"Dəllallar at oynadır" - Nəzarət lazımdır!

2022-08-04 20:33:00

Baş Prokurorluq Şuşa şəhərinə səfər etmək istəyən vətəndaşlara müraciət ünvanlayıb. Bununla bağlı qurumun Mətbuat Xidməti videoçarx hazırlayıb. Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən hazırlanmış videoçarxda Şuşaya səfər etməyin qaydası vətəndaşlara izah edilir. Şuşaya qanunsuz, saxta turlar təşkil edən şirkətlərin toruna düşməmək üçün qaydalarla tanış olmaq və rəsmi təsdiqlənmiş qaydalar üzrə bilet əldə etməyin üsulları anladılır. Videoçarxda qeyd edilir ki, bəzi şirkətlər, ayrı-ayrı şəxslər vətəndaşların Vətən sevgisindən sui-istifadə edərək saxta yollarla Şuşaya səfərlər təşkil edir, bundan isə vətəndaşlar əziyyət çəkir. Halbuki, Şuşa avtobuslarına biletləri onlayn qaydada, internet üzərindən rəsmi şəkildə əldə etmək mümkündür. Baş Prokurorluğun maarifləndirici videoçarxı dələduzlara qarşı mübarizənin gücləndiyini göstərir. Bu, nə dərəcədə effektiv olacaq? Əslən şuşalı, peşəkar jurnalist Kəmalə Cahidqızı “Şərq”ə açıqlamasında maarifləndirici videoçarxa ehtiyac olduğunu dedi:

- Bu, birmənalıdır ki, maarifləndirici videoçarxa ehtiyac var. Ancaq hesab edirəm ki, maarifləndirməkdən daha çox, nəzarət etməyə üstünlük verilməlidir. Baxın, “yolumuzqarabağadır.az” saytında bir nəfər maksimum 2 nəfər üçün bilet ala bilir. Mən bunu araşdırmışam və 1 dəfə də böyük əziyyətlə bilet alıb getmişəm. Şuşa işğaldan azad olunandan bəri 5 dəfə Şuşanı ziyarət etmişəm. Ən çətini də bilet alıb getdiyim zaman olub. Bilet alanadək onlayn satışın aktiv edilmə vaxtından düz 2 saat 45 dəqiqə dayanmadan bilet almağa cəhd eləmişəm, hər dəfə xəta baş verir sistemdə və şəxsi məlumatları təkrar-təkrar yazmaq məcburiyyətində qalır insan. Bunu deməkdə məqsədim odur ki, yəni 2 nəfər üçün bilet almağa bir vətəndaş olaraq bu qədər əziyyət çəkdiyimiz halda, turşirkət necə olur ki, 30-35 nəfər üçün belə rahatlıqla bilet əldə edir? Məncə, əhalini maarifləndirmək qədər bu halların qarşısının alınması mexanizmi də düşünülməlidir. Biletlər vahid bir sistemdən satılır deyə bu nəzarəti təşkil etmək o qədər də çətin olmaz. Nə qədər ki, belə mexanizm yoxdur, aldadanlar da, aldananlar da olacaq. Çünki şuşalı olan-olmayan hər kəs o müqəddəs şəhərə getmək üçün yollar axtarır və çətinliklə üzləşəndə qeyri-leqal yollarla da olsa Şuşaya getmək istəyir.

K.Cahidqızı Şuşaya səfərlə bağlı təklif irəli sürdü:

- Bu yaxınlarda şuşalı ziyalıların bir qrupu Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə görüşdü. Mən də həmin görüşdə iştirak edirdim. Şuşalı olaraq qaldırdığımız bir neçə məsələdən biri də Şuşa qeydiyyatı olanların portalsız, sərbəst şəkildə Şuşaya səfərinin təmin edilməsi idi.

Yəni şəxsiyyət vəsiqəsində Şuşa qeydiyyatı olanları postlarda yoxlayıb problemsiz Şuşaya buraxsınlar və 1-2 gün qalmalarına icazə versinlər. Bu məsələ bir neçə dəfə sosial şəbəkələrdə də müzakirə edilib. Yaşlı və səhhətində problem olan insanlar var ki, onların səhər 06:30-dan 6 saat yol gedib cəmi 3 saat Şuşada olub yenidən 6 saat geri qayıtması fiziki olaraq mümkün deyil. Bir daha onu vurğulamaq istəyirəm ki, problem əhalinin maariflənməsində yox, təşkilati məsələlərdədir. Şuşaya gedişi, bilet satışını elə təşkil etmək lazımdır ki, dələduzların fəaliyyəti üçün heç bir imkan, şərait olmasın".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000112