“DÖVLƏT İÇİNDƏ DÖVLƏT” OLMAĞA İDDİA EDƏN PENİTENSİAR XİDMƏT - Azərbaycan qanunları bu qurumun daxilində nə üçün işləmir?!

2022-06-07 14:45:00

“DÖVLƏT İÇİNDƏ DÖVLƏT” OLMAĞA İDDİA EDƏN PENİTENSİAR XİDMƏT - Azərbaycan qanunları bu qurumun daxilində nə üçün işləmir?!

Son vaxtlar Azərbaycanda bir çox sahələrdə uğurlu islahatların aparıldığı kimsəyə sirr deyil. Xüsusən də İkinci Qarabağ Savaşından sonra ölkəmizdə inkişaf mərhələsinə qədəm qoyulduğunu iddia edə bilərik. Belə ki, istər siyasi, istər də sosial-iqtisadi sahələrdə kifayət qədər yol qət edildiyi şübhəsizdir.

Əlbəttə, bütün bunlara baxmayaraq, hələ də bir sıra sahələrdə “köhnə dönəm”in küləyi əsməkdədir. Məsələn, Ədliyyə Nazirliyinə tabe olan Penitensiar Xidmət sanki Azərbaycandan kənarda olan bir qurumdur və ölkədə aparılan islahatların bu xidmətə heç bir aidiyyəti yoxdur. Təkcə son günlər baş verən bir sıra hadisələri təhlil etdikdə belə anlaşılır ki, bu qurum “dövlət içində dövlət” olmağa iddialıdır. Çünki xidmət daxilində Azərbaycan qanunları demək olar ki, işləmir. Ölkəmiz günbəgün demokratikləşsə, insan hüquq və azadlıqlarına böyük həssaslıqla yanaşılsa da, bu qurum hələ də məhbusları orta əsrlər dönəminin cəza mexanizmləri ilə “islah” etməyə çalışır. Məhz bunun nəticəsidir ki, həbsxanalarda tez-tez ciddi narazılıqlar baş qaldırır.

Cəzaçəkmə müəssisəsində qiyam

Heç də təsadüfi deyil ki, bu gün Penitensiar Xidmətin Bakı şəhərində yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində qanlı insident baş verdiyi haqda informasiya yayıldı. Criminal.az saytı xəbər verdi ki, hadisə müəssisənin işçiləri ilə məhkumlar arasında yaşanıb. Nəticədə bir neçə nəfər ağır xəsarət alıb.

Xəsarət alanlardan bəziləri müəssisənin əməkdaşlarıdır. Onların arasında Sərxan adlı mayorun, Sunay adlı mayorun, onun regional idarənin rəisinin köməkçi olduğu deyilir. Bundan savayı Taleh adlı məmurun, kalon rəisinin növbə hissə köməkçisinin, müəssisə rəisinin köməkçisinin (adlarını öyrənməyə çalışırıq) qanlı insidentdə yaralandıqları iddia edilir.

Qarşıdurma nəticəsində 5 nəfər məhkumun xəsarət aldığı da deyilir. Vurğulanır ki, Altay adlı məhkum özünə qəsd edərək boğazını kəsib və hazırda Pentensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Məhkumlardan bir neçəsinin də özünə xəsarət yetirdikləri bildirilir.

İnsidentə səbəb kimi müəsissə rəhbərliyinin məhkumlarla kobud davranışı, onlara mənəvi və psixoloji təzyiqlərin edilməsi göstərilir.

Criminal.az-a bu barədə məlumat verən mənbə iddia edir ki, bu günlərdə məhkumları cəzalandırmaq üçün müəssisəyə Ədliyyə Nazirliyinin əməliyyat qrupu göndəriləcək.

Göründüyü kimi, Penitensiar Xidmətin rəhbərliyi həbsxanada mövcud olan vəziyyəti ciddi şəkildə araşdırmaq, yaranmış problem aradan qaldırmaq əvəzinə, yenə də cəza metoduna əl atmağı, əməliyyat qrupu göndərərək, məhkumları cəzalandırmağı düşünür. Bu isə, şübhəsiz ki, Azərbaycanda aparılan bütün islahatlara kölgə salmaqla yanaşı, ölkəmizin beynəlxalq təşkilatların “qara siyahı”sına düşməsinə rəvac verir…

Həbsxanalarda dindarların aclıq aksiyası genişlənir

Bu gün yayılan daha bir informasiyaya diqqət edək. “Turan” agentliyi yazır ki, “Müsəlman Birliyi" Hərəkatının lideri, həbsdə olan Taleh Bağırzadənin aclığını bir sıra digər məhkum edilmiş dindarlar da dəstəkləyiblər. Onlar polis idarəsində işgəncələrin tətbiqinə və polis əməkdaşlarının küfür etməsinə etiraz edirlər.

Polad Aslanovun xanımı bildirib ki, həyat yoldaşı iyunun 6-dan aclığa başlayıb və bu barədə 1 saylı koloniyanın rəhbərliyinə məlumat verib. Hərəkatın digər üzvü Cabbar Cabbarov da həmin müəssisədə aclıq elan edib.

Hərəkatın digər fəalı Abbas Hüseynov Qobustan həbsxanasında aclığa başlayıb, onun yaxınları bildiriblər.

Bağırzadənin özü beşinci gündür ki, aclıq edir. “Dünən Tale ilə telefonla danışdıq,  beşinci gündür ki, aclıq edir. Ancaq su içir, deyir ki, səhhəti normaldır, lakin səsində gərginlik vardı. Koloniya administrasiyası israrla aksiyanın dayandırılmasını tələb edir, ancaq Tale bunu rədd edir. Aclıq etməsinə baxmayaraq, onu təcrid etməyiblər, adi kamerada qalır”, - xanımı bildirib.

Qeyd edək ki, “Müsəlman Birliyi” Hərəkatının lideri, uzun müddət həbsdə olan Tale Bağırzadə iyunun 3-dən aclığa başlayıb. O, polisdə dindarlara işgəncə verilməsinə, hüquq-mühafizə orqanları əməkdaşlarının Allahı təhqir etməsinə etiraz edir.

Xatırladaq ki, mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin binası yaxınlığında saxlanılan iki dindar mayın 23-də keçirdiyi mətbuat konfransında təhlükəsizlik orqanları əməkdaşlarının işgəncə verdiklərini və Allaha küfür etdiklərini bildiriblər.

Penitensiar Xidmət susur…

Maraqlıdır ki, artıq bir çox xəstəxanalarda məhbsular kütləvi şəkildə aclıq aksiyasına başlasa da, Penitensiar Xidmət bu haqda mətbuata açıqlama verməkdən imtina edir. Halbuki, belə vəziyyətdə daha operativ qərarlar qəbul edilməli, mövcud problem daha da böyümədən dərhal həll edilməlidir. Lakin Penitensiar Xidmətin rəhbərliyini bu vəziyyət heç də narahat etmir. Çünki bu kimi hallarda insanları zopa ilə yedirtmək vərdişinə sahib olduqları üçün, görünür, lazım gəlsə bu metoda əl atmaqla yaranmış problemi yerindəcə “həll edəcəklərini” düşünürlər…

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya