Saat:14:03
Haqqımızda

DİL, FİKİR VƏ ƏMƏL BİRLİYİ! - Yaxud Ortaq Türk Dilini necə yaratmalıyıq...

2025-11-17 12:06:21

DİL, FİKİR VƏ ƏMƏL BİRLİYİ! - Yaxud Ortaq Türk Dilini necə yaratmalıyıq...

Aydınlarımız artıq ikinci yüzillikdir ki, yadellilərin Qaba və Yumşaq güclərinin əsarətində əzilən, assimilə olunan, parçalanmış, təriqətlərə bölünməklə içdən biri-birinə düşmən edilmiş, cəhalətlə geriliyə gömülmüş, öz kökündən uzaqlaşmaqda olan, pərakəndə, əlaqəsiz yaşayan Türklərin öz varlıqlarını qoruması, gücə çevrilməsi, inkişaf etməsi üçün birlik xəyallarını qurmuş, buna tarixi düşüncə kimi oluşacaq Turan Dövləti demişlər.

Bu düşüncənin reallaşması çətin olsa da, gərəkli olduğunu da bilirik. Türk Birliyinin gərəkliliyini son iki yüzildə ilk dəfə dövlət başçısı səviyyəsində Azərbaycan Prezidenti İlham Əliyev 6 iyun 2024-cü il tarixində Milli Məclisdəki çıxışında deyib: “Açıq demək istəyirəm, yəqin ki, aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır. Çünki bu, bizim ailəmizdir, bizim  başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır, bundan güclü birlik ola bilərmi, əlbəttə ki, yox”.

Dövlət başçısının göstərdiyi bu hədəf fikir böyüklərimizin arzuladığı, uğrunda bizim də çalışdığımız Turan-Türk Dövlətlər Birliyi olacaqdır. Təbii ki, bu dövlətlər birliyinin öz ümumi dili olmalıdır. Bu dil aşağıdakı qaydada yaradılmalı olan Ortaq Türk Dili ola bilər.

Sayın professor Nəsib Nəsiblinin təşkilatçılığı ilə, 13.05.2024-cü il tarixdə oluşan “İkinci türkçülük çalışmalarında” araşdırılan “Dil məsələlərimiz” konusunda (mövzusunda) ümum Türk dilinin yaradılmasının gərəkliliyi vurğulandı. Konfrans iştirakçılarından biri, akademik Nizami Cəfərov mövzu barədə çıxış edərək, təqribən belə bir fikir dedi: “Hər bir türk xalqı öz dilində danışacaq, heç biri öz dilini dəyişməyəcək”. Adam dolayısıyla demək istədi ki, Ortaq Türk Dilinin yaradılması mümkün deyil...

Elə bil biz demişdik ki, türk xalqları öz dillərində yox, yalnız Ortaq Türk Dilində danışacaq. Axı, belə şey olmayıb, heç olması da mümkün deyil, çünki bu, dilin formalaşma reallıqlarına zidd olardı.  Biz, Turan xəyalını gerçəkləşdirmək istəyənlər elə varsal (zəngin) bir Ortaq Türk Dili yaratmaq istəyirik ki, o dildə bütün türklərin sözü olmaqla, işlək hala salınsın və gələcək nəsillərimiz də bu ortaq dili öyrənib rahat danışa bilsinlər.

N.Cəfərov fikrini dedi və getdi. Görünür, işi vardı deyə konfransın axırına qalmadı. Baxmayaraq, mövzu Türk xalqlarının dil birliyinin qurulması kimi daha vacib, taleyüklü, gərəkli məsələydi. Məncə, sayıb gəldiyin toplantıdan gedirsənsə, “Mənə kimin sualı var” deyib, veriləcək sualları yanıtlayıb-cavablandırıb getməli idi. Bunsuz getmək etik deyil. Onun kimi bir neçə titullu da eyni qaydada getdi, əsl fikir adamları qaldı.

Düzü, onun mövqeyi ilə bağlı cavabım içimdə qaldı, sormağa özünü tapmadım. Sonrakı iki toplantımıza da gəlmədi deyə mən də indi dilə gəlməli oldum. Çünki bu, aydınlaşdırılması gərəkən məsələdir.

Eşitdiyimə görə, Nizami Cəfərovu Türk Dünyası Ortaq Əlifba Komissiyasına üzv ediblər. Gözəl, adam ən titullu dilçidir. Ancaq o, bizə dediyi məntiqlə “mən uğuruna inanmadığım bir işin qulpundan yapışa bilmərəm” deyib, özü üzvliyinə etiraz etməli  idi. Qəribədir ki, etməyib. İndi belə çıxır ki, üzvü olduğu Komissiya Ümumtürk əlifbasının, gələcəkdə isə onun məntiqi davamı olaraq Ümumtürk dilinin yaradılması yönündə, Nizami müəllim isə,  indilikdə Ümumtürk əlifbasının yaradılması, gələcəkdə isə Ümumtürk dilinin yaradılmasının mümkün olmaması yönündə çalışacaq... Ancaq bu necə olacaq, bilmirəm. Bəlkə də Nizami müəllim fikrini başqa cür demək istəyib, yaxud mən onu yanlış anlamışam, ancaq yaranacaq bu cür sualları özü yanıtlamalı-cavablandırmalı idi. Özü də ki, qalmadı getdi...

Araşdıranda gördüm ki, Nizami Cəfərov yoldaş  12.09.2024-cü il tarixində “525-ci” qəzetə müsahibəsində Ortaq Türk əlifbasının yaradılması ilə bağlı deyir: “Burada söhbət ortaq türk dili yaratmaqdan getmir.”(?!). Mən də soruşuram, əgər məqsəd hamı üçün anlaşıqlı Ümumtürk dilinin yaradılması deyilsə, onda dildə ifadə olunmayacaq ortaq əlifba yaratmaq kimə və nəyə gərəkdir, dilsiz əlifba necə səslənəcək, yalnız ortaq, dilsiz əlifba (?!) işimizə yarayacaqmı? Biz ümumi dilsiz fikrimizi bölüşə, inteqrasiya edə biləcəyikmi? Əlbəttə ki, yox. Onda bəs Türk Dövlətlər Təşkilatının yaradılmasının məqsədi, hədəfi, sonucu nədir, bu liderlər vaxtaşırı yığışmaqla nə etmək istəyirlər? Türk Dövlətlər Birliyinin ümumi dili olmayacaqsa, üzvləri, xalqları necə danışacaq, necə anlaşacaq, necə birlik yaradacaqlar? Yenə də düşüncə əsarətində (yumşaq gücün altında) olduqları rus işğal dilində danışacaqlar? Axı, hörmətli akademikin “Burada söhbət ortaq türk dili yaratmaqdan getmir” fikri, mövqeyi bu cür sadə suallara nəinki məntiqli cavab vermir, əksinə, bu yöndəki çalışmalara qarşıdır. Mən çox istərdim ki, N.Cəfərov bu məsələlərə aydınlıq gətirsin, biz də bu intizardan qurtulaq.

Yeri gəlmişkən, Türk Dünyası Ortaq Əlifba Komissiyasının, habelə hörmətli akademikin və onun kimi düşünənlərin nəzərinə İkinci Türkçülük Çalışmalarında (dil məsələlərimiz) verdiyim təklifi də sunuram:

“Dil milli birliyin birinci şərtidir.

Azərbaycan Dövlətinin dövlət dili “Azərbaycan Milli Şurasının Azərbaycanın dövlət müstəqilliyi haqqında” 1918-ci il 28 may tarixli Bəyənnaməsində, Azərbaycan Demokratik Respublikasının Müvəqqəti Hökuməti tərəfindən türk dilinin dövlət dili olaraq qəbul olunması haqqında 27 iyun 1918-ci tarixli qərarında, “Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyənnamə barəsində Azərbaycan Respublikasının Ali Sovetinin 30 avqust 1991-ci il tarixli Qərarında, “Azərbaycan Respublikasınnın dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr 1991-ci il tarixli Konstitusiya Aktında, 22 dekabr 1992-ci il tqrixli, 413 saylı “Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu”da əks olunan prinsiplərə, əsaslara uyğun, ölkədə çoxluq təşkil edən, ölkə ərazisinin çoxu onun milli ərazisi olan və bu arealda tarixən faktiki ortaq ünsiyyət vasitəsi olaraq mövcud olan Türk millətinin dili – Türk dili olmalıdır.

Əgər ölkə ərazisi, ölkədə yaşayan və ölkə ərazisi tərkibində onun milli əraziləri olan millətlərin birləşməsindən yaradılmışdırsa, onda bu millətlərin dilləri onların hamısının say çoxluğu sırası ilə I, II və sairə dövlət dili statusu daşıya bilərdi... lakin, bu hal Azərbaycan Respublikasına aid edilə bilməz, çünki  Azərbaycan Respublikasının ərazisi Türk milli ərazisində, Türk millətinin iradəsini əks etdirən yuxarıda sadalanan sənədlərdə oluşdurulmuş, sonradan bərpa edilmiş, indi də eynən adlandırılmalıdır.

Əvvəldə də deyildiyi kimi, dil milli birliyin birinci şərtidir. Başqa sözlə, dil, fikir və əməl birliyi olmadan hər hansı birlik qurulmaz. Dil birliyini təmin etmənin reallıqdan irəli gələn faktiki və elmi əsasları vardır. Dil birliyini həm də mümkün qədər əhatəli, mənalı, məntiqli ədəbi dili formalaşdırmaq üçün həvəskar və  özfəaliyyət qaydası yetərli deyil. Ona görə də bu yöndə:

1. Xüsusi Dövlət Proqramı  qəbul edilməli;

2. Xüsusi Dövlət Proqramını  oluşduran peşəkar dilçilərdən, habelə həvəskarlardan Dövlət Türk  Dil Komissiyasının İşçi Qrupu yaradılmalıdır.

3. Dövlət Türk  Dil Komissiyasının İşçi Qrupunun  işini təşkil etmək üçün Dövlət Büdcəsindən gərəkən miqdarda pul ayrılmalıdır.

4. DTDKİQ üzvləri hazırda  mövcud olan söz ehtiyatlarımızdan Türk Dil Bankımızı yaratmalıdır.

5. Türk Dil Bankımızı daha da zənginləşdirmək üçün yurdumuzun bütün bölgələrində, o cümlədən respublika ərazisindən kənarda bütün, o cümlədən arxaik və dialekt söz nümunələrini toplamaq üçün Dövlət  Türk Dil Komissiyasının İşçi Qrupu üzvləri, bölgələrin sayı qədər  yarımqruplara bölünərək, yerlərdə çalışmaqla görəvləndirilməlidir. İşçi qrupunun işini asanlaşdırmaq, ona yardım edilməsi üçün  Azərbaycan xalqına  və soydaşlarımıza müraciət edilməli, onların təqdim etdikləri söz nümunələri də qeydə alınmalıdır.

6. Söz ehtiyatlarımızın toplanmasını bitmiş saydıqdan sonra   Dövlət Türk  Dil Komissiyasının İşçi Qrupu  birgə qərar verməklə yeni, zənginləşmiş Azərbaycan Türk Dil Bankımızın yaradıldığını elan etməlidir.

7. Dövlət Türk  Dil Komissiyasının İşçi Qrupu eyni işin respublikamızdan kənar bütün Türk boylarında təşkil edilməsi üçün bütün  Türk boylarına, onların dövlətlərinə, yerli inzibati və kompakt yaşam vahidlərinə  müraciət etməlidir.

8. Yalnız, bütün Türk boylarından toplanan söz ehtiyatlarımızın toplanmasını bitmiş və incələnmiş saydıqdan sonra, Türk Boylarının Dövlət Dil Komissiyalarının İşçi Qrupu birgə qərar verməklə yeni, bütün Türk boylarının söz ehtiyatlarını ehtiva  edəcək, yaradılacaq Turan Dövlətinin dövlət dili funksyasını yerinə yetirə biləcək, daha dolğun, zənginləşmiş  ümumtürk - Türk Dil Bankımızın yaradıldığını elan etməlidir.

9. Türk Dil Bankı əsasında Türk millətinin vahid tədris, təlim, tərbiyə işlərinə başlanılması üçün dərsliklər çap edilməli, mətbuat, informasiya vasitələri, dövlət dili bu əsasa keçməlidir. Bu işi Türk dövlətləri birlikdə maliyyələşdirilməlidir.

10. Turan Dövlətinin ədəbi dövlət dilinin formalaşdırılması üçün, Türk Dil Bankından istifadə etməklə bütün Türk boylarında və  birliklərində dövlət büdcəsindən maliyyələşdirilən orta, orta ixtisas və ali məktəblərdə, kollektivlərdə tədris, təlim, tərbiyə işlərinə başlanılmalıdır.      

11. Bu barədə Bildiriş, Birinci Türkçülük Çalışmaları  iştirakçılarının adından, bütün Türk dövlətlərinin başçılarına, parlamentlərinə, hökumətlərinə, Türk dövlətlərinin parlament  və digər koordinasiya qurumlarına, bilimlər akademiyalarına, Türk boylarının yerli inzibati və kompakt yaşam vahidlərinə, Türk Dövlətləri Təşkilatına göndərilməli və onların Ümumtürk Dil Hərakatında  fəal iştirakı istənilməlidir.

12. Təşkilati işlər, Birinci Türkçülük Çalışmaları iştirakçıları sırasından seçiləcək Təşkilat Qrupuna tapşırılmalıdır.

Bu təklif İkinci Türkçülük Çalışmaları toplantısında səsləndirilmiş, «İkinci Türkçülük Çalışmaları: Dil məsələlərimiz” toplusunda çap edilmişdir.(Salman Mümtaz yayınevi,səh.263,2024-ci il.), Hürriyyət qəzetinin 22.10.2024-ci il sayında, saytında, “Türkistanqəzetinin 29.10.2024-ci il sayında,saytında, Gündemxeber.az saytında 21.10.2024-ci il, Tezadlar.az saytında 21.10.2024-ci il tarixdə yayımlanmışdır.

Zənnimizcə, iş bu cür görülməlidir, bunsuz  türk dövlətlərinin, türk xalqlarının iş birliyi alınmaz. Biz sovetlərin 20 yerə böldüyü Ortaq Türk Dilini daha təkmil qaydada bərpa etməliyik. Əgər biz Ümumtürk dilini dediyimiz qaydada formalaşdıra bilsək, Türk dilimiz gələcəkdə dünyanın ən varsal (zəngin) dillərindən biri olacaqdır.

Məmmədxan ƏZİZXANLI

Keçmiş prokuror