Saat:16:47
Haqqımızda

DƏYİŞƏN HEÇ NƏ OLMADI, SADƏCƏ ƏL DƏYİŞDİ – Vüqar Məmmədov MEDİA-nın fəaliyyəti haqda

2021-07-26 22:23:00

DƏYİŞƏN HEÇ NƏ OLMADI, SADƏCƏ ƏL DƏYİŞDİ – Vüqar Məmmədov MEDİA-nın fəaliyyəti haqda

Dünən Bakı Bulvarında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) açıq havada tədbir keçirdi. Milli Mətbuatın 146 illiyinə həsr olunan tədbir saat 19:00-da başladı, bir neçə nəfərin mətbuat nümayəndələrini təbrik etməsi və qısa film nümayişi ilə öz işini bitmiş hesab etdi.

Əslində, burada qeyri-adi bir şey yoxdur. Amma...

...İyul ayının axırı, havaların həddindən artıq isti keçdiyi vaxtda 100 nəfərdən artıq mətbuat işçisini Bulvara toplayaraq, açıq havada belə bir tədbir keçirmək kimə lazım idi?! Məgər cəmi üç nəfərin təbrikini eşitmək üçün bu qədər xərc çəkməyə, insanların vaxtını almağa dəyərdi? Əgər kimlərsə bunu vacib hesab edirdisə, onda bizlər KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərlini niyə qınayırdıq, cənablar? Axı, o da eynisini edirdi, sadəcə fərq onda idi ki, V.Səfərli tədbiri restoranlarda, indikilər  isə açıq havada edir.

Vüqar Səfərli KİVDF (İndiki MEDİA) rəhbərliyindən uzaqlaşdırılandan sonra, hamılıqla düşündük ki, ola bilsin, yeni komanda bizləri yaxşı mənada təəccübləndirəcək. Hesab edirdik ki, bunlar ən azından gənc, enerjili, həm də kreativ düşüncəlidirlər. Üstəgəl, mətbuat kimi bir “bataqlıq”dan çıxmayıblar, yəni ləkəli deyillər. Ona görə də problemlərimizin hamısı olmasa da, əksəriyyətinin həll olunmasında yardımçı olacaqlarını düşünürdük.

İndi baxaq görək, KİVDF-nin rəhbərliyi dəyişməklə qurumun fəaliyyətində nə kimi yeniliklər oldu? Birincisi, qurumun ofisi dəyişdi. İkincisi, qəzetlərin dövriyyəsinin azaldılması üçün yardımlar kəsildi. Üçüncüsü, yenə də köhnə qaydada oliqarxların himayə etdiyi saytlara maliyyə yardımı ayrıldı və s. Bu idimi yenilik?

Əlbəttə, bu fikirlərimə görə MEDİA rəhbərliyinin məndən inciyəcəyini bilirəm. Çünki həqiqət acı olur. Amma mən bundan narahat deyiləm, onsuz da Vüqar Səfərlinin vaxtında da məhz həqiqətləri  dediyimə görə onun hədəfinə çevrilmişdim. İndi də Əhməd bəyin hədəfinə tuş gəlsəm belə, yuxarıda qeyd etdiyim kimi, bu, məni o qədər də narahat etməyəcək. Çünki mən artıq buna alışmışam.

Bu yazımdan sonra kimlərsə düşünə bilər ki, mən belə tədbirlərin keçirilməsinin əleyhinəyəm. Əsla belə deyil. Hər şey “cibinə bağlıdır”. Cibin doludursa, niyə də keçirməyəsən?! Mən onun əleyhinəyəm ki, bir tərəfdən qəzetlərə ayrılan yardım maliyyə sıxıntısı adı altında azaldılır, digər tərəfdən əhəmiyyətsiz tədbirlərə kifayət qədər vəsait xərclənir. Bu zaman isə ortaya haqlı sual çıxır: vəsait yoxdursa, tədbiri nəyin hesabına keçirirsən? Vardırsa, niyə yardımı kəsərək qəzetləri zor durumda buraxırsan? Bax, bu kimi anlaşılmayan suallar çoxdur, cənablar!

Ölkə mətbuatının batırılması və yaxud tamamilə sıradan çıxarılması ölkəmizin beynəlxaq arenada imicinə ciddi ziyan vura bilərdi. Həmçinin, başsız qalan mətbuat xaricdən gələn emissarların əlinə keçə bilərdi. Ölkə başçısı məhz bunları öncədən görərək, mətbuata dəstək fondu yaratmaq üçün hərəkətə keçdi. Amma təəssüflər olsun ki, bu fond ölü doğuldu. Prezidentin keçmiş köməkçisi Əli Həsənovun rəhbərliyi altında yaranan “çətə” KİVDF-nin fəaliyyətinə nəzarəti tam ələ alaraq, istədikləri kimi “at oynatdılar”. Əlbəttə, o at bir gün onları yerə çırpmalı idi və çırpdı da. İndi anlaşılan odur ki, yeni əlilər, yeni vüqarlar peyda olmaq istəyirlər. Lakin bu adamlara tövsiyyə edərdik ki, “dəli ata” minib çapmağa qalxmayın, cənablar! O at sizi də əlilər, vüqarlar kimi yerə çırpacaq. Sonrakı peşmançılıq isə fayda verməz.

Vüqar MƏMMƏDOV,

“Hürriyyət” qəzetinin Baş redaktoru

P.S. Hörmətli Əhməd bəy, siz dünən hamıya “tədbirimizdən razı qaldınızmı” deyə sual ünvanladınız və cavabında bir ağızdan “razıyıq” cavabını aldınız. Onlara inanmayın, Əhməd bəy! Bir çoxları üzlərini çevirən kimi “Bu istidə nə tədbir” deyə gileylənərək, sizləri məzəmmət etdilər. Məndən sizə bir tövsiyyə, əgər yaddaşlarda yaxşı bir rəhbər kimi qalmaq istəyirsinizsə, mətbuatın inkşafına gerçəkdən dəstək verin. ƏKSİ vüqar səfərli kimi olar.

O ki qaldı yazının başlığına, bəli, görünən odur ki, hələ dəyişən mətbuatımıza münasibət yox, sadəcə “əl”dir...

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR