“Dolların bahalaşmasının Azərbaycana təsiri olacaq” - RƏYLƏR

2023-03-13 17:02:00

“Dolların bahalaşmasının Azərbaycana təsiri olacaq” - RƏYLƏR

Xəbər verdiyimiz kimi, Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini 0,25 faiz artıraraq faizləri 4,50 faizdən 4,75 faizə çatdırıb.

Həmçinin bu il uçot dərəcəsinin 6.0 faizədək yüksəldiləcəyi istisna edilmir. FED sədri Jerome Povel bunun inflyasiyanı cilovlamaq mülahizəsi ilə ediləcəyini açıqlayıb

FED-in qərarını bakupost.az -a şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli bu addımın dolların sərbəst dövriyyəsinə problem yaratdığını bildirib. Onun sözlərinə görə, dolların mənbəyi bahalaşır, faizi artır:

“Dollar son zamanlar əsas valyutalar - avro, funt-sterlinq və s. qarşısında ən çox dəyər qazanan valyutaya çevrilib. Amma dolların bundan sonrakı taleyi ilə bağlı FED-in növbəti toplantısına diqqət etmək lazımdır. Əgər orada likvidliyin azaldılması, faizlərin artırılması il bağlı işarələr verilərsə, bu ilin sonuna dollar ciddi dəyər qazana bilər”.

Ekspert qeyd edib ki, dolların dünyada bahalaşması Azərbaycanda məzənnə siyasətinə birbaşa təsir etmir:

"Bizdə Mərkəzi Bank məzənnəni inzibati qaydada müəyyən edir. Artıq 4 ilə yaxındır ki, ölkəmizdə sabit məzənnə rejimidir. Ona görə də dolların bahalaşması dollar-manat münasibətlərinə ciddi təsir göstərməyəcək. Lakin dünyada dolların bahalaşmasının bizə dolayı təsirləri olur. Bu təsir özünü xaricdən alınan məhsulların qiymətinin artmasında göstərə bilər. Dollar bahalaşdıqca, dünyada mal və xidmətlərin də bahalaşmasının şahidi oluruq. Azərbaycanın da idxaldan asılı olduğunu nəzərə almaq lazımdır".

İqtisadçı-alim, millət vəkili Vüqar Bayramov qeyd edib ki, hazırda qlobal valyuta bazarında volatillik müşahidə olunmaqdadır:

“Dolların qlobal bazarlarda möhkəmlənməsi regional valyutalara ən azı psixoloji baxımdan təsirsiz ötüşmür. Azərbaycan Mərkəzi Bankının ilin əvvəlində təşkil etdiyi hərraclarda dollara tələb aşağı idisə, artıq xarici valyuta alıcılarının sayı artmaqdadır. Mərkəzi Bank fevralın 28-də hərraclarda 42,7 milyon, martın 2-də 51,7 milyon, martın 7-də 44,8 milyon dollar satıb. Bütövlükdə, fevral ayında dollara tələbin yenidən yaranması müşahidə olunub. Aydındır ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda, Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği ilə əlaqəlidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxardığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alaq ki, xarici tərəfdaşlarımızda milli valyutaların məzənnələri əslində iqtisadi faktorlardan biridir. Azərbaycanda hələ ki üzən məzənnə rejiminə keçilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti aylarda da manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.175050