Saat:04:33
Haqqımızda

"Desəm öldürəllər, deməsəm ölləm!..” – ELDƏNİZ QULİYEV YAZIR

2024-09-16 14:10:51

İstəsək də, istəməsək də son ümidimiz, yeganə nicatımız və tək əlacımız SAMAN ÇÖPÜDÜ...

Yuxarıda bığ, aşağıda saqqaldısa və sən də bunların arasında əsir-yesir qalımısansa...onda çox səliqə və ehtiyatla  tüpürməlisən!.. Üstəlik, məmləkət əhlinin dördkünc daşlarla bilyard oynamaq həvəsini də nəzərə almalısan...

Görünən budur ki, vəziyyətimiz "başayaq-fasondu" və bəlkə elə bu səbəbdəndi ki, neçə vaxtdı müxtəlif dilemmalarla baş-başa, ayaq-ayağa qalmışıq...

Şahmatı şaşki kimi oynayan hakimiyyətdən nə desən gözləmək olar!..

Şaşkini şahmat kimi oynayan müxalifətdən isə heç nə gözləmək olmaz!.. Səd heyif ki, bu, haçalı bir gerçəklikdi və haçalı olduğuna görə də elə saqqalla bığ arasında çarmıxa çəkilmək kimi bir zaddır. İki cəbhənin, yaxud iki səngərin arasında ürkək-ürkək, daha doğrusu, qoxa-qorxa boylanıb qalmaq, təəssüf ki, daha təhlükəlidi; çünki sağdan da döşəyəcəklər, soldan da...

Deməli, istəsək də, istəməsək də son ümidimiz, yeganə nicatımız və tək əlacımız - SAMAN ÇÖPÜDÜ...

İndi gəlin, əyri oturaq, düz danışaq. Saman çöpünün bunca millətin strateji və taleyüklü məsələsinə çevrilməsinin sirri, səbəbi, günahı-suçu kimdədi, yaxud kimlərdədi? Məndəmi? Yox. Səndəmi? - yenə də, yox! Bəlkə BİZDƏDİR? Bəli, məhz bizdədi! Hamımızdadı, - iqtidarlı-müxalifətli, xalqlı-millətli, kasıblı-dövlətli,- yəni hamımızda və hər birimizdədi!..

Neçə illərdi, hətta onilliklərdi ki, bizlər didişmələrə, hikkəyə-övkəyə, səmərəsiz-nəticəsiz mübahisələrə və sair və ilaxır "dartma, yaxam cırıldı"-lara  meydan vermişik. Vaxtımızı,  əsəblərimizi, ömrümüzü... ya qaranlıq otaqda qara pişik axtarmağa, ya da "göyə mismar vurmağa" sərf etmişik. Hamısı da bihudə! Bir an da olsun dayanıb-toxdayıb düşünməmişik, təhlil etməmişik... Ki, sən demə, bütün bu mənasız hoqqalar əvəzinə, bizləri bizdən ayıran problemləri çözmək gərəkmiş. Yəni ilk növbədə, bizləri bizdən ayıran yox,  birləşdirən məsələlərə önəm vermək lazım imiş...

Belə etsəydik, belə cəhdlər göstərsəydik, güman ki, əhalinin, eləcə də ayrı-ayrılıqda hər birimizin vəziyyəti (həm maddi, həm də mənəvi), indikindən fərqli ola bilərdi. Hətta, bəlkə (!?) iqtidar-müxalifət münasibətlər sistemi də, ən azından, nifrətsiz ünsiyyət üzərində qurulardı... O cümlədən, min bir əziyyət bahasına,- alın tərimiz, canımız, qanımız, dırnaqlarımızla qazandığımız müstəqilliyimiz və Milli Dövlətçiliyimiz də əminamanlıq şəraitində inkişaf edərdi...

Dediklərim, əlbəttə, subyektiv fikirdi və ola bilsin ki, səhv mülahizələrdi.  Amma subyektiv də olsa, səhv də olsa...mən yenə də sadəlövhcəsinə düşünürəm ki, zamanında bizi birləşdirən amilləri və həssas nöqtələri qorumağa səy göstərsəydik,  əvvəla, bu gün ölkənin düşdüyü vəziyyət hakimiyyətdən vəsiyyət tələb etməzdi, ikincisi, müxalifət də adının son iki hərfinə möhtac qalmazdı. Üçüncü də var: və bu da ondan ibarətdi ki, xalqımız hər gün yanıqlı "ah"- lar əvəzinə, köks dolusu nəfəs alar və öz normal həyatını yaşayar, xoşbəxt və ədalətli gələcək arzularının çin çıxacağına ümidli olardı...

Bəli, biz vətənimizi həqiqətən doğma ANA bilib təmənnasız sevsəydik (və qarşı tərəfi də bu sevginin məsumluğuna inandıra bilsəydik);

- biz xalqımızın mənafeyini öz siyasi, ya qeyri-siyasi ambisiyalarımızdan üstün tutsaydıq (və bunun, şübhə doğurmayan aşkar aksioma olduğunu hamıya təlqin edə  bilsəydik);

- biz azad, demokratik ölkə uğurunda pafossuz, sidq-ürəkdən mübarizə apardığımızı, bəzi siyasi liderlərin komformist maraqlarının alətinə çevrilmədiyimizi sübut etsəydik (və tam səmimi olduğumuza bircə çimdik də şübhə yeri qoymasaydıq)...

...onda, güman ki, qara-qışqırıq salıb, "biz Koroğlu nəsliyik" deyən, əslində isə keçəl Həmzənin törəmələri olan nadürüstlər sürüsü də bu gün qanadlı dəvəyə çönə bilməzdilər!..

Əgər, narazı-etirazçı toplum, əsasən də əhalinin siyasi-ictimai fəal kəsimi, vaxtında  ölkədəki reallıqlara açıq gözlə, ölçülü-biçili baxa bilsəydi, heç şübhəsiz ki, həyatımız, yaşayışımız, eləcə də dünyaduyumumuz indiki kimi acınacaqlı vəziyyətdə olmazdı.

Kaş ki, bizlər hakimiyyətin, istisnasız olaraq, yaxşılı-pisli bütün fərdlərini və atdığı bütün addmlarını bozumtul rəngdə görüb hikkəylə qarşılamayaydıq, inkar etməyəydik; azacıq ədalətli, azacıq obyektiv və azacıq müdrik olaydıq...İnkar və inadkarlığın, nəticəsi bilinməyən təhlükəli konfliktlər burulğanı yaratdığının fərqində olaydıq... Və onu da  biləydik ki, təbiətdə mövcud olan rənglərin hamısını bir-birinə qatıb-qarışdıranda - boz rəng alınır!..

Kaşki bunları zaman-zaman sağlam siyasi rəqabətə dəvət edəydik... Belə etsəydik, bəlkə iqtidar yetkililəri də papaqlarını (ya şapqalarını) qabaqlarına qoyub, düşünüb-daşınardılar ki,: " ayə, deyəsən bunlar haqlıdılar axı... Deyəsən, üsul-idarəmiz yaman "priboylayır" və yamanca axsayır axı..."

Bəlkə onda dərk edərdilər ki, haqq söz deyənləri, dürüst irad bildirənləri, ləyaqətlə yaşamaq istəyənləri, məmləkətini azad, xoşbəxt görmək arzusunda olanları şərləyib təhqir, təhdid və həbs etmək OLMAZ!.. Ölkədə bir-birinin ardınca bu qədər saxta, bu qədər yalan-palan seçkilər keçirib dünyanı özümüzə güldürmək OLMAZ!

Demokratik dəyər və təşəbbüsləri tapdayıb, hər şeyi zorla, hədə və yumruq gücünə həll etmək OLMAZ!

Biçarə xalqı bu sayaq əzib-yoğurub ondan plastilin millət yapmaq olmaz!

Buludlardan "marojna" düzəldib vətəndaşların başını uşaq kimi aldatmaq olmaz!

İnsanların qayğılarını, ağrılarını, problemlərini həll etmək, göz yaşlarını silmək, onlara sahib çıxmaq yerinə, uydurma "iqtisadi inkişaf" nağılları danışmaq -  OLMAZ!

Bunlar vaxtında deyilsəydi, vaxtında eşidilsəydi və vaxtında edilsəydi, vallahi, dünya qara geyməzdi!..

Bu gün isə yenə də...

...qiymətlər od tutub yanır...

...meşələr yanır...

...qazilər özlərini yandırır...

...məmur özbaşınalığı hamını yandırır...

...yalan yandıra-yandıra ayaq tutub qaçır...

Hətta yanan ocağın özü belə, alova bürünüb yanır...

Və bütün bunları görüb də anlayanların ürəyi yanır!..

Hara baxırsan, hara gedirsən... od-alov, atəş, yanğın...

Bu yanğınlar hər birimizi qarsır, qovurur, kömürə, külə döndərir!..

Kim bilir, bəlkə bütün bunlar bizlərə cəhənnəm mesajlarıdı?..

Yəni "bu gün cənnət arzulamaqdan daha çox, qaçıb cəhənnəmdən qurtulun!"

Eldəniz QULİYEV

P.S. Yazını bitirəndən sonra oxudum və birdən anladım ki, mən həqiqətən, dünyanın ən sadəlövh adamlarından biriyəm; çünki...hələ də nağıllara, əfsanələrə-filana həqiqət qədər inanıram!..

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.578316