"Daxili köçün nəzərə alınması MSK-nın düzgün addımıdır, amma..." - İLQAR MƏMMƏDOV

2023-09-15 11:56:24

"Mərkəzi Seçki Komissiyası partiyalar üçün ən qısa zamanda toplantı təşkil etsə, çox doğru addım olar"

"Abşeron yarımadasından kənarda yerləşən bir neçə seçki dairəsi ləğv edilir, onların məntəqələri qonşu dairələrə verilir. Əvəzində, əsasən Abşeron yarımadasında yeni dairələr yaradılır". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov bildirib.

Partiya sədrinin sözlərinə görə, tezliklə baş verəcək bu yerdəyişmə ölkə daxilindəki əhali köçü ilə bağlıdır: "Bildiklərimdən: Şəkidə 114 saylı dairə, Lənkəranda 76 saylı dairə, Cəlilabadda 69 saylı dairə və başqaları ləğv olunur, əvəzində Sumqayıtda 2, Abşeronda isə 3 yeni dairə yaradılır".

İlqar Məmmədov qeyd edib ki, bu dəyişiklik deputatların ümumi sayına təsir etmir: "Deputat sayı ayrı mövzudur. Bunları haradan bilirik? Sözügedən o 3 dairədə partiyamızın təqdim etdiyi Dairə Seçki Komissiyası üzvləri var və Mərkəzi Seçki Komissiyasi (MSK) bizə şifahi şəkildə onların yerinə yeni dairələrdə üzv təklif etməli olduğumuzu bildirdi. Daxili köçün nəzərə alınması MSK-nın düzgün addımıdır. Amma bu işdə şəffaflığı artırmaq çox önəmlidir. Hələlik, MSK-nın planı haqqında çox dumanlı təsəvvürümüz var, halbuki MSK bu işi cari inzibatçılıq məqsədi ilə deyil, seçkidə rəqabət aparan partiyalara bərabər şərait yaratmaqdan ötrü yerinə yetirməlidir".

REAL-ın sədri onu da əlavə edib ki, MSK partiyalar üçün ən qısa zamanda toplantı təşkil etsə, çox doğru addım olar.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.142364