Saat:18:17
Haqqımızda

“Donuzdan orqan köçürülməsi haram deyil, meyitlərdən isə...” - Mircəlal Kazımi ilə MÜSAHİBƏ

2022-01-14 20:38:00

“Donuzdan orqan köçürülməsi haram deyil, meyitlərdən isə...” - Mircəlal Kazımi ilə MÜSAHİBƏ

1 yanvar 2022-ci ildən etibarən Azərbaycanda meyitlərdən orqan köçürülməsi əməliyyatlarına başlanılması ilə bağlı qanun qüvvəyə minib. Mövzunun aktuallığını nəzərə alaraq orqan transplantasiyası ilə bağlı bəzi suallara aydınlıq gətirməyə çalışdıq.

 

Hurriyyet.az xəbər verir ki, Sfera.az-ın suallarını Mərkəzi Gömrük Hospitalının cərrahiyə və orqan transplantasiyasının şöbə rəisi, tibb üzrə fəlsəfə doktoru, Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə qaraciyər tranplantasiyası əməliyyatını icra edən və transplantalogiya sahəsidə milli kadrların hazırlanmasında müstəsna rolu olan Mircəlal Kazımi cavablandırıb:

 

- Mircəlal bəy, hazırda ölkəmizdə hansı orqanların transplantasiyası mümkün sayılır?

 

- Cənubi Qafqaz, Orta Asiyada qaraciyər transplantasiyası ilk dəfə Azərbaycanda həyata keçirilib. 2010-cu ildən etibarən isə ilk dəfə olaraq böyrək transplantasiyası əməliyyatlarına start verdik. Bu günə qədər canlı donorlu 1500-ə qədər insan üzərində həm qaraciyər, həm də böyrək transplantasiyası əməliyyatı icra olunub. Lakin bütün dünyada olduğu kimi Azərbaycanda da bu sahə üzrə xəstələrin sayı artır. Bunun səbəbi isə multifaktoraldır. Belə ki, diaqnostikanın, təbabətin inkişaf etməsi, dünya üzrə müxtəlif xəstəliklərin sayının artması ölkəmizdən də yan keçməyib. Biz yalnız canlı donor qohumu olan insanlara orqan köçürülməsi əməliyyatları icra edirik. Ona görə də insanlar yalnız qaraciyər və böyrək çatışmazlığı olduğu halda öz nəsiblərini alırlar.

 

"Meyitlərdən orqan köçürülməsi 3-6 aydan sonra mümkün olacaq...”

 

- Maraqlıdır, indiyə qədər Azərbaycanda dünyasını dəyişmiş şəxsdən donor kimi istifadə etmisinizmi?

 

- Elə qrup var ki, onlar ürək, ağciyər, mədəaltı vəz çatışmazlığından əziyyət çəkir. Həmin orqanları isə yalnız beyin ölümü keçirmiş şəxslərdən əldə edə bilərik. Digər tərəfdən qaraciyər və böyrək çatışmazlığından əziyyət çəkib tibbi göstərişlər əsasında əməliyyata uyğun olmayan əks göstərişli insanlar olur, yəni donor olmaq həmin insanlarda alınmır. Buna görə də belə insanlara yalnız meyitlərdən orqan köçürülə bilir. Bu minvalla biz 2008-ci ildə orqan transplantasiyasına başladıq və bütün dünyada olduğu kimi bizim də tələb və ehtiyaclarımız bəlli oldu. Bu tələb və ehtiyaclar üzrə meyit orqanları ilə bağlı sistem quruldu. 1999-cu ildən meyit orqanlarından istifadəyə hər nə qədər icazə verilsə də, qanun bu günün tələbinə uyğun deyildi. Ona görə də qanun yeniləndi. Yeni qanunun qüvvəyə minməsi ilə bütün problemlər həll oluna bilməz. Müəyyən məsələlər var ki, təşkilatı cəhətdən həll olunmalıdır. Belə ki, orqan transplantasiyası kordinatorluğu yaradılmalı, beyin ölümü diaqnozu qoyan qrup təyin olunmalı, etika komissiyası yaradılmalıdır ki, bunlar da yaxın gələcəkdə öz həllini tapacaq. Hazırda bu tip əməliyyat icra olunmayıb və 3-6 aydan da tez icra oluna bilinməyəcək. Bu proses tək qanun və təbabətlə həll olunmur, gərək insanlar da prosesin icrası üçün dəstək göstərsinlər.

 

 

- Orqan çatışmazlığının əsas səbəbi nədir? Bu mərhələyə çatmamaq üçün nələrə diqqət yetirmək lazımdır?

 

- Orqan çatışmazlığına səbəb olan xəstəliklərdə genetik faktor mühüm rol oynayır. Xəstələrimizin çoxu qohum evliliyindən əziyyət çəkən şəxslərdir. Müəyyən xəstələrdə isə buna səbəb çevrə olur. Çevrə faktorları içərisində qidalanma, həyat tərzi ən önəmli məsələlərdən biridir. Məsələn, biz insanlarımızı Hepatit B əleyhinə peyvəndlənməyə cəlb edə bilmirik. İllərdir ki, bu peyvənd Azərbaycana gətirilib, hətta doğum evlərində belə vurula bilir, lakin insanlar buna qoşulmurlar. Hepatit B peyvəndi vurulan şəxslərdə 90 faiz qoruyuculuq əmələ gəlir və beləliklə qaraciyər sirrozu, qaraciyər xərçəngi də yaranmır. Üç dəfə Hepatit B peyvəndinin tətbiqi 100 faiz qoruyuculuq təmin edir. Bundan başqa son zamanlar gənc qızlar və oğlanlar enerji içkilərinə çox meyil edir. Aşırı dərəcədə alkoloq, tütün, qəlyan, aşırı yağlı qida istifadəsi var və bunlarla mübarizə aparmaq çətinləşir. Mən 2008-ci ildə ölkəmizə qayıdanda düşünməzdim ki, bizdə bu qədər alkoqola bağlı qaraciyər sirrozu olan xanım var.

 

- Dünya üzrə təcrübə var ki, heyvanlardan da insanlara orqan nəqli həyata keçirilir. Hətta bir neçə gün öncə geni dəyişdirilmiş donuzdan insana ürək də köçürüldü. Sizcə, belə əməliyyatlar Azərbaycanda da həyata keçiriləcəkmi?

 

- Əslində bu əməliyyatın tarixi nəzəri olaraq gənc deyil, yəni insanlıq yaranandan bu günədək insan həyatının, keyfiyyətli həyatın uzanması üçün əzmkarlıq göstərilib. Orqan transplantasiyasının yaradılmasının səbəbi də elə budur. Bundan başqa digər "antiage” əməliyyatlar da var ki, insan həyatını uzatmağa xidmət edir. Orqan transplantasiyasının bu növü, yəni heyvanlardan alınan orqanların insanlara köçürülməsi təbabətin pik nöqtələrindən biri olacaq. Dünyanın inkişaf etmiş ölkələrində həm canlı insanlardan, həm də meyitlərdən orqan transplantasiyası əməliyyatı həyata keçirilsə də, yenə də orqan qıtlığı var. Genetikası dəyişdirilmiş donuzdan ürək transplantasiyası yeni bir cığırdır. Bununla qaraciyər, ağciyər transplantasiyasına da yol açılır. Buna çox sevinirik.

 

"Donuzdan orqanın köçürülməsi haram deyil, Azərbaycanda da insanların imtina edəcəklərini düşünmürəm...”

 

 

- Azərbaycanda donuzdan orqan transplantasiyası əməliyyatına isti yanaşılacağını düşünürsünüz?

 

- Azərbaycanda da bu məsələyə isti yanaşacaqlar. Heç bir elmi və dini səbəb yoxdur ki, heyvandan, donuzdan orqan transplantasiyasını qadağan etsin. İslam özü belə insanın yaşadılması, onun həyatda qalması üçün bütün yolları məqbul sayır. Düzdür, bununla əlaqədar hansısa fətva verilməyib, lakin düşünürəm ki, İslam alimləri də sözügedən əməliyyatı dəstəkləyəcəklər. Çünki əməliyyat insanın yaşamasına xidmət edəcək. Bəzi insanlar bu cür transplantasiyanı sözlə qəbul etməyə bilər. Lakin ehtiyac yarandığı halda təbii ki, başqa yol qalmayacaq.

 

"Ağciyər çatışmazlığı olan şəxslərdə böyrək, ürək çatışmazlığı da olur...”

 

- Hansısa orqanın köçürülməsi zamanı cins və yaş faktoru önəm daşıyırmı?

 

- Çox illər əvvəl cərrahi əməliyyatlara göstərişlər və əks göstərişlər içərisində xəstənin yaşı vacib idi. İndi isə bu ikinci dərəcəli məsələdir. Birinci dərəcəli məsələ əməliyyat olunacaq xəstənin performansıdır. Belə ki, bizim 20-25 yaşında elə bir xəstəmiz ola bilər ki, onun ciddi ürək, ağciyər çatışmazlığı ola bilər və bu, onun həyatını itirməsi ilə nəticələnə bilər.  Belə olan halda transplantasiya əməliyyatından başqa yol qalmır. Orqan çatışmazlığından əziyyət çəkən biri yalnız bir orqanın çatışmazlığından əziyyət çəkmir. Analoji olaraq böyrək çatışmazlığından aylarla, illərlə əziyyət çəkən şəxsin ürək, böyrək, qaraciyər çatışmazlığı da olur. Bu, digər orqanlarda da belədir. Böyrək donorlarının yaş kateqoriyası 18-70 arası, qaraciyər donorlarında isə 18-55 yaş arası əsas götürülür. Meyit orqanlarında isə bu yaş bir qədər də genişləndirilə bilir. Təbii ki, burada da ölüm səbəbi nəzərə alınır.

 

- Ən azyaşlı pasientinizin neçə yaşı olub?

 

- İndiyədək ən azyaşlı pasientim 7 aylıq körpə olub. Ona da anasından qaraciyər köçürülüb. Bu yaxınlarda yenidən belə bir əməliyyat icra edəcəyik. Uşaqlar nə qədər kiçik olarsa, əməliyyat da bir o qədər mürəkkəb olur. Çünki bu ciddi bilik və bacarıq tələb edir.

 

 

"2021-ci ildə 110 şəxsə orqan köçürülüb...”

 

- 2021-ci il ərzində ümumilikdə neçə orqan transplantasiya əməliyyatı icra etmisiniz və bununla bağlı ümumi statistika varmı?

 

- Keçən il biz 67 böyrək transplantasiyası, 43 qaraciyər transpalantasiya əməliyyatı həyata keçirmişik. Bunların hamısı canlı, qohum donorlardan icra olunub. Xəstəlikdən əziyyət çəkənlərin nisbəti qadın və kişi olmaq üzrə 50 faizə yaxındır.

 

- Koronavirus infeksiyası daha çox ağciyərə təsir edir. Virusun yayıldığı müddət ərzində xəstələrinizin sayında artım oldumu?

 

- Biz birmənalı olaraq bütün xəstələrimizə vaksin tövsiyəsi edirik, çünki xəstələrimiz əməliyyatdan sonra immuniteti aşağı salan dərmanlar qəbul edir. Bu, köçürülmüş orqanın orqanizmdən rədd edilməməsi üçündür. Ona görə də immuniteti aşağı düşən orqanın əlavə bir virusa yoluxması xəstənin ölümünə qədər aparıb çıxara bilən faktordur. Orqan köçürülən xəstələrimizdən bir neçəsi koronavirusa yoluxaraq dünyasını dəyişdi. Bu səbəblə qorunmağın tək yolu vaksinləmədir.  

 

"Donor olmaq üçün xəstənin ya anası, ya da bacısı müraciət edir...”

 

- Yaxşı bəs, donorlar arasında qadınlar, yoxsa kişilər üstünlük təşkil edir?

 

- Donor olaraq daha çox qadınlar üstünlük təşkil edir. Bu da Azərbaycan qadınının fədakarlığından, analıq hissindən irəli gəlir. Şəxsi praktikamızda da belədir ki, xəstəyə donor olmaq istəyən ilk şəxs ya onun bacıları, ya da anası olur. Bu da qadınların həssas olduğundan qaynaqlanır.

 

- Deyirlər ki, daxili orqanlarda problem olanda bu insanın üzündə də özünü göstərir. Belə ki, gözün altının qaralmasını, üzdə səpkilərin olmasını qaraciyər, yaxud böyrək problemi ilə əlaqələndirirlər. Bu nə dərəcədə doğrudur?

 

-Xeyr, bu hər zaman belə deyil. Çox az halda üzdə belə problemlərin olması qaraciyər yaxud böyrəklə əlaqədar olur. Əksər hallarda biz belə xəstələri dəri həkiminə yönləndiririk. Təbii olaraq, qaraciyər və böyrək çatışmazlığı olanda bu dəridə də təzahür edir, lakin vəziyyət həmişə belə olmur. Dəriyə baxıb qərar vermək olmaz.

 

 

"75-80 faiz insan ölümündən sonra orqanını bağışlamaq istəyir...”

 

- Elə hal olub ki, sizə ölümündən sonra orqanlarını bağışlamaq istəyən insanlar müraciət etsin?

 

- Biz  bu istiqamətdə ictimai sorğu da aparmışdıq və nəticə belə oldu ki, əhalimizin 75-80 faizi ölümündən sonra orqanlarını bağışlamaq istəyir. Hətta tanımadığım insanlar belə bununla bağlı mənə müraciət edir.

 

Qeyd edək ki, qaraciyər tranplantasiyasının qiyməti 45-50 min manat, böyrək transplantasiyası əməliyyatının qiyməti isə 12-16 min manat aralığında dəyişir.

 

Söhbətləşdi: Əzizə Zeynal

 

Foto: Nuh Tarverdiyev

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR