Deputatlığa namizəd niyə rus dilində yazır? – Pərvanə Vəliyevaya etiraz edildi
Parlament ədalətin bərqərar olduğu, orada oturan şəxslərin xalqın dili ilə danışdığı, onun dərdini-sərini meydanda söylədiyi bir yerdir.
Amma və lakin bəzi şəxslər bu qaydanı çoxdan unudaraq, ona əməl etmək niyyətində deyil. Onlar bəzi həmkarları kimi Milli Məclisdə mandat əldə etmək istəsələr də, təəssüflər olsun ki, xalqla onun dilində danışa bilmirlər.
Hurriyyet.Az bildirir ki, Yenicag.az-ın parlament seçkiləri ilə bağlı başlatdığı marafonun bugünkü “qonağı” isə Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından 35 saylı Xətai üçüncü seçki dairəsindən namizədliyi irəli sürülən Pərvanə Vəliyevadır.
P. Vəliyeva “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktorudur. O, Səhiyyə Nazirliyi Ölkə Əlaqələndirmə Komissiyasının və Vərəm Əleyhinə Avropa Koalisiyasının üzvü, Milli Vərəm Əleyhinə QHT Koalisiyasının katibi, həmçinin İcbari Tibbi Sığorta haqqında maarifləndirmə layihəsinin rəhbəri olub. Eyni zamanda, xanım Vəliyeva COP-29 Təşkilat Komitəsinin üzvüdür.
Pərvanə xanımın haqqında parlamentdə təmsil olunmaq istəyən digər həmkarları kimi mal-mülk söhbətləri olmasa da, onun rusdilli olması marağımızı cəlb etdi desək, yanılmarıq. Əgər Pərvanə xanım stajlı deputat və susqunluğunu əsla pozmayan Mixail Zabelin kimi rus icmasını təmsil etsəydi, əlbəttə ki, onunla bağlı məqalənin üstündən keçəcəkdik. Lakin görünən odur ki, parlamentdə Xətaini təmsil edən xanım Vəliyevanın heç özünün Azərbaycan dilindən xəbəri yoxdur.
Bununla bağlı bu yaxınlarda tanınmış jurnalist Məhəmmədli Qəriblinin “Facebook” hesabında paylaşdığı yazını oxucularımıza təqdim edirik:
“Pərvanə Vəliyeva hakim Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəddir. 35 saylı Xətai üçüncü seçki dairəsindən onun mandat əldə edəcəyi heç kimdə şübhə doğurmur. Əvvəl bu dairədən Zahid Orucun namizəd olacağı deyilirdi. Sonra məlum oldu ki, hətta Zahid Oruc kimi “ağır artilleriya” bu xanıma yol açmaq üçün dairəsini dəyişməli oldu.
Yaxşı olar ki, deputatlığın bir astanasında olan bu gənc xanım sosial şəbəkədəki rəsmi profilindəki təqdimatını yalnız rus dilində, kiril əlifbası ilə deyil, həm də doğma dilimizdə etsin. İngilis dilində olsaydı, bunu anlamaq olardı ki, beynəlxalq tədbirlərdə iştirak, ingiliscə çıxışlar etdiyi səbəbindən, kommunikasiyaların asan qurulması baxımından bunu zəruri sayıb. Axı, rus dilinin belə geniş imkanları yoxdur. Onda isə niyə yalnız rus dili?
Pərvanə xanım həm də hakimiyyətdə olan bir partiyanın namizədi olduğu ilə bağlı məsuliyyətini də unutmasın. Çünki o, həm də böyük bir partiyanı təmsil edir. Maraqlıdır ki, bu xanım həm də ingilis dilində təhsil verən ADA-nın məzunudur”.
Yəqin ki, yazımızın bu yerində oxucularımız “niyə məhz Pərvanə Vəliyeva” sualına cavab tapa bildilər. Bəli, hakim partiyanı təmsil edən bir xanımın rusdilli olması, əslində, böyük bir qəbahət deyil. Ümumiyyətlə, bu gün dünyada 258 milyondan çox insan rus dilində danışır ki, onların yarısı da bu dili Ana dilindən fərqli olaraq, ikinci dil kimi istifadə edirlər. Bir daha təkrar edirik: Ana dilindən fərqli olaraq… Lakin Pərvanə xanım üçün bu nüansın bir o qədər də ciddi olmadığını düşünürük. Maraqlıdır, öz dilində danışmağa ar edən xanım Vəliyeva sabah mandat əldə edərsə, təmsil etdiyi ərazidəki insanların problemlərini parlamentdə hansı dildə səsləndirəcək? Ümumiyyətlə isə səsləndirəcəkmi? Bəlkə bir az özümüzə qayıdaq?
Mövzunu davam etdirəcəyik…