Deputatdan Samirə Əfəndinin hərəkətlərinə reaksiya: “Ermənilərin başımıza gətirdiyi müsibətləri unutmamalıyıq”
Avroviziya təmsilçimiz Samirə Əfəndinin Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin finalında Ermənistan nümayəndəsinə 12 bal verməsi, daha sonra onunla qucaqlaşması müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı qarabağlı deputat Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür məsələləri çox da müzakirə etməyin tərəfdarı deyil:
“Çünki bizim çıxışları ermənilər də izləyirlər və sonra deyirlər ki, baxın, Azərbaycanlılar hələ də düşmənliyi aşılayırlar, Azərbaycanda hansı müzakirələr aparılır. Birinci məsələ budur ki, bu cür müzakirələr xaricdə də yayılır və diqqətdə saxlanılır. İkinci məsələ isə tarixdir.
Biz ermənilərin tarix boyu başımıza gətirdiyi müsibətləri heç vaxt unutmamalıyıq. Əks halda, gələcəkdə eyni faciələri yaşaya bilərik”.
Millət vəkili qeyd edib ki, tarix unudanları cəzalandırır:
“Millətlərin başına gələn müsibətlər də unudulmasından qaynaqlanır. Biz tariximizi unutmamalı, eyni zamanda gələcəyə baxmağı bacarmalıyıq. Biz Ermənistanı öz tərəfimizə çəkməliyik. Onun yeri bizim və Türkiyənin yanında olmalıdır. Bu bacarılsa, regionda sülh güclənəcək.
Əks halda, Ermənistanı özümüzdən uzaqlaşdırmaq əlavə problemlər yarada bilər. Ona görə də bu məsələlərdə söhbətli, təmkinli və həssas olmalıyıq. Faciyyəni unutmamalı və qarşı tərəfin bizə qarşı iddialar qaldırmaması üçün diqqətli davranmalıyıq”.
Leyla Turan
