Saat:20:30
Haqqımızda

“Donald Trampın yürütdüyü siyasət ədalətli deyil” - TALİYƏT ƏLİYEV

2025-12-05 19:30:55

“Donald Trampın yürütdüyü siyasət ədalətli deyil” - TALİYƏT ƏLİYEV

“Rusiya-Ukrayna müharibəsi hazırda dünya ictimaiyyətinin diqqət mərkəzində olan ən ciddi bir məsələdir”. 
Bu barədə Hurriyyet.az-a Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışarkən ADP sədrinin müavini Taliyət Əliyev deyib.
“Bu məsələdə Ukrayna və Rusiya arasında münasibətlərin normallaşması, daha doğrusu, bir sülh müqaviləsinin imzalanmasında moderator rolunu oynayan Amerika Birləşmiş Ştatlarıdır və birbaşa onun prezidenti Donald Trampdır”,-deyə siyasətçi əlavə edib. 
Donald Trampın “hakimiyyət başına gələndən sonra, 1-2 həftə ərzində bu müharibəni dayandıracam” vədini xatırladan T.Əliyev qeyd edib ki, artıq onun prezident seçilməsinin bir ili tamam olur: “Ortada hələ ki, real bir nəticə yoxdur. Bunun da ən ciddi səbəblərindən biri odur ki, Donald Trampın yürütdüyü siyasət ədalətli bir siyasət deyil. Yəni Ukrayna-Rusiya arasında atəşkəsə nail olmaqla bağlı onun yürütdüyü siyasət və etdiyi təkliflər nə beynəlxalq hüquq normalarına, nə də ədalət prinsiplərinə uyğun deyil. Əgər doğrudan da Donald Tramp bu bölgədə davamlı sülhə və təhlükəsizliyə nail olmaq istəyirsə, onun irəli sürdüyü o təkliflər beynəlxalq hüquqa, o cümlədən də ədalətə söykənməlidir. Amma baxın, 2-3 həftə bundan əvvəl acıqlandı ki, 28 bənddən ibarət bir təklif var. Həmin o 28 bənddən ibarət təkliflərə nəzər salanda biz  faktiki görürük ki, 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin səbəbləri var idi ki, Ukrayna NATO-ya üzv olmamalıdır, o, silahsızlaşdırılmalıdır, işğal olunmuş bəzi ərazilərdən imtina etməlidir. Faktiki Putinin bütün təklifləri Donald Trampın təkliflərində öz əksini tapıb. Ondan sonra da müzakirə aparıldı, bəndlərin sayı endirildi”. 
 T.Əliyev bildirib ki, son günlərdə aparılan danışıqlarda da Ukraynanın təhlükəsizliyi ilə bağlı ciddi bir zəmanət yoxdur: “Əgər belə bir zəmanət yoxdursa, hansı ədalətli sülhdən söhbət gedə bilər? Bugünləri tutaq ki, o sülh müqaviləsi imzalandı, yenə də o müharibənin bitməsi demək deyil və orada müharibə davam edəcək. Çünki müharibəni saxlamaq istəyən tərəf və ya lider burada ədalətli bir razılaşmadan söhbət etməlidir. Amma bugünləri biz onu müşahidə etmirik. Trampın yürütdüyü siyasət yalnız onu göstərir ki, nəyin bahasına olursa, olsun Rusiya-Ukrayna müharibəsini dayandırsın və bunun müqabilində gələn il heç olmasa Nobel mükafatının alsın. Bu il ala bilmədi”. 
“İkinci tendensiya burada nəyi müşahidə edirik? Tramp burada ancaq özünün maddi maraqlarını ön plana çıxarır. Bilirsiniz ki, Rusiyanın  Avropada 300 milyard dollarlıq aktivləri var. Avropa Birliyi onu Ukraynaya vermək istəyir, amma Tramp nə deyir? Deyir, onun 100 milyardını Amerikaya verin və Ondan da Amerika Ukraynaya kömək etsin. 200 milyardı da formalaşacaq Rusiya-Amerika investisiya fonduna verin. Bu, nə qədər qeyri-ciddi, anormal bir təklifdir. Burada ancaq Rusiyanın maraqları müdafiə edilən bir tendensiya müşahidə edirik. Belə olacağı təqdirdə mən bu ilin sonuna qədər hər hansı sülh sazişinin imzalanmasını gözləmirəm və imzalanacaqsa belə, bu, ədalətli sülh olmayacaq. Yəni bu müharibənin dayandırılması demək olmayacaq. Tramp ancaq istəyir elə Rusiya ilə tez atəşkəsə nail olsun, orada bir investisiya fondu yaratsın, onun nadir torpaq elementlərini istismar eləsin. Ukraynaya etdikləri yardımları da bir növ minnət kimi irəli sürür. Əslində, hesab edirəm ki, bu günə qədər Amerikanın Ukraynaya verdiyi bütün maliyyə dəstəyi, hərbi dəstəyi də onun boynunun borcudur”,-deyə siyasətçi söyləyib.
 T.Əliyev diqqətə çatdırıb ki, 1994-cü ildə Budapeşt Memerandumuna görə, Ukraynanın nüvə silahlarından imtina etməsinin qarşılığında Amerika Birləşmiş Ştatları, İngiltərə və Rusiya Ukraynanın təhlükəsizliyinə, ərazi bütövlüyünə, suverenliyinə təminat verib: “İndi Rusiyanı başa düşdük, işğalçı bir dövlətdir. Amerika da həmin o imza atdığı müqavilənin bəndlərinə beynəlxalq hüquqa görə riayət etməlidir. Amerika Birləşmiş Ştatları dünyanın demokratik bir ölkəsi, “ədalətin beşiyi” kimi bir imici formalaşmışdı, amma Trampın yürütdüyü bir illik siyasətə görə, dünya ictimaiyyəti tərəfindən ABŞ-a olan inam ciddi sarsıldı. Bu baxımdan, mən hesab edirəm ki, Amerika Rusiya-Ukrayna müharibəsini dayandırmaq və sülhə nail olmaq istəyirsə, bu məsələdə Avropa dövlətləri ilə koordinasiya olunmuş bir siyasət yürütməlidir. Tramp dünyanın o başında oturub. O bilir ki, bu müharibənin yaxından uzaqdan ona heç bir təsiri yoxdur. Amma Avropa dövlətləri o əndişəni hiss edirlər. Çünki artıq fəlakət onların qapısını döyür. Bu baxımdan, necə ki Bayden dövründə Ukraynaya dəstək verirdilər, Amerika ilə Avropa koordinasiyalı, paralel bir siyasət yürüdürdülər, eyni siyasət davam etdirilməlidir. Əks halda, mən hər hansı bir sülhün və yaxud atəşkəsin baş tutmasına inanmıram. Özü də Ukrayna hərb qüvvələri deyirlər ki, əgər belə bir qərar olsa, biz müharibəni davam etdirəcəyik. Yəni Ukrayna rəhbərliyi ədalətsiz bir sülhə imza atacaqsa, Ukrayna hərbi qüvvələri ona tabe olmayacaq. Bunu açıq şəkildə bəyan ediblər. Bu da onu göstərir ki, bu müharibənin yaxın 1-2 ayda dayanması perspektivi çox aşağıdır”.
CAVİD