Daşkəsən sakini Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən şikayətçidir, qarşı tərəf isə... – MÜRACİƏT
Daşkəsən şəhər sakini İsayev Elman İslam oğlu tərəfindən Hürriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müraciəti olduğu kimi dərc edirik.
“Mən, Qarabağ veteranı İsayev Elman İslam oğlu, yazaraq sizdən xahiş edirəm ki, şikayətimi işıqlandırasınız.
Əvvəllər Daşkəsən şəhər avtobazasında işləyirdim. Sonra isə Gəncə marşrutunda şəxsi maşınımla işləməyə başladım. Xroniki xəstəliklərimə görə məni təqaüdə çıxardılar. Təqaüd az olduğuna görə, mən marşrutda da işləyirdim. Qaynatamın avtobus sürmək hüququ olduğuna görə, onunla bərabər işlədim. Elə həmin gündən qara günümüz başladı.
Mənim günlərimi ayrı-ayrı adamlara satdıqlarına görə, şikayətçi olmuşam. Vergimi aşağı qiymətlə alıb, mənə 24 gün iş günü verirdilər. Üç ildir təqaüdüm kəsilib. Hazırda məndən 120 manat pul alıb, 15-16 iş günü verirlər.
Dolana bilmədiyim üçün aidiyyəti orqanlara şikayətə başladım. Ən sonda da cənab Prezident İlham Əliyevə və Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə şikayətlər yazdım. Həmin şikayətlər isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Gəncə Regional İdarəsinin müdiri Müzadil Həsənova göndərilib. Onlar da acığa düşüb, işimi lap ağırlaşdırdılar. Mənə cərimə yazdılar. Belə ki, 120 manat dövlət rüsumu ödəyirəm. 100 manat məbləğində cərimə yazdılar.
Məlumat verim ki, maşınım xarab olduğu üçün sərnişinləri mənzil başına “Sprinter”lə çatdırdığım cərimə yazdılar. Bildirdim ki, dövlətin vergisini ödəmişəm. Deyirlər ki, bizə aidiyyəti yoxdur. Bir sözlə, işləməyə imkan vermirlər. Yazdığım şikayət də elə özlərinə qayıdır”.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, Daşkəsən-Gəncə marşrut xəttində sərnişindaşıma fəaliyyəti göstərən İsayev Elman İslam oğlu müxtəlif vaxtlarda ay ərzində 30-31 gün olaraq fəaliyyət göstərmək istəməsi ilə bağlı müraciətlər edib. Ona ay ərzində sürücülərin istirahət günləri və nəqliyyat vasitəsinə texniki qulluq günləri nəzərə alınmaqla, hərəkət qrafiki üzrə digər sürücülər kimi 18-19 gün işləyə biləcəyi bildirilib.
Daşıyıcı sərnişindaşıma fəaliyyətini “Fərqlənmə nişanı” aldığı nəqliyyat vasitəsi ilə həyata keçirir. Lakin səlahiyyətində olan digər nəqliyyat vasitəsi ilə qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərməsi aşkar edilib, bununla da o, digər daşıyıcların fəaliyyətinə maneçilik törədir. Dəfələrlə edilən xəbərdarlıqlara və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilməsinə baxmayaraq, o, bir “Fərqlənmə nişanı” ilə 2 nəqliyyat vasitəsi ilə sərnişindaşıma fəaliyyəti göstərməyə davam edir. Ona İdarəyə dəvət olunaraq bir daha xəbərdarlıq edilib.
Aynurə İSMAYIL
Hurriyyet.az