Saat:11:06
Haqqımızda

Deputatlar Fransanın addımını pislədi - Yenilənib

2022-12-02 12:50:00

Deputatlar Fransanın addımını pislədi - Yenilənib

“Fransa Senatının noyabrın 15-də Azərbaycana qarşı qəbul etdiyi bədxah qətnamənin ardınca, bu ölkənin Milli Assambleyası da noyabrın 30-u ölkəmizə qarşı qərəzli, qeyri-obyektiv və ədalətsiz akt qəbul edib”. 

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə deyib. 

Spiker qeyd edib ki, bu çirkin niyyətli siyasi aksiya dövlətimizin ərazi bütövlüyü və suverenliyini hədəf almaqla yanaşı, beynəlxalq norma və prinisplərə açıq hörmətsizlikdir: “Ona görə də biz Fransa Milli Assambleyasının qətnaməsini qəti şəkildə rədd edir, onun bu addımını siyasi riyakarlıq kimi qəbul edirik. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğalda qaldığı dövrdə münaqişənin dinc yolla həllinə dair səylərin heç bir nəticə verməməsinin əsas səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, vasitəçilik missiyası yerinə yetirən dövlətlərin, xüsusilə Fransa tərəfindən ikili standartlara yol verilməsi, işğalçı dövlətlə, işğala məruz qalan dövlətin bir tutulması idi. Fransanın hakimiyyət orqanlarının, o cümlədən parlamentin hər iki palatasının təxribatçı addımları Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına və sülh gündəliyinin həyata keçməsinə böyük zərbə vurur, regionu yeni təhlükələrə yönləndirir”. 

***

“Bu günə Fransa beş respublika qurub, amma içini düzəldə bilmədi. Yenə düşmənçilik, yenə islamafobiya, türkfobiya və anti-semitizm”, deyə millət vəkili, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov reaksiya verib. 

“Budur Fransa xarici siyasətinin prioritetləri. Niyə qoymursunuz, Azərbaycala Ermənistan arasında sülh danışıqları davam etsin? Nədir məqsədiniz? Nə vaxta qədər siz, erməni lobbisinin girovu olacaqsınız?”, - Z. Əsgərov qeyd edib.

Onun sözlərinə görə, Fransa Vyetnamdan tutmuş, Afrikaya qədər müstəmləkəçilik siyasəti həyata keçirib: "Bu gün də Afrikanın 14 ölkəsi Fransaya vergi verir. Fransa deyir ki, sizə müstəqillik vermişik, dilimizdən, təhsil sistemimizdən istifadə edirsiniz. Buna görə də, həmin ölkələrdən vergi alırlar”.

***

Məsələyə digər deputat Soltan Məmmədov da münasibət bildirib: “Fransa Milli Assambleyasının noyabrın 30-da Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamə ilk növbədə beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətsizlikdir. Əsassız, obyektivlikdən uzaq, tamamilə absurd mülahizələr əsasında hazırlanmış sənədin qəbul edilməsi ikitərəfli münasibətlərimizə də Fransa tərəfindən vurulmuş növbəti zərbədir”. 

O vurğulayıb ki, Cənubi Qafqazdakı reallıqları tamamilə təhrif edən, Azərbaycanla-Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərinə kölgə salan bu sənəd Fransanın uzun müddətdir ki, davam edən qərəzli siyasətinin daha bir təzahürüdür. Layihənin ümumi məzmunu və ayrı-ayrı müddəaları Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına istiqamətlənmiş təşəbbüslərə kölgə salmaqla yanaşı, Azərbaycan ictimaiyyətinin Fransaya onsuz da kövrək etimadını bir daha zəiflədir: “Təəssüf doğurur ki, Ermənistana ciddi təsir imkanlarına malik bir ölkə 30 il ərzində Azərbaycan torpaqlarının işğalı faktına laqeyd bir sükut nümayiş etdirdi. Vətən müharibəsi dövründə Ermənistanın dinc sakinləri hədəfə alan artilleriya və raket hücumlarının faciəli nəticələrinə biganə qaldı. Müharibədən sonra 270-dək Azərbaycan vətəndaşının həlak olmasına və ya yaralanmasına səbəb olan mina təhlükəsi barədə bir dəfə də narahatlıq ifadə etmədi. Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi üçün heç bir çağırış etmədi. Bütün bunlar Fransanın insan hüquqlarına, beynəlxalq normalara etinasız münasibətinin təzahürüdür”. 

***

Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, Fransanın canfəşanlığının səbəbi Minsk qrupunun fəaliyyətini yenidən bərpa edərək Ermənistan vasitəsilə bölgədə qalmaq istəməkdir: “Makron hökumətinin siyasi əxlaqa sığmayan davranışının digər səbəbi isə gələn il Fransada keçiriləcək seçkilərlə bağlıdır. Makron və makronoidlər bu qətnamə ilə erməni lobbisindən seçki kampaniyasında maliyyə dəstəyi adı altında aldıqları çirkli pulları və seçkilər zamanı aldıqları erməni elektoratın səslərini ağartmağa çalışırlar. Fransaya adekvat, bir az da artıq cavab verməliyik. Bu cavablar Azərbaycan hökuməti, dövləti, parlamenti və ictimaiyyəti tərəfindən verilir və hədəfə çatmaqdadır. Biz qalib xalq, güclü dövlətik”.

Onun sözlərinə görə, xoruzu milli simvol kimi qəbul edənlər bilməlidir ki, sabahın açılmasının xoruzun banlaması ilə bağlılığı yoxdur.

***

Milli Məclisdə Azərbaycan-Fransa Parlamentlərarası işçi qrupunu fəaliyyətinin dayandırıılması təklif edilib. Belə bir təkliflə deputat Fəzail Ağamalı bildirib. 

Buna reaksiya verən Milli Məclisin spikeri Sahibə Qafarova qeyd edib ki, Azərbaycan-Fransa Parlamentlərarası işçi qrupu yoxdur.

qafqazinfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR