Saat:18:18
Haqqımızda

Deputat: “Ramiz Mehdiyev cəmiyyət qarşısında daha pis vəziyyətə düşə bilər”

2022-02-12 15:58:00

Deputat: “Ramiz Mehdiyev cəmiyyət qarşısında daha pis vəziyyətə düşə bilər”

"Ramiz Mehdiyev reallıqlarla barışmalı və vəzifədən getməlidir. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yaranmış vəziyyət ictimaiyyəti narahat edir. Müqəddəs elm ocağı, alimlərin məkanı sayılan Akademiyanın intriqa məkanına çevrilməsi, Ramiz Mehdiyevin alimlərlə təhqir və söyüş dili ilə danışması, dövlət içində yeni dövlət yaratmaq cəhdi, nöqsanlarını deyənlərə qarşı düşmən mövqe tutması akademikə, böyük kollektiv rəhbərinə yaraşmayan haldır. Bu, bağışlanılmazdır".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.

Deputat qeyd edib ki, Ramiz Mehdiyevin alimlərə hiddəti, səhvlərini bildirənlərə qarşı qərəzi Akademiyanın hüdudlarını aşıb: " O, deputatları, dövlət məmurlarını, habelə jurnalistləri təhqir etməkdən çəkinmir. Halbuki Ramiz müəllim həmin şəxsləri çox yaxşı tanıyır, çünki onlarla münasibətdə olub, bir neçəsi ilə, hətta dəfələrlə görüşüb. Milli Məclisdə Ulu öndər Heydər Əliyev ideyalarına sədaqəti ilə seçilən, eləcə də Yeni Azərbaycan Partiyasının (YAP) aktiv üzvləri çoxdur. Bu, parlament fəaliyyətində özünü açıq-aydın biruzə verir. Ramiz Mehdiyev uzun illərdir partiyanın sıralarındadır və YAP-nın Vetenranlar Şurasının üzvüdür. O, seçkilərin gedişi, deputatların tərkibi və parlamentin demokratikləşməsindən yaxşı xəbərdardır. Belə olan halda, deputatlar barədə yaramaz ifadələr səsləndirmək, seçkilərə kölgə salmaq, parlamentin nüfuzuna xələl gətirmək üçün cəhd göstərmək əxlaqi normalara ziddir. Özünü akademik və ziyalı hesab edən adama belə şeylər yaraşmır. Bu, deputatlardan əvvəl, dövlətin demokratik prinsiplərinə, dövlətçiliyə, ali məqsədlərə kölgə salmaq, ölkə haqqında mənfi fikirlər formalaşdırmaqdır. Ramiz müəllim bunu bilməmiş deyil. Deməli, o, deputatları şüurlu şəkildə hədəfə almaqla dövlətçiliyimizin sütunlarını zəiflətmək, qarşıdurma yaratmaq və nəinki alimləri, deputatları və jurnalistləri də üz-üzə qoyaraq vətəndaşları dövlətdən narazı salmaq niyyətindədir. Bu, anti-milli düşüncədir, Azərbaycançılıq və xalqın mövqeyinə ziddir. Alim adı şərəfli, elm müqəddəsdir. AMEA-dan son baş verənlər, Ramiz Mehdiyevin fəaliyyəti və mövqeyi, cəmiyyəti narahat edən hərəkətlər etmək elm adına ləkə gətirməkdən başqa bir şey deyil. Ramiz Mehdiyev bu barədə tezliklə düşünməli və vəzifədən getməlidir. Əks halda, cəmiyyət qarşısında daha pis vəziyyətə düşə bilər".

Pravda.az