Saat:03:35
Haqqımızda

“Dayım generaldır”- Dini icma sədri cəbhə bölgəsində zabiti necə aldadıb? - ÖZƏL

2022-01-28 17:52:00

“Dayım generaldır”- Dini icma sədri cəbhə bölgəsində zabiti necə aldadıb? - ÖZƏL

Dini icmanın sədri dələduzluqda ittiham olunaraq həbs edilib. İttihama görə icma sədri hərbçini DTX-ya işə düzəldəcəyini vəd edib. Bu məqsədlə ondan pul istəyib. Pulu alan zaman keçirilən əməliyyatla saxlanılıb.

Hurriyyet.az Musavat.com-a istinadən xəbər verir ki, söhbət Dövlət Komitəsinin Lerik rayonu Sipyəreqon kənd məscidi üzrə dini icmanın sədri vəzifəsində işləmiş Araz Həsənzadənin əməllərindən gedir.

Araz Həsənzadə Cinayət Məcəlləsinin 29,178.2.4, 310 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinib ona görə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd edib. Həmçinin özünü vəzifəli şəxs kimi təqdim edərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyib, başqasının xeyrinə edəcəyi hərəkətə görə rüşvət verməyə təhrik edib.

Onun aldatdığı şəxs hərbiçi Rəşad Babayevdir (ad və soy ad şərtidir). İttihama görə, Araz Həsənzadə özünü Dövlət Təhlükəsizliyi Xidmətinin Antiterror Mərkəzinin əməkdaşı kimi təqdim edib. O, DTX-da rəhbər vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu deyərək Rəşadı DTX-nın Hərbi-Əks Kəşfiyyat İdarəsinə zabit kimi işə qəbul etdirəcəyini deyib və 5800 manat istəyib.

Onlar Bakıda restoranlardan birində görüşən zaman razılaşdırılan məbləğin 800 manatını alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri keçirilib. Araz Həsənzadə əlində 800 manatla saxlanılıb.

Məhkəmədə ifadə verən Araz Həsənzadə bildirib ki, adı çəkilən həbriçi ilə Vətən müharibəsi ərəfəsində tanış olublar. Belə ki, Araz toplanan yardımları cəbhə bölgəsinə aparan zaman Xocavənd istiqamətində Kamillə tanış olub, münasibətləri də bu zaman yaranıb.

Onun sözlərinə görə, ittihamda göstərildiyi kimi özünü DTX əməkdaşı olaraq təqdim etməyib. Amma DTX-da tanışlarının olduğunu deyib.

“Kamilə DTX-ya işə düzəlməsinə kömək edə biləcəyimi dedim. Onun əlaqə nömrəsini götürmüşdüm. O da mənim nömrəmi bilirdi. Bir müddət sonra zəng edib DTX-ya iş düzəlmək istədiyini dedi. Mən də maraqlana biləcəyimi söylədim.

 Bakıda Knyaz adlı tanışıma bu barədə məlumat verdim. Onun DTX-da tanışları var idi. Knyaz da kömək edə biləcəyini dedi. Amma pul istəmədi, söylədi ki, əgər iş alınsa dediyi adama 5 min manat pul verəcəyik. Mən də bununla razılaşdım. Amma Knyaz bu iş üçün heç bir məbləğ istəmədi. Mən 800 manatı öz yol xərclərimə görə istəmişdim. Pulu alanda əməliyyat keçirildi”- deyə Araz Həsənzadə ifadəsinə əlavə edib.

Araz Kamilin ondan niyə şikayət etməsinin səbəbini belə izah edib: “Mən həmin istiqamətdə generatorlar aparırdım. Son səfər zamanı onları görməyə getməmişdim. Kamil məndən yığılan yardımların hesabatını tələb etməyə başlamışdı. Qəbzləri tələb edirdi. Buna görə də münasibətimiz pozuldu. Məndən bu cür şikayət etdi”.

Araz Həsənzadə bütün bunlara görə peşman olduğunu, səhvini başa düşdüyünü deyib.

Rəşad Babayev isə şahid qismində dindirilən zaman bildirib ki, Araz Həsənzadə ilə cəbhə bölgəsinə yardım gətirən zaman tanış olub. Amma o, DTX-da işə düzəlməklə bağlı Araza müraciət etmədiyini deyib:

“Bir dəfə yardım gətirəndə maşınsız idi. Onu yola qədər maşınla apardım. Yolda DTX əməkdaşı olduğunu, dayısının DTX generalı olduğunu dedi. Mənə təklif elədi ki, DTX-ya işə düzəldə bilər. Əvvəlcə 800 manat istədi. Dedi ki, ilk olaraq mənimlə bağlı müavafiq qurumlara sorğular veriləcək. Sonra da işə qəbul üçün 5 min manat verməliyəm.

Arazla görüşən zaman yanımda general rütbəli bir nəfər DTX zabitinin adını çəkirdi. Telefona da onun adını “general dayım” kimi qeyd etmişdi. Dayısı kimi təqdim etdiyi şəxsin adını soruşdum. Sonra onun adını internetdə axtarışa verdim. Şəklini tapdığım şəxsi Araza göstərib dayısı olub-olmadığını soruşdum. Araz həmin şəxsin dayısı olduğunu dedi. Amma mən ona yalandan başqa şəxsin şəklini göstərmişdim. Bundan sonra Arazın yalan danışdığını başa düşdüm və DTX-ya müraciət etdim”.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Araza verilən 800 manat pul prokurorluq əməkdaşları tərəfindən əvvəlcədən xüsusi olaraq işarələnib və üzərində “rüşvət 2021” qeydi yazılıb.

Sənədlər tədqiq edilən zaman bildirilib ki, əməliyyat zamanı Araz Həsənzadənin avtomobilinə baxış keçirilib. Maşından çoxlu sayda ayrı-ayrı şəxslərə məxsus şəxsiyyət vəsiqələrinin sürəti və 1000 manatdan artıq nağd pul aşkar edilib.

Araz söyləyib ki, həmin şəxsiyyət vəsiqələri dini təhsil almağına köməklik göstərilməsi üçün həmin şəxslərin özləri tərəfindən ona verilib. Nağd pul isə Lerik rayonu, Kıncıkvu kəndində yerləşən “İmamzadə” türbəsinin və yolun təmiri üçün Hacı Ramazan adlı şəxs tərəfindən atasına verilən məbləğdir.

Məhkəmənin hökmü ilə Araz Həsənzadənin törətdiyi əməllər sübuta yetirilib və o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR