Daşkəsəndə şəhid Elməddin Vəkilovun doğum günü qeyd olundu – FOTOLAR

2022-07-28 16:12:00

Daşkəsəndə şəhid Elməddin Vəkilovun doğum günü qeyd olundu – FOTOLAR

İyulun 28-də Daşkəsənin Vətən müharibəsi şəhidi baş əsgər Vəkilov Elməddin Nizami oğlunun Daşkəsən Şəhidlər Xiyabanındakı məzarı önündə və evində keçirilən 34-cü ad günündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, DTX-nin rayon şöbəsinin rəisi Natiq Musayev, rayon prokuroru Şahin İmanov, SHXÇDX-nin rayon bölməsinin rəisi Mirqasım Abbasov, Qafqaz Müsəlmanlar İdarəsini Qazilər Şurasının üzvü Hacı Sədi Axundzadə, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, Şəhidin yaxınları, ağsaqqallar, rayonun şəhid anaları, qazilər, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hurriyyet.az xəbər verir ki, Daşkəsən İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyevin verdiyi məlumata əsasən, əvvəlcə Şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi yad edilib, məzarına gül-çiçək düzülüb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət diləyib, 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan şəhidlərimizin və qazilərimizin, həmçinin Şəhid Elməddin Vəkilovun döyüş meydanında göstərdiyi qəhrəmanlıqlardan söz açıb. İcra başçısı Əhəd Abıyev bu şanlı qələbəni bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını vurğulayıb, parlaq tarixi zəfərimizin müəllifi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu bildirib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi Daşkəsən rayonundan da 32 nəfər igid Vətən oğlunun müqəddəs şəhidlik zirvəsinə ucaldığını, ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmiş baş əsgər Elməddin Vəlikovun uca şəhidlik məqamına yüksəldiyini deyib.  Əhəd Abıyev istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, o cümlədən daşkəsənlilərin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib.

Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının Daşkəsən rayonunda bundan sonra da  yüksək səviyyədə davam etdiriləcəyini deyən Əhəd Abıyev çıxışının sonunda daşkəsənlilər adından dövlət rəhbərimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Digər çıxış edənlər də Şəhid Elməddin Vəkilovun şərəfli ömür yolundan danışıblar. Qeyd ediblər  ki,  o, uzun illər MAXE əsgər kimi ordu sıralarında şərəfli hərbi xidmət yolu keçib. Elməddin Vəkilov Vətən müharibəsində göstərdiyi  şücaətləri ilə xüsusən fərqlənib. Bir sıra döyüşlərdə düşmənin canlı qüvvəsinin məhv edilməsində, parlaq qələbələrin qazanılmasında yaxından iştirak edib, şəxsi igidlik nümunələri göstərib. Elməddin Vəkilov Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən şiddətli ağır döyüşlərdə qəhrəmancasına müqəddəs şəhidlik zirvəsinə yüksəlib.

Şəhidin anası Nərgiz Vəkilova  da çıxış edərək hər zaman ailəsinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055873