Saat:04:42
Haqqımızda

Dayısının “pulunu kif basan” tələbəni narkotik ittihamı ilə saxladılar, amma... - ŞOK OLAY

2022-06-09 16:33:00

Dayısının “pulunu kif basan” tələbəni narkotik ittihamı ilə saxladılar, amma... - ŞOK OLAY

Bacısı oğlunun məhz ondan pul qoparmaq üçün polis şöbəsinə aparıldığını bildirən iş adamından şok açıqlama

“DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional şöbəsinin əməkdaşı Tural Babayev Elminin qonşusuna “dayısının pulunu kif  basıb, narahat olmayın, buraxdıracaq” deyib...”

“NUR”  ASC-nin  təsisçisi Nurəliyev  İlham  Şabala oğlu tərəfindən “Hürriyyət”in elektron poçtuna şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, eləcə də digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Sizin sahibkarlığın inkşafı və iş adamlarına şərait yaradılması, süni maneələrin aradan qaldırılması istiqamətində gördüyünüz işlər, etdiyiniz çağrışlardan ilhamlanıb, 2020-ci ilin noyabr ayında, Lənkəran şəhəri Fikrət Məmmədov 10 ünvanında, müasir standartlara cavab verən, ümümi sahəsi 5000 kv.m olan 3 mərtəbəli Qənnadı məhsulları (konfet) istehsalı fabrikini inşa etdirib, avadanlıqlarla təchiz edərək 95 nəfərlik işçi heyyəti ilə fəaliyyətə başlamışıq. Fəaliyətimiz dövründə müxtəlif çətinliklərlə üzləşsək də, öhdəsindən gəlmişik. Təəssüflər olsun ki, Sizin də regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrasının konfraslarında qeyd etdiyiniz kimi, regionlarda bəzi yerli məmurlar şəxsi mənfəət əldə etmək məqsədilə iş adamlarına süni maneələr yaradır. Mən də qarşılaşdığım şər və böhtan xarakterli hadisəni yazaraq diqqətinizə çatdırıb, Sizdən kömək istəyirəm.

Belə ki,  01.04.2022 ci il tarixində, saat 16:30 radələrində, bizə məlum olmayan səbəbdən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional şöbəsinin əməkdaşları Taleh Əkbərov, Tural  Babayev və Zaur Talıbov İsa Valehi,  eyni gündə, saat 20:30 radələrində isə Zaur Talıbov və Tural Babayev    bacım oğlu Kazımlı Elmini əməkdaşları olduğu şöbəyə aparmışlar. Şöbədə bacım oğlu Kazımlı Elminə tələbəlik dostu İsayev Valehdən pul alaraq kimdənsə narkotik maddə olan marixuana  alıb, bir yerdə istifadə etdiklərini  bildirmişlər. Kazımlı Elmin narkotik istifadəçisi olmadığını, belə bir hadisənin  baş vermədiyini, İsa Valehlə üzləşməyə hazır olduğunu bildirmişdir. Tural Babayev Elminə “yekə-yekə danışma, qarşına 3 kq eroin qoyub “yelləyərik” gedərsən” söyləmişdir.

Məsələdən xəbər tutan Elminin qonşusu Tural Babayevə mobil telefon vasitəsi ilə zəng vurub, narahatlıqlarını bildirib. Tural Babayev ona “dayısının pulunu kif  basıb, narahat olmayın, buraxdıracaq” demişdir. Hadisədən xəbər tutan Kazımlı Elminin qardaşı  Kazımlı Nihad qohumluq əlaqəsi olan şöbə əməkdaşı Taleh Əkbərovla telefonla əlaqə saxlayaraq görüşmüşdür. Taleh Əkbərov Kazımlı Nihada məsələnin ciddi olmasını, Kazımlı Elminə Cinayət Məcəlləsinin 234.2 maddəsi ilə cinayət işi açılacağını bildirmişdir.

Bir gündən sonra - 02.04.2022 tarixində Kazımlı Nihad çıxılmaz vəziyyətə düşdüyündən, Taleh ilə birlikdə telefon vasitəsilə mənimlə əlaqə saxlayıb, məsələni bildirdilər. Əkbərov Taleh mənimlə danışarkən çaşqın halda olduğundan, verdiyim suallara qeyri-adekvat cavab verirdi. Bu da məndə  Əkbərov Talehə qarşı şübhə yaradırdı. Mən Əkbərov Talehə bu işin şər və qurama olduğunu bildirdikdə, dili dolaşa-dolaşa məni inandırmağa çalışırdı. Əkbərov Talehin dedikləri inandırıcı olmadığına görə, məsələni tam aydınlaşdırmaq üçün Kazımlı Nihadı şöbə rəisi ilə görüşdürməsini ondan xahiş etdim. Təqribən 30 dəqiqədən sonra Nihad mənə zəng vuraraq Əkbərov Talehlə birlikdə rəis müavini Səfər Nuriyevlə görüşdüklərini, Kazımlı Elminin azad edilməsi üçün ilk öncə 25 000 (iyirmi beş min) AZN, sonda isə Talehin qohumu olduğum üçün 20 000 (iyirmi min) AZN məbləğində pul tələb etdiyini bildirdi. Pul qarşılığında heç bir cinayət işi açılmayacağını və dərhal azad ediləcəyini dedilər. Bu zaman şöbənin əməkdaşı Tural Babayevin  Kazımlı Elminin qonşusuna dediyi “dayısının pulunu kif basıb” kəlməsi yadıma düşdü. Bu işin şər-böhtan və şübhələrimin əsaslı olduğunu anladım. Məhz mən iş adamı olduğuma görə bacım oğlu Kazımlı Elminin saxlanıldığı qənaətinə gəldim. Buna görə Taleh Əkbərovun mənimlə əlaqə saxladığı 050 434 44 90 mobil nömrəsinə sms vasitəsi ilə “ bu iş sənlik olub “ mesajini göndərdim. Ardinca zəng edib Taleh Əkbərova heç bir ödəniş olunmayacağını, müvafiq qurumlara müraciət olunacağını və dediklərimi rəis müavini Səfər Nuriyevə çatdırmasını da bildirdim.

Rahatlıqla məndən pul ala bilməyəcəklərini görüb, rəis müavini Səfər Nuriyevin qöstərişi ilə Taleh Əkbərov və Tural Babayev bacım oğlunun dostu İsa Valehi vəhşiçəsinə  döyərək,  Kazımlı Elminə qarşı yalan ifadə verməsini tələb ediblər. İsa Valeh bədən xəsarətləri almasına baxmayaraq, olmayan hadisə üçün heç bir ifadə verməmişdir. Mənim pul verməyəcəyimi bildirməyim və İsa Valehin də Elmin haqqında yalan ifadə verməyəcəyini görən şöbə əməkdaşları İsa Valehi və bacım oğlu  Kazımlı Elmini bir gündən sonra - 02.04.2022-ci ildə, saat 23:00 radələrində azad ediblər.

Vəhşiçəsinə döyülmə səbəbindən aldığı xəsarətdən əziyyət çəkən İsa Valeh müayinə olunmaq üçün Lənkaran Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Xəstəxananın LOR həkimi Camalov Z. İsa Valehi müayinə edərək, aldığı xəsarət haqqında tibbi rəy vermişdir(Əlavədə tibbi rəyin sürəti). Rayon Mərkəzi Xəstəxanasından döyülmə faktı ilə bağlı Lənkaran Rayon Polis İdarəsinə məlumat daxil olmuşdur. Məlumat əsasında İsa Valeh  RPİ-nə dəvət olunaraq izahatı alınmış və yenidən müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkaran Rayon Şöbəsinə qöndərilmişdir. İsa Valeh yenidən müayinə olunmuşdur.

Cənab Prezident!

Sizdən Baş DİN-in Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin rəis müavini Səfər Nuriyev, əməkdaşları - Taleh Əkbərov və Tural Babayevin cinayət əməllərinə son qoyulması üçün  müvafiq qurumlara göstəriş verməyinizi xahiş edirəm”.

Hazırladı: KƏNAN

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR