“Deyirdilər ki, meyxanaçıları salın şərab evlərinə...“ - Namiq Məna

2022-06-11 12:17:00

“Deyirdilər ki, meyxanaçıları salın şərab evlərinə...“ - Namiq Məna

Son zamanlar efirlərdə, saytlarda və sosial mediada meyxana mövzusu çox müzakirə olunur. Meyxananın gənclərə pis örnək olduğu və pis vərdişləri təbliğ etdiyi deyilir. 

Bəs görəsən, insanlar bu cür fikirlərində haqlıdırlarmı?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan meyxanaçı Namiq Məna bu cür müzakirələrə meyxana tarixini bilən şəxslərin dəvət olunmasının doğru olduğunu deyib.

O, meyxana janrının tarixinin çox qədimlərə gedib çıxdığını bildirib:

“Düzdür, bu gün efirlərdə tez-tez meyxana mövzusu müzakirə olunur. Yaxşı olardı ki, bu barədə bilən adamlar danışsın, bilib-bilmədən müəyyən müzakirələr aparırlar. Cüzi də olsa bu janr haqqında təsəvvürləri var, amma elə danışırlar ki, sanki bu janrın kökünü, yaranış tarixini bilirlər. Amma hansınasa sual versən ki, meyxana janrının yaranış tarixi hansı əsrdir, sual qarşısında aciz qalır. Meyxana bizim dövrümüzə gəlib çıxana qədər çox yol keçib. Bu janr Abşeronda formalaşıb, burada qorunub saxlanıb. Meyxananın qorunub saxlanmasında Bakı kəndlərinin çox böyük rolu var. Meyxana çox gözəl janrdır. Həm əruzda, həm də hecada deyilir. Meyxana dünyada analoqu olmayan janrdır. Bəzən deyirlər ki, meyxana dünyanın heç yerində yoxdur, bu da düzgün ifadə deyil. Bir az maraqlansalar görərlər ki, bu janr Hindistanda da var. Bədihələr başqa ölkələrdə də var. Yekdilliklə bədihə heç yerdə yoxdur demək düzgün deyil”.

Söz ustadı sovet dönəmində meyxananın məruz qaldığı təzyiqlərdən də danışıb:

“Vaxtilə filmlərimizdə də meyxana janrına yer ayrılıb, “Bizim Cəbiş müəllim” filmində rejissor çox ustalıqla bundan istifadə edib, “Çağırsa ellər gedərəm davaya” qafiyəsini işləyib, “Onu bağışlamaq olarmı?” filmində də meyxanadan istifadə edilib. Amma sovet dönəmində meyxana janrı çox böyük qadağalara məruz qalıb. Çünki bədihə deyənlər sovet vaxtı camaatın dərd-sərini, problemlərini qabardır, çatışmazlıqları işıqlandırırdılar. Ona görə də sovet rejimi düşünülmüş şəkildə deyirdi ki, bunları salın meyxanələrə (şərab evlərinə). Amma xalqın tələb-təkidi və Ulu Öndərin hakimiyyətə qayıdışından sonra milli-mənəvi dəyərlərə verilən dəstək meyxanadan da yan keçmədi. Artıq meyxanalar Novruz şənliklərində deyilməyə başladı. Şöhrət ordenli Ağasəlim Çıldaq Ulu Öndərin qarşısında çıxış etdi. Mən özüm 6-7 dəfə cənab Prezidentin qarşısında çıxış etmişəm. İkinci Beynəlxalq Muğam müsabiqəsini mən bədahətən şeir deyə-deyə bağlamışam. Amerikaya qədər gedib çıxmışam, orada da bu janrın təbliğatı ilə məşğul olmuşuq. Bu cür addımlar hamısı meyxana janrının inkişafına dəstək olur”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya