Deputat kredit faizlərinin yüksək olmasına etiraz etdi: -“23 faizlə ödəyirəm...”

2022-04-23 12:25:00

Deputat kredit faizlərinin yüksək olmasına etiraz etdi: -“23 faizlə ödəyirəm...”

Beynəlxalq statistikaya əsasən, Azərbaycanda kreditin illik faizi dərəcəsi 13 faizdir. Əslində, əhaliyə verilən kreditlərin faiz dərəcəsi 20 faizdən yuxarıdır. Şəxsən kreditimi 23 faizlə ödəyirəm. Faiz dərəcəsinin yüksək olması təkcə kredit təşkilatlarından pul götürənlərə problem yaratmır. Nəzərə almaq lazımdır ki, faiz yüksək olduğuna görə vətəndaşlar həmin pulu götürüb lazımi istiqamətdə xərcləyə bilmirlər. Təsadüfi deyil ki, İslam Peyğəmbəri sələmdən qazanılan pulu haram hesab edir, ümumiyyətlə, İslam bankçılığında sələm haramdır. Kreditin faiz dərəcəsi ilə bağlı məsələni mücərrəd hesab etmirəm. Bu, xalqın güzəranına birbaşa qəsddir. Milli Məclisin deputatı kimi faiz dərəcələrinin bu qədər yüksək olmasına etirazımı bildirir, eyni zamanda, məsələyə yenidən baxılmasını xahiş və tələb edirəm. Mərkəzi Bankın rəhbərliyi dəyişib, bu mənada dövlət siyasəti də dəyişdirilməli, kreditlər əlçatan olmalıdır”.

Hurriyyet.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat qeyd edib ki, xalqın güzəranının yaxşılaşması üçün bu sahədə nizam-intizam yaratmaq lazımdır: “Bütün İslam ölkələrinə diqqət edək, yalnız müəyyən qədər aşağı faiz dərəcəsi Pakistan və Türkiyədədir ki, 6-8 faiz təşkil edir. Bir də inkişaf etmiş ərəb ölkələrində faiz dərəcəsi 2 faizdir. Digər islam ölkələrində isə 10 faizdən aşağı sələm yoxdur. Qısacası, müsəlman ölkələrinin əksəriyyətində faiz dərəcəsi 15-20 arasında dəyişir. Yəni, sələmin haram olduğu ölkələrdə dövlətlər birbaşa sələmçiliklə məşğul olur. Sual yaranır ki, xalq yüksək faizlə verilən pulu necə götürüb, necə ödəsin? Bu, ciddi problemdir. Ona görə də həmin müsəlman dövlətləri elə kasıb dolanırlar. Belə nəticə çıxır ki, məhz banklarda faiz yüksək olduğuna görə həmin xalq kasıbdır və ya dövlət kasıb olduğuna görə faiz yüksəkdir. Lakin faizin qadağan olunmadığı Avropa ölkələrində isə faiz dərəcəsi sıfır və ya sıfıra yaxındır. Bəzilərində bu göstərici 0,2-0,5 faiz arası dəyişir. Banklarda faiz dərəcəsi birbaşa əhalinin güzəranı ilə əlaqəlidirsə, Azərbaycanda faiz dərəcəsi yüksək olduğuna görə lovğalanmağa dəyər?! Dövlətimizin kifayət qədər zəngin olduğunu desək də, əhali barədə bunu iddia edə bilmirik. Vətəndaşlar kreditlərdən faydalana bilməlidirlər. Əks halda, Azərbaycanda və ya 15 il əvvəl Türkiyədə olduğu kimi bütün xalq faizlərə görə dövlətə borclu və dövlətdən asılı olacaq. Belə olan halda, dövlət də beynəlxalq təşkilatlarından kredit götürdüyünə görə borclanacaq".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya