Dini tolerantlığın Azərbaycan nümunəsi

2021-09-14 10:20:00

Dini tolerantlığın Azərbaycan nümunəsi

Azərbaycan azsaylı ölkələrdəndir ki, burada yaşayan hər bir xalqın və dinin nümayəndəsinə eyni gözlə baxılır, heç kim dərisinin rənginə, mənsub olduğu milli kimliyə və dininə görə ayrı-seçkiliyə məruz qalmır

Bu gün Azərbaycanda dini və milli tolerantlıq, multikultural dəyərlər özünün ən pik səviyyəsindədir. Məhz bu səbəbdən də ölkəmizdə heç kim dini etiqadına, milli mənsubiyyətinə görə təqib olunmur. Əksinə, dövlət səviyyəsində bu istiqamətdə hamıya bərabər şərait yaradılıb. Məsələn, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsində açıq şəkildə göstərilib ki, hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var. Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Qanunun 5-ci maddəsində isə qeyd olunur ki, Azərbaycanda din və dini qurumlar dövlətdən ayrıdır. Odur ki, dövlət ona aid olan hər hansı işin yerinə yetirilməsini dini qurumlara tapşırmır və onların fəaliyyətinə qarışmır.

Azərbaycanda heç kim dininə, əqidəsinə və milli kimliyinə görə təzyiqlərə, ayrı-seçkiliyə məruz qalmır

Bundan başqa, Azərbaycan Respublikasının Konstitusiyasının 5-ci maddəsində deyilir ki, Azərbaycan xalqı vahiddir. Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir. 25-ci maddədə isə bildirilir ki, Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Konstitusiyanın 44-cü maddəsində isə qeyd olunur ki, hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. Buradan açıq şəkildə görünür ki, bu gün hər bir Azərbaycan vətəndaşı Konstitusiyanın, "Dini etiqad azadlığı haqqında” qanunun ona verdiyi imkanlardan istifadə edərək etiqad azadlığını tam yaşaya bilir. Çünki dövlətimiz vətəndaşların vicdan azadlığının qorunması ilə yanaşı, millətlərarası münasibətlərin inkişaf etdirilməsi üçün üzərinə düşən bütün vəzifələri lazımınca yerinə yetirir. Məhz bunun məntiqi nəticəsi olaraq ölkəmizdə dövlət-din münasibətləri müasir qanunvericilik səviyyəsində tənzimlənir, dini etiqad azadlığı tam qorunur, millətlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Bu səbəbdən də ölkə əhalisinin 90 faizdən çoxunu təşkil edən Azərbaycan türkləri ilə ləzgilər, talışlar, ruslar, avarlar, tatarlar, tatlar, ukraynalılar, saxurlar, gürcülər, yəhudilər, kürdlər, udinlər və digərləri arasında heç bir problem mövcud deyil. Yəni heç kim dininə, əqidəsinə və milli kimliyinə görə təzyiqlərə, ayrı-seçkiliyə məruz qalmır.

Tolerantlığın dövlət tərəfindən tətbiq edilən siyasi kurs kimi dəyərləndirilməsi

Ümumiyyətlə, tarixi mövqedən yanaşdıqda, tolerantlıq anlayışının əvvəllər daha çox qarşılıqlı münasibətlərdə ehtiva olunduğunu, indi isə xüsusi qanunlarla tənzimləndiyini, müxtəlif təşkilatlar və qurumlar tərəfindən qəbul olunan sənədlərdə vacib müddəa kimi öz əksini tapdığını görərik. Tolerantlıq hər hansı fərdə və ya qrupa məxsus yanaşmaların, inancların, fikirlərin və mövqelərin digər fərd və ya qrup tərəfindən qəbul edilməsidir. Bu anlayış ənənələri, irqi və ya etnik kökləri çoxluqdan fərqlənənlərə qarşı daha yumşaq münasibəti nümayiş etdirir. "Tolerant" termini ilk dəfə XV əsrdə yuxarı dairələrdən icazə almaq mənasında işlədilib. Antik dövrdə tolerantlığın ilkin elementləri özünü göstərirdi: işğaldan sonra əsarət altına alınmış hər hansı xalqın nümayəndələrinin azadlığa buraxılması və vətənlərinə qayıtmağa icazə verilməsi; işğal olunmuş ərazilərdə yaşayan xalqların öz tanrılarına ibadət etməyə imkan yaradılması və s. Orta əsrlərdə xüsusi qruplara münasibətdə tolerantlığın daha təkmil forması özünü göstərməyə başladı. Bu baxımdan “tolerantia” adlandırılan Latın konsepti “orta əsrlərin yüksək inkişaf etmiş siyasi və hüquqi konsepti” kimi önəmli nəzəriyyə hesab olunurdu. Sonralar ilahiyyatçılar fərqli dinlərə məxsus fikirlərin dilə gətirilməsinə icazə verilməsi məsələsini irəli sürdülər. Tolerantlığın dövlət tərəfindən tətbiq edilən siyasi kurs kimi dəyərləndirilməsi XVI əsrdən sonrakı dövrlərə təsadüf edir.

Dövlətimiz multikulturalizmin inkişafı istiqamətində aparılan siyasətə sadiq qalır

Heç kimə sirr deyil ki, müstəqil Azərbaycanda multikulturalizmin, dini və milli tolerantlığın banisi ümummilli lider Heydər Əliyevdir. Belə ki, məhz Heydər Əliyev etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının, cəmiyyətinin və dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. O 1993-cü ildə prezident seçildikdən sonra, oktyabrın 10-da andiçmə mərasimindəki nitqində bu haqda demişdir ki, Azərbaycan çoxmillətli respublikadır və bu, respublikanın səciyyəvi cəhətidir: "Bunun böyük tarixi var və bu tarixlə, respublikanın bu ictimai-siyasi mənzərəsi ilə biz fəxr edirik. Respublikamızda bütün vətəndaşlar dini və milli mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malikdirlər və bundan sonra da bütün vətəndaşların bərabər hüquqla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında iştirak etməsi üçün imkanlar yaradılacaqdır".

Onu da vurğulamaq lazımdır ki, ümummilli liderin geniş fəaliyyəti nəticəsində respublikada din və etiqad azadlığı tam təmin edilmiş, millimənəvi dəyərlərə münasibət kökündən dəyişmiş, dini ayin və mərasimləri yerinə yetirmək üçün bütün dinlərə mənsub olan insanlara bərabər şərait yaradılmışdır. Multikulturalizm və tolerantlıq siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edən Heydər Əliyev Azərbaycan ərazisində yaşayan milli azlıqların etnik-mədəni və dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insan hüquq və azadlıqları kontekstində görürdü. Heydər Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə milli azlıqlar və dini məzhəblər arasında zəruri olan tolerantlıq və multikultural dəyərlərlə bağlı fikirlərini bildirmiş, xüsusən indiki qloballaşma dövründə dinlərarası, mədəniyyətlərarası dialoqa həmişə üstünlük vermişdir. Sözsüz ki, Prezident İlham Əliyevin fərmanı ilə 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi Azərbaycanda multikulturalizmin inkişafına mühüm töhfə verib. Bu, həm də dövlətimizin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan multikulturalizmin inkişafı istiqamətində aparılan siyasətə sadiq qalmasının bariz nümunəsidir.

İslam dini hər növ ayrıseçkiliyi rədd edir

Prezident İlham Əliyev çıxışlarının birində "Biz hesab edirik ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Multikulturalizimin alternativi yalnız ayrı-seçkilik, irqçilik, ksenofobiya, islamafobiya və antisemitizm ola bilər", deyə qeyd etmişdir. Məhz elə bu səbəbdən də bu gün Azərbaycanda yaşayan hər bir xalqın və dinin nümayəndəsinə eyni gözlə baxılır, heç kim dərisinin rənginə, mənsub olduğu milli kimliyə və dininə görə ayrı-seçkiliyə məruz qalmır. Yəni, bizlər heç kimi digərindən üstün və əskik saymır, birinin haqqının başqasına verilməsinin tərəfdarı deyilik. Çünki bizlər Allah-Təalanın dərgahında bərabərhüquqluyuq. Unutmaq lazım deyil ki, İslam dini hər növ ayrı-seçkiliyi rədd edir. O, insanlar arasında ayrıseçkilik kimi dəstəklənən irq, rəng, kök, dil və sairinin qarşısında məntiqlə çıxış edərək deyir ki, bəşər öz mənşəyini bir kişi və qadından götürmüş, sadalananların heç biri birinin kimsə üzərində imtiyaz və üstünlüyünə dəlalət etmir. Müsəlmanların, daha dəqiq desək, İslam dininin və əsl mömin insanların bütün irqlərə, eləcə də müxtəlif dilli xalqlara necə münasibət bəslədiyini Həzrəti Əlinin (ə) Malik Əştərə "Agah ol, ey Malik! Millətə qarşı öz ürəyində mərhəmətə yer ver. Onlara qarşı məhəbbətli ol. Heç vaxt vəhşi heyvanlara oxşayaraq, insanların malını və canını məhv etmə. Onlar ya sənin din qardaşlarındır, ya da sənin kimi insandırlar"» deyə yazdığı məşhur məktubunda da görmək mümkündür. Bax, budur İslam, budur dini və milli tolerantlıq.

Dünyanın heç bir ölkəsi tolerantlıq baxımından Azərbaycanla rəqabətə girə bilməz

Diqqət yetirsəniz görərsiniz ki, son zamanlar Yer üzündəki müsəlmanlar arasında ciddi şəkildə ayrı-seçkilik, təriqətlər arasında ixtilaf, hətta gərgin mübarizə və savaş da müşahidə olunur. Allaha şükürlər olsun ki, bizim məmləkətimizdə bu sahədə hər şey öz qaydasındadır. Yəni heç kim heç kimin dininə, əqidəsinə, təriqətinə müdaxilə etmir. Kim Allaha hansı formada istəyirsə o cür də sitayiş edir. Bu gün əksər müsəlman ölkələrində müşahidə olunan mənzərəni göz önünə gətirdikdə, Azərbaycandakı tolerant mühitə sevinməyə dəyər. Bu, başda ölkə rəhbərliyi olmaqla, hər bir azərbaycanlının uğurudur. Çünki bizlər Azərbaycanı özünə Vətən bilən, dövlətin qanunlarına əməl edən, hamı kimi onun mənafeyi uğrunda çalışan hər bir dinin, millətin və irqin nümayəndəsinə qucaq açmağı bacaran xalqıq. Bu, bizi digərlərindən fərqləndirən əsas üstünlüklərdən biri kimi dəyərləndirilməlidir. Bəli, məhz bu xüsusiyyətimizə görə, dünyanın heç bir ölkəsi tolerantlıq baxımından Azərbaycanla rəqabətə girə bilməz. Çünki ölkəmizdə bütün dinlərin və millətlərin nümayəndələrinə eyni gözlə baxılır, hər kəsə yetərincə şərait yaradılıb. Ölkə əhalisinin böyük əksəriyyəti müsəlman olsa da, heç bir xristiana, eləcə də yəhudiyə "gözün üstə qaşın var" deyən yoxdur. Çünki biz müsəlmanlar üçün kitab əhlinə zülm etmək, onların haqqını tapdamaq günah sayılır.

Vazeh MEHDİYEV