Deputat: “Nehrəmlilərin dövlət hakimiyyət orqanlarında geniş miqyasda təmsil olunması onlara ana südü qədər halaldır”

2022-07-23 21:11:00

Deputat: “Nehrəmlilərin dövlət hakimiyyət orqanlarında geniş miqyasda təmsil olunması onlara ana südü qədər halaldır”

“Naxçıvanlıların, Qərbi Azərbaycandan olanların, xüsusilə nehrəmlilərin dövlət hakimiyyət orqanlarında geniş miqyasda təmsil olunması onlara ana südü qədər halaldır”

Hurriyyet.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edir:


-Qüdrət bəy, bəzi müxaliffikirli insanların Azərbaycanın dövlət siyasətinin rusiyayönümlü olmasına dair iddialarına münasibətiniz necədir?
Azərbaycanın dövlət maraqları Rusiya ilə dost olmağı tələb edir. Dövlət maraqlarından çıxış etmək isə rusiyayönümlü olmaq yox, Azərbaycanyönümlü olmaq deməkdir. Bu başıpozuq adamlar xalqın qəzəbindən qorxmasalar bizim Rusiyaya müharibə elan etməyimizi də tələb edə bilər. Məhz Rusiyaya münasibətdə yürüdülən düzgün siyasətin nəticəsi olaraq biz Qarabağın böyük hissəsini işğaldan azad edə bildik, digər hissəsi üzərində də suveren hüquqlarımızı bərpa edəcəyik. Buna heç kimin şübhəsi olmasın. Rusiya sülhməramlılarının Azərbaycana gəlməsi ilə manipulyasiya edənlərə isə hər zaman deyirəm ki, daha əlverişli başqa yol vardısa, buyurub xalqımıza desinlər. İnsanlarımız sosial fəal olmasalar da böyük çoxluq, təhsilli kəsim İlham Əliyevin nəyə nail olduğunu gözəl başa düşür. Bu barədə hay-həşir salanlar isə sığındıqları, yaxud tapşırıq aldıqları ölkələrin sifarişlərini yerinə yetirirlər. Türkiyəyə özümüz kimi yanaşırıq, digər böyük qonşularımız Rusiya və İrana münasibətdə isə yaxın qonşuluq və dostluq siyasəti aparırıq, həmin ölkələrdə hansı rejimin və kimin hakimiyyətdə olmasından asılı olmayaraq. Yaxşı el misalı var-yaxın qonşu uzaq qohumdan yaxşıdır. Onu da nəzərə almalıyıq ki, hər iki ölkədə milyonlarla soydaşımız yaşayır. Əməkdaşlıq həm də onu özündə ehtiva edir ki, narazı qaldığın məsələlər barədə səmimi müzakirələr apara biləsən. Həmin fitlə çalışan “tənqidçilərin” əsas məqsədi mövcud problemlərdən istifadə edib ölkələrimiz arasında münasibətləri korlamaqdır.

–Bu günlərdə mətbuatda belə bir informasiya yayıldı və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu ki, Dövlət Gömrük Komitəsində çalışanların üçdə biri nehrəmli, yaxud naxçıvanlıdır.

Bu məqsədyönlü şəkildə şişirdilmiş və ictimaiyyətə ötürülmüş məlumat idi. Naxçıvanda və Qərbi Azərbaycanda doğulub və həmin bölgələrdə şəxsiyyət kimi formalaşmış insanlar düşmən içərisində yaşamaları və ya təcrid olunmaları, iqlimin insan xarakterinə təsir imkanları və kasıblıq səbəbindən müqayisədə daha sosial fəal olublar. Məhz bu səbəbdən xalq hərəkatının önündə olan səxslərin sırasında bu bölgədən olan insanlar çoxluq təşkil edirdi. Buna görə həm müxalifətdə, həm iqtidarda onların xüsusi çəkisi artıq idi. AXC hakimiyyəti dövründə də belə idi. Kiçik bir araşdırma aparsanız görəcəksiniz ki, o zaman universitet partası arxasından nə qədər adam Prezident Administrasiyasında, başqa dövlət orqanlarında yüksək vəzifələrə təyin olunmuşdular. Yüksək vəzifəyə təyinat alanların bəzilərinin hətta ya ali təhsili yox idi, ya da ixtisası uyğun deyildi. Mərhum prezident Heydər Əliyevin liderliyi ilə YAP Naxçıvanda təsis olunub və onun avanqard hissəsini qeyd etdiyim regiondan olanlar təşkil edirdi. Heydər Əliyevin yenidən siyasi karyera qazanmasında nehrəmlilərin müstəsna xidməti olub. Hakim kommunist partiyasının ciddi təzyiqlərinə baxmayaraq o, Nehrəmdən deputat seçildi, sonra Naxşıvan MR cəbhəçilərinin və Naxçıvan camaatının ciddi dəstəyi ilə kommunistlərin müqaviməti qırıldı və Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri oldu. Ona görə YAP-ın hakimiyyətdə olduğu dövrdə naxşıvanlıların, Qərbi Azərbaycandan olanların, xüsusilə nehrəmlilərin dövlət hakimiyyət orqanlarında geniş miqyasda təmsil olunması onlara ana südü qədər halaldır. Bütün inkişaf etmiş ölkələrdə də qalib gəlmiş partiya öz tərəfdarlarını hakimiyyətə gətirir. Milli mentalitet də nəzərdən qaçırılmamalıdır.
Düzdür, belə bir deyim var, hər şey ya zamanla dəyişir, ya da bir şəxslə. Hazırına nazir olan gənc kadrlar keçmişi öyrənməsələr də, yaxud unutdurmağa çalışsalar da, eyni zamanda YAP-da təmsil olunan həmin bölgənin adamları müdrikcəsinə sussalar da fakt faktlığında qalır. YAP Azərbaycanın beynəlxalq arenada həmişə etibarlı tərəfdaş olması ilə öyünüb, bu daxildə öz tərfdarlarına münasibətdə də belə olmalıdır. Çünki indi, gərgin geosiyasi oyunların oynanıldığı bir dönəmdə, Azərbaycana həmişə olduğundan daha çox sabitlik və harmoniya lazımdır. Ona görə hakimiyyət daxilində təfriqə salmaq üçün klanlar arası savaş adı altında naxçıvanlıların təxribatçı qüvvələr tərəfindən hədəfə alınması yersizdir, ziyanlıdır. Korporativ maraqlar kənara atılmalı, dövlət maraqları hər şeydən üstün tutlmalı, insanlar siyasi mənsubiyyətinə, dövlətə sədaqətinə, bilik və bacarıqlarına, təcrübələrinə görə irəli çəkilməlidirlər. Bilik və bacarıq, təcrübə isə rus və ingilis dillərini bilmək, yaxud yaxın dost – tanış demək deyil.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059412