Saat:18:15
Haqqımızda

Deputat: “Manaf Ağayevi müdafiə edənlərə münasibətim mənfidir, minaya düşsəydi, kim cavab verəcəkdi?!”

2022-02-18 17:43:00

Deputat: “Manaf Ağayevi müdafiə edənlərə münasibətim mənfidir, minaya düşsəydi, kim cavab verəcəkdi?!”

“Vətəndaşların təhlükəsizliyi barədə düşünmək lazımdır. Ermənilər Qarabağda uzun müddət yaşayıblar və indi məğlub olublar. Azərbaycan da onları müəyyən üsullar vasitəsilə qanunlarımıza tabe etmək istəyir. Ermənilər işğal dövründə müddətdə Azərbaycan torpaqlarını minalayıblar. Hələ Vətən müharibəsindən sonra çox sayda vətəndaşımız minaya düşərək ya həyatını itirib, ya da müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bizim işğaldan azad olunmuş torpaqlara müvəqqəti olaraq icazə ilə gediş-gəlişimizi ermənilərin Xankəndidə rahat yaşaması ilə müqayisə etmək uyğunsuzdur. Belə müqayisə aparanlar şouya maraqlı olan adamlardır. Mənim bütün sənətkarlara, eləcə də Manaf Ağayevə böyük hörmətim var, amma qanun hər kəs üçün eynidir. Qanun sıravi insan üçün olduğu kimi, müğənnisi, deputatı üçün də qanundur".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat qeyd edib ki, bu gün əgər dövlət təhlükəsizlik orqanları həmin ərazilərin minalardan təmizlənmədiyini, ora getməyin həyat üçün təhlükəli olduğunu deyirsə, deməli, qaydalara riayət etmək lazımdır: "Biz gah deyirik ki, qanunlar ali olmalı və hər kəs qanunlara tabe olmalıdır, gah da deyirik ki, ermənilər Qarabağa sərbəst gedib-gəlirlər, amma bizə həmin şərait yaradılmır. Öz doğma torpaqlarımıza gedə bilmirik ki?! Şuşaya, Ağdama marşrut xətti açılıb və vətəndaşlara həmin əraziləri görmək üçün şərait yaradılıb. Manaf Ağayev də Füzuliyə getmək üçün icazə alıb ata-baba yurdunu ziyarət etməli idi. Ancaq sənətkar qanunları pozub, özünü təhlükə qarşısında qoyaraq həmin əraziləri ziyarətə gedib. İraq olsun, bəs Manaf Ağayev orada minaya düşsəydi, kim cavab verəcəkdi?! Belə olan halda, ağzıgöyçəklər bunu da dövlətin üstünə atacaqdılar. Deyəcəkdilər ki, dövlət vətəndaşların təhlükəsizliyini təmin etmir. Biz hər birimiz işğaldan azad edilmiş ərazilərə gedəcəyik, lakin ilk növbədə həmin yerlərdə təhlükəsiz həyat təmin edilməlidir. Yalandan müdafiəyə qalxmaq lazım deyil, bu, heç kimə hörmət gətirmir. Əksinə, vətəndaşların bu mövqeyi qanunu müəyyən şəkildə pozmuş adamlarda aqressiya yarada bilər. Manaf Ağayev tanınmış müğənnidir, xalq tərəfindən sevilir, yaxşı ifaları var. Amma buna baxmayaraq, o, icazə almalı, qanunlarımıza əməl etməlidir. Manaf Ağayevi bu şəkildə müdafiə edənlərə münasibətim mənfidir. Diqqətli davranmaq, qaydalara əməl etmək lazımdır".

Pravda.az