Saat:18:43
Haqqımızda

DİN borclu olmadığını bildirsə də, avtomobilini cərimə meydançasından çıxara bilmir – Bakı sakini rəsmi qurumlardan ŞİKAYƏTÇİDİR

2024-03-28 11:51:17

DİN borclu olmadığını bildirsə də, avtomobilini cərimə meydançasından çıxara bilmir – Bakı sakini rəsmi qurumlardan ŞİKAYƏTÇİDİR

Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov 76 b, m 8 ünvanında yaşayan Qələbəyeva Könül Nəcəf qızı tərəfindən “Hürriyyet” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, DYP tərəfindən həyat yoldaşı barəsində inzibati “tenbeh etmə” qərarı verilib.

“Mən, Qələbəyeva Könül Nəcəf qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Qeyd edim ki, həyat yoldaşım Qarabağ əlilidir, 1994-cü ildə ağ ciyərinə güllə dəydiyindən, bir hissəsi kəsilib götürülüb.

Məlumat üçün bildirim ki, mənə məxsus avtomobil texniki baxışdan keçmədiyinə görə 2023-cü il, fevral ayının 5-də Saray postunda saxlanılıb. Həmin vaxta qədər bir dəfə də olsun, xəbərdarlıq edilməyib. Yəni “Mersedes Vito” markalı avtomobil 2016-cı ildən bəri, 7 il müddətində heç bir postda və DYP əməkdaşı tərəfindən saxlanılmamışdır.

Bu maşın 7 il sığorta və texniki baxışdan keçirilmədən idarə olunub. Fikirləşmişik ki, dövlətimiz sağ olsun, əlillər üçün şərait yaradıb.

7 ildən sonra deyirlər ki, indiyə qədər texniki baxış və sığorta üçün ödəmədiyiniz pullar yığılıb, 2500 manat olub. Bu, bizə yaxşılıq deyil, vaxtında bilsəydik, heç bu qədər borcumuz olmazdı.

Tək pensiya ilə dolanan adamıq. 2500 manat borc məsələsini eşidəndən Prezidentin rəsmi səhifəsindən tutmuş, bir çox aidiyyəti orqanlara müraciət etmişik. Lakin heç bir təsirini görmədim. Sadəcə, müraciətlərimdən sonra iş DİN-ə yönləndirilib, amma bizə məlumat verən yoxdur, özümüz araşdırıb məlumat toplayırıq”.

Şikayətçi deyir ki, DİN-dən həyat yoldaşına verilən açıqlamada 2500 manat borcun ləğv olunduğu bildirilsə də, avtomobili cərimə meydançasından çıxara bilmirlər: “DİN-ə zəng edirəm, xanım əməkdaş deyir ki, sizin protokollar ləğv olunub, işin icraatına da xitam verilib. Bilmirəm, hansı qurum mənə doğru məlumat verir. Operator xanımın səs yazısı da var. Deyirəm ki, gəlim sənədi götürüm, gedim maşını çıxarım. Mənə bildirirlər ki, xeyr, DYP ilə əlaqə saxlayın, onlar nə desə odur. Çarəsiz vəziyyətdə qalmışıq.

DYP-yə zəng vururam, oardan da bildirilir ki, sizin protokollar ləğv edilib və işin icratına xitam verilib. Bu haqda səs yazısı da var. Əlacsız qalıb bu səs yazılarını da saxlayıram ki, nələrisə sübut edə bilim. Amma bir ildir məsələ ilə bağlı bizə heç bir orqan sənəd vermir, sanki cinayət işləmişik. Maşın isə cərimə meydançasında günü-gündən dəyərini itirir.

DİN məktublara cavab vermir, müraciətlərimiz cavabsız qalıb. 80 manat ödənişə görə bizi məhkəməyə veriblər ki, get ödənişi et, maşını götür. Sual verirəm ki, bəs qalan cərimələr necə olacaq? Deyirlər ki, o haqda məlumatımız yoxdur. Belə çıxır ki, 80 manat ödəyim, sürücülük vəsiqəsini alım, sonrası nə olur-olsun. Bu hal necə qanuni sayıla bilər ki, 7 ildə bir dəfə də maşın cərimə meydançasına getməyib?! Müharibə əlillərinə qoyulan hörmət budur?

Mən artıq dərəcədə xahiş edirəm bu cərimə silinsin, onu ödəməyə imkanımız yoxdur. Səlahiyyətli qurumlardan xahiş edirəm, heç olmasa mətbuat vasitəsilə mənə cavab versinlər”.

Məsələ ilə bağlı Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı ilə həmsöhbət olduq. O bildirdi ki, vətəndaşa cərimənin yazılmasında heç bir qeyri-qanuni hərəkət yoxdur: “Belə çıxır ki, vətəndaş 7 ildə bir dəfə də olsun maşının sığortası, texniki baxışı ilə maraqlanmayıb. Sürücülər üçün dövlət tərəfindən bir çox proqramlar yaradılıb ki, insanlar rahat cərimələrinə baxa bilsinlər. Ola bilər ki, vətəndaş əlaqə nömrəsini və yaxud ünvanını dəyişib deyə, borcunun olduğu haqda ünvanına xəbərdarlıq getməyib. Bilirsiz, bir çox sakinlər lazımsız verilişləri, lazımsız saytları izləyirlər, amma özlərinə lazım olan proqramlarda heç qeydiyyatdan belə keçmirlər. Hər bir sürücü bilməlidir ki, maşını varsa rüsüm və cəriməni ödəməlidir”.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR