Saat:06:22
Haqqımızda

Deputat gənclər və idman nazirinin yeni müavinlərindən danışdı: “Şəxsi həyatları deyil, ortaya qoyacaqları iş önəmlidir”

2021-11-30 17:37:00

Deputat gənclər və idman nazirinin yeni müavinlərindən danışdı: “Şəxsi həyatları deyil, ortaya qoyacaqları iş önəmlidir”

"Sosial şəbəkələrdə gənclər və idman nazirinin müavini vəzifələrinə təyinat almış yeni kadrlara fərqli prizmadan yanaşılır. Ümumiyyətlə, bir çox hallarda belə olur. Hesab edirəm ki, yeni təyinat almış şəxslərin şəxsi həyatı deyil, ortaya qoyacaqları iş önəmlidir. Hədəf gənclər və idman sahəsinin inkişafıdır və sözsüz ki, istənilən təyinat zamanı əsas hədəf nəzərə alınır".

Hurriyyet.az Pravda.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, əvvəllər Gənclər və İdman Nazirliyinin fəaliyyəti bir o qədər də yaxşı olmasa da, indi vəziyyət həm maddi, həm də digər imkanlar baxımından ürəkaçandır: "Nazirlik yeni yarananda xarici dövlətlərlə əlaqələrimiz “yox” dərəcəsində idi, hətta əcnəbi gənclər təşkilatları ilə əlaqə qurmaq üçün müəyyən vaxt sərf edilirdi. Son illərdə isə  gənclər və idman sahəsində çox vacib layihələr həyata keçirilib, eyni zamanda idman istiqamətində böyük nailiyyətlər əldə olunub. Bakı idman sahəsində çox böyük, möhtəşəm tədbirlərə ev sahibliyi edib. Buna “Bakı-2015” birinci Avropa Oyunlarını, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını, “Formula-1” yarışlarını, gimnastika və cüdo üzrə dünya çempionatlarını, bir çox beynəlxalq səviyyəli gənclər forumlarını, eləcə də paytaxtla yanaşı Gəncənin 2016-cı ildə Avropa Gənclər Paytaxtı elan olunmasını, həmçinin 2019-cu ildə Nizami yurdunun Avropanın İdman Şəhəri tituluna layiq görülməsini misal göstərmək olar. Bu turnirlərdə və olimpiadalarda idmançılarımız medal kolleksiyalarını zənginləşdiriblər. Düşünürəm ki, bu uğurlarda nazirliyin bütün kollektivinin əməyi olub. Təbii ki, qurumun bütün fəaliyyətində sabiq nazir müavinləri İntiqam Babayev və İsmayıl İsmayılovun da əməyi danılmazdır. Ümumiyyətlə, mən hər iki nazir müavininin fəaliyyətini yaxşı dəyərləndirirəm və hər ikisinə də bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edirəm. Kadr dəyişikliyi həmin şəxslərin fəaliyyətinin pis və ya yaxşı olmasından asılı deyil, sadəcə olaraq, nazirliyin adından da göründüyü kimi qurum daim yenilənməyi, yeni kadrları tələb edən sahədir. Çünki gənclər və idman sahələri dəyişir, dinamikləşir, inkişaf edir. Ona görə də yeni və gənc kadrların cəlb olunmasını təqdirəlayiq hal olaraq qiymətləndirirəm".

Qeyd: İntiqam Babayev və İsmayıl İsmayılov Prezident İlham Əliyevin sərəncamları ilə gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər. İndira Hacıyeva və Marina Vasileva isə gənclər və idman nazirinin müavini vəzifəsinə təyin ediliblər.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR