Saat:14:58
Haqqımızda

Deputatlar Sahil Babayevi görüşə dəvət edir – Tələbləri nədir?

2022-05-17 12:33:00

Deputatlar Sahil Babayevi görüşə dəvət edir – Tələbləri nədir?

“Pensiya təminatı ilə bağlı bizə vətəndaşlardan çoxsaylı şikayətlər daxil olur. İşçi qaydasında bunu həll edirik. İnsaf naminə deyək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə həm nazir, həm müavinlər səviyyəsində müraciətlərimizə kifayət qədər həssaslıqla yanaşılır. Hətta sosial sistemi idarə edən şəxslər tərəfindən də diqqət göstərilir. Amma qanunvericiliklə bağlı bəzi məsələlər var ki, onları müzakirə etməyə ehtiyac var. Burada müəyyən arqumentlər gətirilməlidir. Nazirin görüşə dəvət olunması təəccüblü bir şey deyil. Konkret sosial sahə ilə bağlı deputatlara daha çox müraciət olunduğuna görə bu görüş keçirilməlidir. Bəlkə nazirin, ya müavinlərin müəyyən məsələlərdə elə əsaslandırmaları olacaq ki, deputatları da inandıracaqlar. Deputatlar da qəbul edəcək ki, həqiqətən də qanunvericilikdə bu addımı atmaq mümkün deyil. Bu, normal müzakirə üçün dəvətdir və yalnız ümumi işin xeyrinə ola bilər”.

Bunu Pravda.az-a deputat Fazil Mustafa Milli Məclisin sonuncu plenar iclasında deputat Vahid Əhmədovun Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi deputatlarla görüşə dəvət etməsinə münasibət bildirərkən deyib.

F.Mustafa qazilərin əlillik məsələsində yaradılan bürokratik maneələrlə bağlı qeyd edib ki, fərdi qaydada onlara edilən müraciətlərə baxılır: “Nazirliyin bu məsələni həll etməməkdə nə marağı olmalıdır? Görünür, qanunvericilikdə olan boşluqlar problem yaradır. Elə edək ki, vətəndaş, qazi, şəhid ailəsi incidilməsin. Pensiya haqqı varsa, alsın. Bu kimi məsələlərin müzakirəsi üçün nazirlə görüş təklifi səsləndirilib. Bu təklif nazirliyin də, bizim də faydamıza ola bilər. Ən azından anlaşılmazlıqlar ortadan qaldırılar. Müəyyən boşluqların doldurulması istiqamətində təkliflər dəyərləndirilər. Nazirlik tərəfindən qanunvericilik təşəbbüsü ilə ölkə Prezidentinə dəyişikliklər təqdim oluna bilər. Biz də onu dəyərləndirib, müzakirə edib vətəndaşın vəziyyətini yüngülləşdirən addımlar ata bilərik. Görüşün təşkil edilib-edilməyəcəyini bilmirəm. Hər halda belə bir müraciət var, Milli Məclisin sədri Sahibə Qafarova bu istiqamətdə çox həssaslıq göstərir. Ona görə də, hesab edirəm, bu məsələyə baxılacaq”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR