DİQQƏT: Taksi sürücüləri psixoloji müayinədən keçirilə bilər
Zaman-zaman mediada və sosial şəbəkələrdə taksi sürücülərinin sərnişinlərlə aqressiv və səbrsiz davranışı ilə bağlı yayılan görüntülər və şikayətlər cəmiyyətdə müzakirələrə səbəb olur. Bu cür halların qarşısının alınması üçün taksi sürücülərinin psixoloji müayinədən keçirilməsinin vacibliyi də gündəmə gəlir. Maraqlıdır, bu aqressiv davranışların qarşısını almaq üçün taksi sürücülərinin psixoloji müayinədən keçirilməsi nə dərəcədə zəruridir?
Mövzu ilə bağlı Konkret.Az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, problem yalnız taksi sürücüləri ilə məhdudlaşmır:
“Bu məsələ təkcə taksi sürücülərinə aid deyil. Ümumiyyətlə, bütün yol hərəkəti iştirakçıları son dövrlər tıxaclar və gərginlik səbəbindən daha əsəbi olurlar. Bu da insanların bir-birinə qarşı davranışında ümumi bir gərgin aura yaradır”.
Ekspertin sözlərinə görə, bəzən taksi sürücüləri sərnişinlərə qarşı xoş davranmasa da, bunun əks hallarına da tez-tez rast gəlinir:
“Bəzən sərnişinlər də taksi sürücülərinə qarşı xoş davranmırlar. Maşını çirkləndirirlər, qapını bərk çırpırlar. Əsasən bu iki nüans sürücülərə psixoloji təsir edir. Ona görə də bəzi avtomobillərdə “qapını asta örtün”, “maşını çirkləndirməyin” kimi xəbərdarlıqlara rast gəlirik”.
Yasin Mustafayev qeyd edib ki, bütün taksi sürücülərinin psixoloji müayinədən keçirilməsi və ya yalnız onların birtərəfli qaydada təlimə cəlb olunması düzgün yanaşma olmaz:
“Ola bilər ki, sürücülər arasında psixoloji problemləri olan şəxslər var. Amma bu, hamıya aid edilə bilməz. Məsələyə təkcə sürücülük prizmasından baxmaq doğru deyil”.
Ekspertin fikrincə, yol hərəkətində gərginliyin azaldılması üçün həm sürücülərin, həm də sərnişinlərin qarşılıqlı hörmət və anlayış göstərməsi əsas şərtlərdən biridir.
Aynurə İsmayıl

