseyinin qarşısında aciz qalması heç də təsadüfi deyilmiş.

Əlqərəz...

Bu barədə çox yazmaq, çox misallar gətirmək olar, amma onsuz da hər kəsin bildiyi şeyləri təkrar yazıb keyfinizi qaçırmaq, eyni zamanda vaxtınızı almaq istəmirik. Odur ki, keçid edirik "sinəsidağlı" Solmaz ananın "DogruXeber.az" redaksiyasına göndərdiyi ürək dağlayan videomüraciətinə.



Gördüyünüz kimi Astara rayon Şuvi kənd sakini Cümşüdova Solmaz Canhəsən qızı müraciətində yenicə gəlin köçürdüyü balasının ölümünə Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının həkim-cərrahı Kamran Əkbərovun səbəb olduğunu iddia edir. O bildirir ki, bu barədə hüquq -mühafizə orqanlarına müraciət edib. Aidiyyatı üzrə Səbail rayon Prokurorluğunda işə birinci düzgün baxılıb və Fərqanə Cümşüdovanın ölümünə səbəb həkim səhvinin olduğu deyilib.

Lakin, nə hikmətsə, məsələdən bir neçə ay keçdikdən sonra sözügedən prokurorluqda məsələ yenidən araşdırılıb və yekun nəticəsi olaraq, anaya övladının ölümünə "bilavasitə səbəbi sağ böyrək arteriyası anevrizmasının cırılması nəticəsində baş vermiş posthemorragi anemiya (qan azlığı)" səbəb olduğu bildirilib.

Bundan əlavə, diqqət etdinizsə ana Kamran Əkbərovun daha bir nöqsanını da vurğuladı.

Baxın, Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxananın dövlət müəssisəsi olduğu hər kəsə məlumdur. Və dövlət müəssisələrində də xidmətlərin ödənişsiz olduğunu da hamımız bilirik. Amma, Kamran Əkbərov dövlət müəssisəsində böyrək daşı əməliyyatı üçün nə az, nə çox, düz 1000 (min) AZN ödəniş istəyir. Özü də rüşvəti də elə minnətlə istəyir ki, "Əgər burda etsəm əməliyyatı 1000 (min)AZN, özəl klinikada etsəm 1500 (min beş yüz) AZN alacam ". Rüşvəti istəyərkən, "qiymətə mindirməyin" özü də xüsusi bacarıq tələb edir ki, bunu etməkdə də görünür Kamran Əkbərov əməliyyat etməkdən daha professionaldır. Təsəvvür edin ki, üstlərində o qədər pulları olmadığı və həmin pulu toplamaq üçün ailə təkrar Astaraya qayıtmaq məcburiyyətində qalıb.

Əməliyyat olub. Solmaz Cümşüdovanın sözlərinə görə Kamran Əkbərov Fərqanə Cümşüdovanın daxili damarlarından birini zədələyib, daxili qanaxma yaranıb və nəticədə o dünyasını dəyişib.

Onu da qeyd edək ki, ananın bildirdiyinə görə ona əməliyyatın saat 12:00-a olacağı bildirilibmiş. Lakin, nədənsə səhər saat 8:00-9:00 radələrində icra edilib.
Bundan əlavə, tibbi ekspertizanın rəyinə diqqət edin!

"Həkim mənim balamı öldürdü"... - Dövlət xəstəxanasında QAN DONDURAN DƏHŞƏT ! // VİDEO + FOTO

Burada ölümün gecə saat 01:00-də baş verdiyi qeyd edilib. Lakin, Solmaz ana bildirir ki, "Mənə səhər tezdən Kamran Əkbərov zəng vurdu ki, "özünü çatdır, qızın komaya düşüb". Mən gəldim xəstəxanaya, Kamran Əkbərova zəng vurdum. Dedi, "sənin uşağınla əlləşirəm" (əlləşir - yəni sağalması üçün nələrsə etməyə çalışır).

Əgər, ölüm faktı gecə saat 01:00-də gerçəkləşibsə, maraqlıdır, ertəsi günü səhər saatlarında Kamran Əkbərov nə deyə onunla "əlləşirdi"?

Demək, ananın iddialarından belə məlum olur ki, Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının həkimi Kamran Əkbərov Solmaz Cümşüdovanın həm pulunu alıb, həm də övladının canını.

Əslində, nə yazıq ki, son illər Azərbaycan səhiyyəsində bu kimi hallar artıq, təəccüblü görünmür.

Doğrudur, dəhşətdir, amma, vay bizim halımıza ki, səhiyyəmiz bu dəhşəti bizim üçün adiləşdirib.

Daha bir diqqət çəkən məqam isə odur ki, yaxınları gələnə qədər meyidi "morqda" deyil, liftdə saxlayıblar ki, bu da sözügedən xəstəxananın onsuzda saymaqla bitməyən, daha bir bağışlanması mümkünsüz kobud səhvidir. Buna "nöqsan" demək bu boyda olayı kiçiltmək olardı.

Hə, ən maraqlı məqama diqqət edək.

Solmaz Cümşüdova bilidirir ki, Səbail rayon Prokurorluğunda birinci dəfə araşdırıldı, işə baxıldı və Fərqanə Cümşüdovanın həkimin səhvi ucbatından dünyasını dəyişdiyi təsdiqləndi. Lakin, hansısa "müəmmalı" səbəblərə görə, bir neçə aydan sonra iş Səbail rayon Prokurorluğunda yenidən araşdırıldı və yekun nəticəsi olaraq, həkimin günahkar olmadığı, Fərqanə Cümşüdovanın qan azlığı səbəbilə dünyasını dəyişdiyi bildirildi.

Maraqlıdır, işə ikinci dəfə yenidən baxmağa əsaslı səbəb nə idi və necə olur ki, əvvəl həkimin səhvi nəticəsində ölüm faktının baş verdiyini deyən prokurorluq, sonra özü öz yekun rəyini təkzib edir?

Özünüz də şahid oldunuz ki, yenicə gəlin köçürdüyü gənc övladını itirən Solmaz ananın danışdıqları dəhşətli olmaqla bərabər, həm də ürək parçalayır. Övlad itirmiş ananın fəryadına həkimin sakit, sərbəst reaksiyası da çox maraqlıdır.

- "Onlar niyə qışqırır orda?! Kənddən gəliblər də, ona görə belə edirlər". Bir gəncin ölümünə səbəb olan (hər halda bütün bunlar ananın iddialarıdır) həkimin, ölən gəncin ailəsinə və ailəsinin acılarına qarşı sərbəst hörmətsizliyi daha dəhşətli şübhələr yaradır.

Bəlkə də bu həmin həkim üçün ilk deyildi, kim bilir?

Yoxsa, bu cür dəhşətli hadisələrə bu qədər təmkinli reaksiya necə ola bilər ki?

Yeri gəlmişkən, Solmaz ananın redaksiyamıza bildirdiyinə görə şikayətçi olmaması üçün Kamran Əkbərov ona pul da təklif edib.

Lakin, ana bu təklifi rədd edib.

Hətta, dediyinə görə bu təklif onun analıq hissinə və qüruruna toxunub, eləcə də ananın öz dili ilə desək, "yarasına duz töküb". Odur ki, Solmaz ana Kamran Əkbərovun qanunla cəzalandırılmasını tələb edir.

P.S: Yeri gəlmişkən, qeyd edək ki, Solmaz ananın iddiaları ilə bağlı "DogruXeber.az" olaraq, sözügedən cərrah Kamran Əkbərov ilə telefon əlaqəsi saxladıq. Kamran Əkbərov isə bu barədə telefonda deyil, redaksiyamıza gəlib, üzbəüz fikir bildirmək istədiyini dedi. Lakin, artıq bir həftəyə yaxındır ki, Kamran Əkbərov ümumiyyətlə susur.

Bugün bəzi səriştəsiz həkimlərin səhvləri üzündən bir çox körpələr anasız böyüyür, hansı ki, doğuş zamanı həkimin səhvi ananın əcəli olub. Yaxud əksinə - 9 ay bətnində gəzdirdiyi övladını dünyaya gətirəndə, həkimin əlindən düşməsi ilə uşaq ya həlak olur, ya da ömürlük şikəst qalır...

Yaxud da Solmaz ananın 18 yaşlı gənc övladı, 6 aylıq gəlin Fərqanə Cümşüdova kimi cərrah neştərinin yanlış toxunuşu onun əcəli olur.

Hə, qaldı ki, adam ölümündə, yaxud digər hər hansı bir qanun pozuntusunda günahkar hesab edilən həkimlərin cəzalandırılmasına...

Açığı, bu barədə hər hansı fikir bildirib, cümləni tamamlaya bilmədik. Jurnalisti belə cümləsini tamamlamaq üçün söz tapmaqda aciz qoyan, fikir qıtlığı yaradan prokurorluqların "ağ xalat məhəbbəti"nin bir gün qanun qarşısında susacağına ümid etməkdən başqa əlimizdən heç nə gəlmir.

Yenə də ümid ölkə başçısınadır. Çünki, onun bu cür mühüm dövlət qurumları və rəhbərləri barəsində görəcəyi tədbirlərə və verəcəyi qərarlara ölkə vətəndaşlarının böyük ehtiyacları var.

DogruXeber.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.086872