“Dördüncü Dünya müharibəsində insanlar ox və yayla vuruşacaqlar”

2022-08-04 12:10:00

“Dördüncü Dünya müharibəsində insanlar ox və yayla vuruşacaqlar”

“Dördüncü Dünya müharibəsində insanlar ox və yayla vuruşacaqlar”.

Bunu Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O, Serbiya-Kosovo, Çin-Tayvan, Rusiya-Ukrayna, ABŞ-Çin gərginliklərinin Üçüncü Dünya müharibəsi doğurub-doğurmayacağı barədə ehtimalları şərh edib.

Deputatın sözlərinə görə, dünyanın ən mürəkkəb çağları Soyuq müharibə dövrü idi.

“Soyuq müharibə isti müharibəyə, yəni Üçüncü Dünya müharibəsinə çevrilmədi. Amma o dövrdə eynəlxalq hüquq normaları keçərli idi.  ABŞ və Rusiya arasında dünya təhülkəsizliyinin təmin olunması üçün razılaşmalar yerinə yetirilirdi.

İndiki dövrü Soyuq müharibədən fərqləndirən cəhət SSRİ-nin varisi olan Rusiya ilə ABŞ arasında imzalanmış bütün sənədlərin heçə sayılması və hamısının tarixin zibilxanasına atılmasıdır. Yəni vəziyyət o qədər gərgindir ki, Rusiya prezidenti Vladimir Putin ölkəsinin ərazi bütövlüyünün təhlükə altında qalacağı təqdirdə hətta nüvə silahından belə istifadə edəcəyini bildirib”.

E. Nəsirov qeyd edib ki, hazırda Rusiya ilə Ukrayna arasında gedən müharibə yalnız iki dövlətin müharibəsi deyil.

“Əslində, bu, Qərb ölkələrinin Rusiya ilə müharibəsidir. Avropa ikinci münaqişə ocağı olan Serbiya-Kosovo qarşıdurması da hər an yeni müharibənin başlanmasına səbəb ola bilər. Bütün bu münaqişələrlə paralel olaraq Çin-ABŞ münasibətləri son dərəcə qəlizləşib. ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərini Çin hökuməti heç də yaxşı qarşılamayıb. Çin hərbi təlimlərə başlayıb. Hazırda müharibə olmasa da, iqtisadi və ideoloji müharibənin alovlanması labüddür.

ABŞ 1945-ci ildən, Çinin 1964-cü ildən, Rusiya 1949-cu ildən nüvə silahına malikdir. Nüvə silahına malik olan dövlətlərin münasibətlərində gərginliyin artması və hətta çəkinmədən bir-birlərini təhdid etməsi çox təhlükəli tendensiyadır.

BMT Baş katibi Antonio Quterreş Üçüncü Dünya müharibəsinin hər kəs üçün son dərəcə təhlükəli olduğunu və bunun qarşısının alınması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Soyuq müharibədən sonra dünya ilk dəfədir ki, Üçüncü Dünya müharibəsinin astanasındadır. Eynşteynin deyimi ilə, Üçüncü Dünya müharibəsi olarsa, Dördüncü Dünya müharibəsini insanlar ox və yayla aparacaq”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000116