“Deyirlər müharibə başlayacaq, Azərbaycan Ermənistana hücum edəcək...”

“Ermənilərin guya Azərbaycanın Ermənistanla müharibəyə başlayacağı ilə bağlı isterikasının özünəməxsus izahı var”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Oqtay Qasımov erməni mətbuatı tərəfindən Azərbaycanın guya Ermənistana hücum edəcəyi ilə bağlı yaydığı xəbərlərə münasibət bildirərkən deyib.
Qeyd edək ki, analoji bəyanatlar artıq son 3-4 gündə daha intensiv xarakter alıb və rəsmi İrəvan Azərbaycanı Ermənistana hücuma hazırlaşmaqda ittiham edir.
Öz növbəsində, O. Qasımov əlavə edib ki, təxminən ay yarımdır ki, Ermənistan Azərbaycana qarşı ciddi şəkildə beynəlxalq bir kampaniya aparır, habelə Qarabağda yaşayan ermənilərin hüquqlarının pozulması, etnik təmizləmə, soyqırımı və s. bu kimi absurd iddialarla ittiham etməyə çalışır:
“Hətta məsələ BMT Təhlükəsizlik Şurasının müzakirəsinə qədər qaldırıldı. Təbii ki, Ermənistan burada tək deyildi, o cümlədən Fransa və İrəvanın digər havadarları onu bu prosesə təşviq etdilər. Burada bəlli qüvvələrin bəlli maraqları var”.
“O ki qaldı “humanitar böhran” adı ilə sərhəddə yaranan tamaşaya, bu, eyni zamanda sərhəddəki təxribatlara da rəvac verdi. Belə ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında istədiyini ala bilməyəndən sonra Fransa ilə bir yerdə planlarını dəyişdi və sərhəddə təxribatlar törətməklə məsələni yenidən beynəlxalq gündəmə çıxarmağa çalışdı. Bundan bir neçə gün öncə Kəlbəcər istiqamətində ciddi bir təxribat baş verdi və 4 erməni hərbçisi məhv edildi, biri isə ağır yaralandı. Azərbaycan bu təxribatlara adekvat və sərt cavablar verdiyinə görə, erməni cəmiyyətində yenidən müəyyən panikalar var. Digər tərəfdən, daxili-siyasi proseslər üçün belə ideyalar ortaya atılır”, - müsahibimiz söyləyib.
Analitikə görə, əlbəttə ki, ağlı başında olan, normal məntiqli olan heç kəs bu iddiada ola bilməz ki, Azərbaycan Ermənistana hücum edəcək:
“Azərbaycanın Ermənistana qarşı hər hansı bir ərazi iddiasının olmaması ilə bağlı rəsmi səviyyədə açıqlamalar var. Bu, dəfələrlə Azərbaycanın rəsmi qurumları, o cümlədən Prezident səviyyəsində səsləndirilib. Eyni zamanda rəsmi Bakı sülh müqaviləsinin imzalanması ilə bağlı İrəvana 5 baza prinsipini təklif edib ki, bunun da əsasında ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması və gələcəkdə belə bir iddiaların irəli sürülməməsidir”.
“Ona görə də erməni tərəfindən ortaya atılan bu iddialar əsassız və absurddur. Sadəcə olaraq, Ermənistanda daxili-siyasi vəziyyət gərginləşdiyi üçün həm Paşinyanın cinahı, həm də digər cinahlar məhz bu cür məsələlərdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Xatırladım ki, Ermənistanın daxilində Azərbaycanla sülh prosesi üzrə danışıqların faktiki dayandırılması və Paşinyan hakimiyyətinin təxribatçı açıqlamaları və fəaliyyətləri, əlbəttə ki, vəziyyəti gərginləşdirir, danışıqlar prosesi faktiki dondurulub. Bunu irəli aparmaq üçün də xeyli enerji sərf olunacaq və necə olacağı, açıqcası, hələlik bəlli deyir”, – analitik bəyan edib.
Siyasi təhlilçi xatırladıb ki, bu ay İrəvanda mer seçkiləri keçiriləcək və hazırda Ermənistandakı siyasi qüvvələr bu post uğrunda ciddi mübarizə aparırlar:
“Paşinyanın müxalifləri olan digər qüvvələr isə hazırkı “Vətəndaş müqaviləsi” iqtidarına qarşı kəskin fikirlər söyləyirlər. Daxildəki siyasi gərginlik yüksək həddə çatdığı üçün məhz müharibə və hücum kimi cəfəng fikirlərdən istifadə etməyə çalışırlar. Sərhədlərimizdə təxribatları yaratmaqda məqsəd ondan ibarətdir ki, erməni cəmiyyətinin diqqətini digər proseslərdən yayındırsınlar və xarici düşmən obrazı yaradaraq diqqəti ona istiqamətləndirsinlər.
Bizim əsas gündəm məsələlərimiz Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası və bölgədəki erməni hərbçilərinin qalıqlarının ərazimizdən çıxarılmasıdır. Bizim Ermənistan ərazisində hansısa marağımız yoxdur. Bu baxımdan, Ermənistan tərəfindən Azərbaycanın hücum edəcəyi ilə bağlı bəyanatlar sırf daxili auditoriyaya hesablanıb”.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya