Saat:04:23
Haqqımızda

Dövlət qurumuna sərt ittiham: “Onların ucbatından insanlar ölür”

2024-05-08 11:56:51

Dövlət qurumuna sərt ittiham: “Onların ucbatından insanlar ölür”

“Ümumiyyətlə, Azərbaycanda qida zəhərlənmələri illər boyu gizlədilir. Bu hələ AQTA yaranmamışdan öncə başlayıb və hələ də davam edir".

Hurriyyet.az xəbər verir ki, bunu "yenisabah"a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.

O, mayın 7-də Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı danışıb.

Xatırladaq ki, hazırda dönərdən zəhərlənənlərin sayı 40 nəfərə çatıb. Onların hamısının şəhərin müxtəlif dönərxanalarında hazırlanmış qidadan istifadə etdiyi iddia olunur.

Baş verən hadisə bir daha ölkədə qida zəhərlənmələri ilə bağlı problemləri gündəmə gətirib. Mövzu ilə bağlı Yenisabah.az-a danışan AİB sədri Eyyub Hüseynov da qida zəhərlənmələrini ciddi problem hesab edir:

“AQTA-nın saytına baxsaq, görərik ki, qida zəhərlənmələrinə görə Azərbaycan dünyanın ən xoşbəxt ölkəsidir. Bütün bunlara baxmayaraq, insan ömrünün uzunluğuna görə Azərbaycan 190 ölkə arasında 119-cu yerdədir. Afrikanın və Asiyanın bir sıra geridəqalmış ölkələrindən belə geridəyik. Bu o deməkdir ki, qidalarımız heç də təhlükəsiz deyil.

Agentlik yarananda düşünürdük ki, bu problemlər həll olunacaq, lakin bu belə olmadı. Mən 2 il AQTA-da ictimai şuranın üzvü oldum və dəfələrlə dönərxanalarda vəziyyətin düzəldilməsi ilə bağlı məsələ qaldırdım. Lakin bu çıxışlarım qurumda ironiyaya səbəb oldu.

Dönərxanalarda xüsusən quş ətləri ilə bağlı ciddi problemlər var. Məsələ təkcə ətdə deyil, eləcə də mayonez və dönərə əlavə olunan digər əlavələrdədir. Mayonezin saxlama müddəti qabı açıldıqdan sonra 5 saatdan artıq deyil. Amma bir çox dönərxanaya mayonez açıq şəkildə gətirilir və isti şəraitdə saxlanılır.

Bundan başqa, bu gündən sabaha qalan, boyat dönərin satışı problemi var”. 

Eyyub Hüseynov qanunvericilikdə də ciddi boşluqların mövcudluğunu vurğulayıb:

“Dönər elə bil məhsuldur ki, hansı şəraitdə saxlanmasından asılı olmayaraq, 1 gün qaldıqda mütləq kiflənir. Ona görə də elə bil nəzarət sistemi qurulmalıdır ki, bu gündən sabaha saxlanılan dönərin satışı qadağan olunsun. Çox təəssüf,  AQTA-nın çatışmayan fəaliyyətlərindən biri də budur ki, mallardan arxayın olmaq üçün sənəd, sertifikat yoxdur. Sadəcə olaraq AQTA istehsalçı müəssisələrini dövlət büdcəsinə kiçik bir məbləğ ödəməklə reysterə daxil edir.

Ciddi çatışmazlıq olan məsələlərdən biri də qanunlardakı boşluqdur. AQTA-nın elə bir səlahiyyəti yoxdur ki, istənilən məntəqəyə cəld müdaxilə edə bilsin. AQTA-nın əsasnaməsinə mütləq dəyişiklik edilməlidir.

Belə bir vəziyyətdə, əlbəttə, zəhərlənmələr çoxalacaq.

Hesab edirəm ki, Zaqataladan baş verən zəhərlənməmin mənbəyi xammaldan gəlir. Dönərxanalar eyni məntəqədən mal götürür və orada ciddi çirklənmə baş verib. Ona görə bu istiqamətdə AQTA ciddi araşdırma aparmalıdır”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000250