“Dedilər, erməni təyyarəsini vurmusan, 100 min gətir…” - Dəhşətli MTN gündəliyi

2022-06-09 16:42:00

“Dedilər, erməni təyyarəsini vurmusan, 100 min gətir…” - Dəhşətli MTN gündəliyi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Hurriyyet.az xəbər verir ki, ötən gün Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə Sahib Ələkbərov zərərçəkən Zaur Əliyevin bir neçə sualını cavablandırıb:

– Müstəntiq kimi cinayət işini kimə, hansı qaydada məruzə edirdiz? Kimin əmrini, tapşırığını yerinə yetirirdiz?

– Baş prokuror Zakir Qaralova, 1-ci müavini Rüstəm Usubova və idarə prokuroruna məruzə olunurdu. Həmin məruzə idarə rəisi Mövlam Şıxəliyevin vasitəsilə həyata keçirilirdi.

– Tapşırıq və əmrlər hansı qaydada verilirdi?

– Həmin qaydada da tapşırıq və əmr verilirdi. Biz də icra edirdik.

Daha sonra vəkillərdən biri Sahib Ələkbərova dəqiqləşdirici sual verib: Siz icraatınızda olan cinayət işinin istintaqını əmr və tapşırıqla həyata keçirmisiz?

– Siz Azərbaycanda yaşamırsız? Bu məsələlər bilmirsiz necədir? Biz kimik ki? Zakir Qaralov, Rüstəm Usubov, Mövlam Şıxəliyev nə tapşırıb, onu da eləmişik!

Daha sonra iş üzrə şahid kimi tanınan Ramiz Əliyev ifadə verib. O, məhkəmədən şahid kimi deyil, zərərçəkən kimi tanınmağını istəyib: “Dövlət mənə 45 manat təqaüd verirdi. Həmin pulla xəstə övladımı, əlil yoldaşımı, xəstə anamı və 2 uşağımı saxlaya bilməzdim. Ona görə də qızıl alverçisinə çevrilmişəm. Mən Gürcüstandan qızıl gətirib satırdım. 2014-cü ildə “Sınıq körpü”dən Azərbaycana keçəndən dərhal sonra tutdular. Olduğum taksinin qabağını bir maşın kəsdi, arxada da biri saxladı. Maşınlardan düşənlər dedilər ki, MTN-dəndirlər. Taksi sürücüsünü və məni MTN-in Qazax şöbəsinə, oradan da Bakıya, nazirliyə gətirdilər. Dedilər ki, səni güdmüşük, üzərində 398 qram qızıl var. Dedim ki, üzərimdəki qızıldırsa, bu nə əməliyyatdır? Məni gömrükçülər tutmalı, bəyan etmədən qızıl keçirdiyimə görə cərimələməlidir. Məgər üzərimdə atom bombası var ki, mənə qarşı belə bir əməliyyat keçirirsiz?!

Yasin Məmmədov bilə-bilə ki, Qarabağ döyüşçüsüyəm, mənə qarşı cinayətləri davam etdirirdi. Kəşfiyyatçı olmuşam, bu gün də bədənimdə 48 qəlpə, 2 güllə yarası var. Yasin Məmmədov mənim Qarabağ veteranı olmağımla, döyüş yolumla bağlı danışırdı. Üstəlik, dedi ki, sən 1992-ci il mayın 8-də Kəlbəcərdə ermənilərin AN-24 təyyarəsini vurmusan. Dedi ki, vurduğun təyyarədə erməni dövlət xadimləri ölüblər. Buna görə də Ermənistanda rəsmi matəm elan olunub. Təyyarəni vurduğuma görə mənə o dövrdə Kəlbəcərin icra başçısı İlham Həsənov 10 min rubl mükafat da vermişdi. Amma həmin təyyarədə ermənilərin dövlət xadimlərinin olduğunu, bu hadisəyə görə Ermənistanda matəm elan olunduğunu ilk dəfə MTN-də öyrəndim. Yasinə dedim ki, bunları bilirsənsə, heç olmasa məni zaminə buraxın. Əli ilə “1” işarəsi göstərdi. Soruşdum, dedi ki, 100 min gətir, səni zaminə buraxaq.

Təsəvvür edin ki, mənim bədənim qəlpə içindədir. Kəlbəcər, Ağdərə, Laçında döyüşmüşəm. Mən 1992-ci il mayın 8-də Ağdərənin Narınclar kəndində “İqla” raketindən Ermənistanın “AN-24” təyyarəsini vurmuşam. Bundan bir neçə gün sonra 2-ci erməni təyyarəsini vurmuşam. Kəlbəcərdən qızıl mədənindən Ermənistana gedən dəmir yolunu şəxsən partlatmışam. Ağdaban hadisəsində düşmənin arxasında olmuşam, orada diversiya törətmişəm. MTN-in həkimləri bədənimdə 48 qəlpə, 2 güllə yarası sayıb işə əlavə elədilər. Psixoloji durumumu isə 4 ay sonra yoxladılar”.

Yasin Məmmədov şahidin sözünü kəsərək deyib ki, Ramiz Əliyevin Qarabağ veteranı olması, yaralanması, erməni təyyarəsini vurmasından məlumatsız olub.

“Yasin, sən 6 ay məni az qala hər gün otağına çağırıb saatlarla mənasız suallar verirdin. Görmürdün ki, barmaqlarımı qəlpə aparıb? Sən deyildin mənə deyən ki, ermənilərin təyyarəsini vurub bütün Ermənistanı matəmə qərq etmisən? İndi burada özünü bilməzliyə vurmaqla deyil! Unutmusan ki, sənə də, sənin qrupunda olan müstəntiqlərə də deyirdim ki, gedin evinizdə fəxrlə uşaqlarınıza deyin ki, ermənilərə güllə atanlara işgəncə veririk! Burada yalan danışmaqla deyil. Qeyrətin, kişiliyin varsa, düzünü danış”, – Ramiz Əliyev deyib.

Proses təxirə salınıb.

Qeyd edək ki, Mövlam Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 32 zərərçəkmiş var. (gununsesi.info)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya