Saat:00:29
Haqqımızda

Dost ölkə çağırış etdi: Azərbaycanlı turistlər təhlükədədir? – Xəbərdarlıq

2025-11-17 22:41:20

Dost ölkə çağırış etdi: Azərbaycanlı turistlər təhlükədədir? – Xəbərdarlıq

Çin Mədəniyyət və Turizm Nazirliyi vətəndaşlara müvəqqəti olaraq Yaponiyaya səfərdən çəkinməyi tövsiyə edib. Nazirlik Yaponiyada çinli turistlər üçün artan təhlükəsizlik risklərinin mövcud olduğunu bildirib.
Mövcud vəziyyət iki ölkə arasındakı diplomatik və ictimai münasibətlərin mürəkkəbləşməsi kimi dəyərləndirilir. Analitiklərin fikrincə, bu, həm də turistlərin, xüsusilə də Çinə yaxın ölkələrin vətəndaşlarının Yaponiyaya səfərlərini planlaşdırarkən ehtiyatlı olmalarını zəruri edir.
İki ölkə arasında nə baş verir? Çinli turistlər niyə Yaponiyada təzyiq və ya təhlükə ilə üzləşirlər? Çinlə münasibətləri yaxşı olan ölkələrin, məsələn, Azərbaycanın vətəndaşları üçün bu vəziyyət təhlükəli ola bilərmi?
Hurriyyet.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Çin və Yaponiya arasında əsas gərginlik Tayvan məsələsi ilə bağlıdır:
“Xüsusilə, Çin Tayvana qarşı hərbi təzyiqləri artırır, çünki Pekin yeni qütb formalaşdırmaq üçün bu ərazini ilhaq etməyi strateji hədəf kimi görür. Yaponiya isə Tayvanın Çin tərəfindən təzyiq altında olmasını qəbul etmir. Düşünürəm ki, bu siyasətin arxasında ABŞ dayanır. Nəticə olaraq Çinin sıxışdırılması ilə əsasən artan hərbi və siyasi ambisiyaları məhdudlaşdırmaq hədəflənir.
Pekin Sakit okean və Hind okeanı regionunda mövqeyini gücləndirməyə çalışır. Yaponiya uzun illər boyunca Çini basqı altında saxlayan ölkə olub. Tərəflər arasında fundamental və tarixi problemlər qalır, bir-birilərinə etimadları yoxdur. Müharibə ehtimalı azdır, amma qarşılıqlı hərbi nümayişlər gözləniləndir. Bu prosesdən əziyyət çəkən isə xalqlardır.
Yaponiya ərazisində az sayda Azərbaycan vətəndaşı yaşayır. Onlara yanaşma dəyişməz qalacaq. Azərbaycanın Çinlə münasibətləri yüksək səviyyədədir, Yaponiya ilə də əlaqələri möhkəmləndirir. Beynəlxalq siyasi nizam yenidən qurulur və bu proses uzaq şərqdən də yan keçmir”.