DİQQƏT! Azərbaycanda “ov”, “yev” soyad sonluqlarından imtinaya ehtiyac varmı? - RƏSMİ AÇIQLAMA
Ölkəmizdə vətəndaşların hələ də bir çoxunun hələ də soyad sonluqları "ov", "yev" olaraq qalır. Bu barədə qanun mövcud olsa da soyad seçimi könüllüdür. Ümumiyyətlə familiyaların milliləşməsi istiqamətində hansı addımlar atılmalıdır? Azərbaycanda “ov”, “yev”- lərdən birdəfəlik necə uzaqlaşmaq mümkündür?
Bu və ya digər suallarla bağlı Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü Referans.Az saytına açıqlamasında bildirib ki, soyadlar valideynlərin öz övladlarına verdiyi hüquqi mənalı və hər ailənin ümumi adıdır. Familya şəxsin ailəsinin mənsub olduğu nəslin adını bildirir. Bu və ya digər ailəni başqalarından fərqləndirməyə kömək edir. Azərbaycan dilində soyadlar –lı,-li, -lu, -lü, zadə, gil, -ov,-yev, ova, -yeva şəkilçilərilə düzəlir.
Təranə Şükürlü onu da vurğulayıb ki, Azərbaycanda son dövrlərdə familiyalarını milliləşdirən şəxslər daha çox -lı, -li, -lu, -lü və - zadə soyad sonluqlarından istifadə ediblər. Soyad sonluqların dəyişdirilməsi məcburi deyil. Yeni doğulan körpələrə milli soyad sonluğu vermək məqsədəuyğun olar.
"Düşünürəm ki, “-ov”, “-yev” sonluğu ilə bitən soyadlardan imtina etməyə gərək yoxdur. Dil bunu illərdir qəbul edib, işlədib. Soyadların milliləşməsi daha çox maarifləndirmə ilə bağlı məsələdir",-deyə mütəxəssis əlavə edib.
Bünyamin Bünyadzadə