Dövlət büdcəsində neftin qiymətinin 85 dollar səviyyəsində nəzərdə tutulması nə vəd edir? - AÇIQLAMA

2022-06-18 22:03:00

Dövlət büdcəsində neftin qiymətinin 85 dollar səviyyəsində nəzərdə tutulması nə vəd edir? - AÇIQLAMA

“Azərbaycan üçün bir barel neftin qiymətinin büdcədə fiksasiya olunması texniki parametrdir. Yəni bu və digər formada artıq pul olduqda və volatellik yuxarı qiymətdə olanda bunun izafi qazancı onsuz da Azərbaycanda qalır. Əlbəttə, valyuta ilə vəsaitin çox olması Azərbaycan iqtisadiyyatı üçün böyük bir kömək deməkdir. Onu da nəzərə almaq lazımdır ki, büdcədə artıq vəsait olanda o, ilk növbədə prioritet istiqamətlərə yönəlir. Bu gün isə bizim üçün əsas prioritet istiqamət Qarabağda tikinti-bərpa işlərinin, böyük layihələrin həyata keçirilməsi və “Böyük qayıdış”ın təşkil olunmasıdır. İnsanlar üçün şərait yaratmaq, yaşayış evləri tikmək, iş yerləri açmaq və s. Digər mühüm məsələ isə büdcənin sosial formatlı olması və ilbəil sosial xərclərin artmasıdır. Dövlət büdcəsinin xərclərinin 37 faizdən artığı sosial yönümlüdür. Əlbəttə, dövlət büdcəsinə artıq gələn vəsaitin hamısı sosial məsələlərə gedəcək. Yəni imkan olan yerdə dövlət hər zaman bunu həyata keçirir. Belə olan halda da sosial müavinətlər, təqaüdlər, maaşlar artır. Bu, normal haldır və burada mərhələli şəkildə xüsusi mexanizmlə qiymətlər nəzarət altına alınır. Yəni inflyasiyanın faizi, iqtisadiyyatın inkişaf tempi, işsizlik, eləcə də bir çox iqtisadi parametrlər, makroiqtisadi göstəricilər nəzərə alınaraq buna uyğun qərar verilir”.

Hurriyyet.az bildirir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

 

Deputat qeyd edib ki, Azərbaycan inflyasiya ilə mübarizə sistemində etdiyi böyük dəyişiklikləri bir qədər gücləndirməlidir: “Ümumi makroiqtisadi siyasət inflyasiyanın qarşısının kifayət qədər alınması üçün antitsiklik siyasətdir, amma, bu, yetərli deyil. Hər zaman demişəm, bazar iqtisadiyyatının ən əsas qanunları tələb, təklif və rəqabətdir. Tələb və təklif məsələsində də nəzərə almalıyıq ki, inflyasiyanın 85 faizi idxal olunan inflyasiyadır və bu, dünyəvi bir prosesdir. Hətta bu gün açıqlama verildi ki, ABŞ-ın özündə 8,8 faiz illik inflyasiya reallığı mövcuddur. Avropada isə ən aşağı halda 9 faizdir, amma orada elə ölkələr də var ki, ümumiyyətlə, 10 faizi keçiblər. Çalışmalıyıq ki, import əvəzləşdirmə siyasətimizi sürətlə həyata keçirək. Azərbaycanda istehlak olan malların təxminən 45, 50 faizə qədəri ölkəmizdə istehsal olunur və bu da yetərli deyil. İnflyasiya üçün problem yaradan sferalar içərisində qida və kənd təsərrüfatı məhsulları istehsalı da önəmli yer tutur. Bu məsəlinin həlli isə bolluqdur. Təbii ki, bu bolluq da idxalın hesabına yox, daxili istehsalın hesabına olmalıdır. Bolluq yaransa və təklif artsa, eləcə də tələbin tempi təklifin tempindən aşağı olsa, inflyasiyanı tam olmasa da, kökündən həll edə bilər. Ölkəmiz üçün normal halda inflyasiya tək rəqəmdən də aşağı olmalıdır. Yəni normal halda 3,5-4,5 faiz inflyasiya Azərbaycan üçün hardasa qəbul olunandır. İstehlak bazarı normal templə artmayanda, yəni burada söhbət daha çox daxili istehsaldan gedir, onda bu bir daha inflyasiya faizinin artmasına təkan verir. Bu adi bir nəzəriyyədir və əsası 60-70 il əvvəl qoyulub. Dövlətimiz bir tərəfdən antiinflyasiya siyasəti həyata keçirir, digər tərəfdən isə iqtisadiyyatımızın templərini artırmalıyıq. İdxal əvəzinə daxili istehsal həyata keçirməli, əkməli, becərməli, qida məhsullarının sayını, çeşidini, keyfiyyətini artırmalıyıq və bu formada inflyasiyanın kökünü tam kəsməsək də, 3 faizə qədər endirməyə çalışmalıyıq. Əlbəttə, bu asan yol deyil və buna müəyyən illər lazımdır. Amma xaricdən gələn təzyiqləri nəzərə alaraq kənd təsərrüfatı və emal sənayesinin sürətini daxildən artırmağa çalışmalıyıq. Azərbaycanda kənd təsərrüfatı üçün ayrılan subsidiyalar, yardımlar, müavinətlər və ümumiyyətlə, bu sahənin dövlət tərəfində dəstəkləməsi bəlkə də çox az ölkədə rast gəlinən bir prosesdir. Bu sahədə olan problem ondan ibarətdir ki, bir daha oturub kənd təsərrüfatı və qida məhsullarının konsepsiyasını nəzərdən keçirib baxmalıyıq. Ən çox lazım olan kadrlar aqronomlar, torpaqşünaslar, aqronomiyaya yaxın olan insanlar və kənd təsərrüfatı istehsalına aid olan mütəxəssislərdir. Onların sayını artırmaq lazımdır. İtkilərin qarşısını almaq, daha effektiv kənd təsərrüfatını və qida istehsalını inkişaf etdirmək, intensiv formada əmək məhsuldarlığını qaldırmaq üçün yeni innovativ texnologiyalar tətbiq etmək lazımdır. Bir sözlə, bu istiqamətdə hələ kifayət qədər görüləcək işlərimiz var”.

 

Leyla Yusubova


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya