Daha bir biabırçı doktorluq dissertasiyası... - YANOŞ MƏHƏRRƏMOV YAZIR

2022-12-06 22:14:00

Daha bir biabırçı doktorluq dissertasiyası... - YANOŞ MƏHƏRRƏMOV YAZIR

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Astrofizika və   ulduz astronomiyası ixtisası üzrə dissertasiya müdafiə etmiş, fizika üzrə fəlsəfə doktoru, dosent Yanoş Mahmud oğlu Məhərrəmov tərəfindən “Hürriyyət”in redaksiyasına məktub daxil olub. Müəllif dissertant Canməmməd Nizam oğlu Rüstəmovun doktorluq dissertasiyası mövzusunda təqdim etdiyi avtoreferata verilən ilkin rəylə bağlı ŞAR-ın nəzdində yaradılmış Birdəfəlik Dissertasiya Şurasına müraciət edib. Müəllifin yazısını olduğu kimi dərc edirik:

İddiaçı C.N.Rüstəmovun “Təkamülün müxtəlif mərhələlərində olan massiv sıx qoşa sistemlərin spektral və fotometrik xüsusiyyətləri” mövzusunda təqdim etdiyi doktorluq dissertasiyası işinin üçüncü “avtoreferat”ında müdafiəyə çıxarılan müddəalarda, elmi yeniliklərdə və iş üzrə əsas nəticələrdə - ciddi nöqsanların, kobud səhvlərin, saxtakarlıqların və plagiatların bir qismi aşağıdakılardır:

Müdafiəyə çıxarılmış müəddəlara dair

Bu avtoreferatda müdafiəyə çıxarılan 7 müddəa yazılmışdır. Lakin onların bir qismi elmə və astronomlara məlum olmaqla ulduzlar üçün xarakterik olan adi müşahidə faktlarıdır, bir qismi plagiatdır, bəziləri isə kobud səhvlərdir və həm də iddiaçının saxtakarlığıdır. Təqdim edilmiş müddəalarda yeni nəticə və ya elmi yenilik yoxdur.

BİRİNCİ MÜDDƏA: WR tipli HD191765 ulduzunun qeyri-adi fotometrik dəyişkənliyi. Bu ulduzun fotometrik müşahidələri nəticəsində onun ulduz ölçüsünün ~10 dəqiqə ərzində 8m.0-dan 8m.1-ə qədər dəyişməsi aşkar edilmişdir.

RƏYÇİNİN XÜSUSİ ƏSASLANDIRILMIŞ İRADI: Avtoreferatın 32-33-cü səhifələrində verilmiş Cədvəl 4-ə diqqət yetirsək aşkar görünür ki, həmin cədvəlin 1-ci sütununda yazılmış Yuli tarixlərində tam hissələri eyni olan günlər yoxdur. Yəni həmin cədvəldə ən azı bir gündən bir və ya bir neçə günlük fasilə ilə fotometrik dəyişmələr təqdim olunmuşdur. HD191765-də (WR 134) ulduz ölçüsünün bir gün ərzində dəyişməsi isə ən çoxu 0,06 olmuşdur, iddiaçının uydurduğu kimi 0,1 yox. Odur ki, 0,06 ədədinin 0,1-ə yuvarlaqlaşdırılması yolverilməzdir, çünki bu sözügedən məsələdə böyük xətadır. Burada iddiaçının saxtakarlığı odur ki, Cədvəl 4-də 10 dəqiqəlik dəyişməni göstərən fakt, sübut yoxdur. Əgər ~ 10 dəqiqəlik dəyişmə olsaydı, bu zaman Cədvəl 4-də Yuli tarixlərinin tam hissələrindən ən azı ikisi eyni olmalı idi, lakin həmin cədvəldə belə hal yoxdur. Halbuki, iddiaçı özünün bu uydurmasını Cədvəl 4-ə istinad etməklə əsaslandırmağa çalışıb. Beləliklə, aşkar olur ki, ya iddiaçı Yuli günlərinin nə olduğunu bilmir, ya da ki, o, saxtakarlıq edərək ən azı bir sutka ərzində baş vermiş fotometrik dəyişməni ~ 10 dəqiqəlik dəyişmə kimi oxuculara və elmi ictimaiyyətə sırımışdır.

Belə saxtakarlığın haradan qaynaqlandığını aşkar etmək məqsədilə, iddiaçının istinad etdiyi Azərbaycan Astronomiya Jurnalının 2011-ci il, Cild 6, №2, səhifə 31-35-də nəşr etdirdiyi məqaləsinə baxış keçirdik. Yuxarıda qeyd olunan Cədvəl 4, bu məqalədə olduğu kimi verilmişdir. Həmin məqaləni oxuyarkən iddiaçı C.N.Rüstəmovun digər bir saxtakar əməli ortaya çıxdı. Aydın oldu ki, iddiaçı həmin məqaləsində рис.5 kimi təqdim etdiyi şəkilə istinad edib guya HD191765 ulduzunda 10 dəqiqəlik müddət ərzində ulduz ölçüsündə 0,1 qədər fotometrik dəyişmə əldə etmişdir. O bu fikirlərini Cədvəl 4-də yazdıqları ilə uzlaşdırmağa çalışsa da, amma рис.5-də verilənlərlə Cədvəl 4-də yazılanlar bir-birinə qətiyyən uyğun gəlmir. Bəs C.N.Rüstəmovun qeyd etdiyim saxta əməli nədir?

AAJ-də nəşr olunmuş sözügedən məqalənin 32-ci səhifəsinin 2-ci sütununda mətndə yazmışdır ki, 2455411.428 Yuli gününə uyğun tarixdə HD191765-in ulduz ölçüsünün 10 dəqiqə ərzində 8.0-dən 8.1-ədək dəyişmişdir və iddiaçı bu əsasla Pис.5-ə istinad etmişdir.

Pис.5-ə baxsaq: Şəkildən aşkar görünür ki, WR 134 (HD191765)-in və “kontrol” ulduzu deyilən obyektin siqnal təsvirlərinin müddəti 12 dəqiqəlikdir. Belə ki, absis oxundakı şkalaya diqqət etsək UT-yə uyğun 12-dən 22-yədək (10 dəqiqə) dəqiqəlik intervaldan solda və sağda hərəsində 1 dəqiqəlik siqnal təsvirlərini də nəzərə alsaq cəmi 720 saniyəlik (yəni 12 dəqiqə) siqnal təsvirləri göstərilmişdir. İndi isə Cədvəl 4-də 2455411.428 tarixinə uyğun bir ekspozisiya müddətinə (T) və təsvirlərin sayına (N) baxaq. Cədvəl 4-dən görünür ki, həmin tarixdə hər birisi 4 saniyə olmaqla cəmisi 130 təsvir alınmışdır. Bu isə cəmi 520 saniyəlik siqnal təsviri edir. Lakin Pис.5-də həm WR 134 (HD191765) ulduzu, həm də “kontrol” ulduzu üçün 720 saniyəlik siqnal təsvirinin fotoşəkli verilmişdir.

Cəmisi 520 saniyəlik fotometrik müşahidədə 720 saniyəlik siqnal təsviri necə görünə bilər, bu ola bilməz axı...?

Beləliklə, tam sübut edilmiş oldu ki, birincisi Cədvəl 4-də verilənlər ən azı bir sutkalıq və bundan çox olan dəyişmələrdir, orada 10 dəqiqəlik dəyişmələr göstərilməyib. Həm də iddiaçının buna uyğun - Azərbaycan Astronomiya Jurnalının 2011-ci il, Cild 6, №2, səhifə 31-35-də nəşr etdirdiyi məqaləsindəki 5-ci şəkildəki siqnal təsvirlərlə, Cədvəl 4-də 2455411.428 Yuli tarixinə uyğun verilənlər, ümumi ekspozisiya müddəti baxımından bir-birinə uyğun gəlmir.  Belə ki, həmin 5-ci şəkildə 720 saniyəlik siqnal təsvirləri verilib, lakin Cədvəl 4-də isə buna uyğun ümumi ekspozisiya müddəti 520 saniyədir. Bu isə qeyri-mümkündür. Göründüyü kimi iddiaçı 520-ni 720-dən böyük hesab edib...???

Digər “Rəyçi”lər, “Opponent”lər və BED 3.05 Birdəfəlik Müdafiə Şurasının üzvləri çox savadsız olduqlarından bunu başa düşməyiblər.

İKİNCİ MÜDDƏA:  WR tipli HD192163 ulduzunun spektrində NaI 5890 və NaI 5896 xətlərinin formalaşmasında bu ulduzu əhatə edən NGC 6888 həlqəvi dumanlığının payının olması.

RƏYÇİNİN İRADI: İddiaçının bu fikri də yeni deyil. Əvvəla isti ulduzların spektrlərində NaI 5890 və NaI 5896 dublet xətlərinin ulduzlararası mühitdə formalaşması əsasən ehtimal kimi astrofizika elminə çoxdan məlumdur. Digər tərəfdən HD192163 ulduzu elə NGC6888 dumanlığının içərisində olduğundan aksiom kimi aydın olur ki, ulduzu əhatə etmiş dumanlıq mühiti, NaI dublet xətlərinin formalaşmasına öz təsirini göstərəcək.

ÜÇÜNCÜ MÜDDƏA:  HD191765 və HD192163 ulduzlarının spektral tipləri arasında fərqin aşkar edilməsi. Müəyyən edilmişdir ki, HD192163 ulduzu WN6 alt tipinə daha dəqiq uyğun gəlir, HD191765 ulduzu isə WN5 ilə WN6 arasındakı sərhəddə yerləşir. 

RƏYÇİNİN İRADI: Bu məsələyə dair iddiaçı avtoreferatın 37-38-ci səhifələrində  məlumat vermişdir. Burada müvafiq kəmiyyətlər üçün loqarifmik nisbətlərin hesablanması yeni deyil, iddiaçı başqalarının işlərində (hələlik bu köçürmənin ünvanını göstərmirik) yazılanları hazırki ulduzlar üçün mexaniki qaydada tətbiq edib sadə hesablama aparmışdır. İddiaçının belə sadə hesablamaları müdafiəyə çıxarılan əsas müddəa kimi təqdim etməsi çox acı təəssüf doğurur. Bu müddəa deyil, adi laborant işidir.

DÖRDÜNCÜ MÜDDƏA:  HD206267 ulduzunun spektrində H-alfa xəttinin bənövşəyi qanadında zəif stabil emissiya xəttinin, nüvəsində isə Diskret Absorbsiya Komponentlərinin (DAK) meydana gəlməsi və hərəkətinin aşkar edilməsi. 

RƏYÇİNİN İRADI: DAK əksər ifratnəhənglərin, o cümlədən WR ulduzlarının H-alfa, hətta bəzən də H-beta xətlərinin profillərində müşahidə olunur. Bu əvvəldən də məlumdur (hələlik bu köçürmənin ünvanını göstərmirik) və həm də müşahidə faktıdır. Müşahidə faktını müdafiə etməzlər. Bu müddəa deyil.

BEŞİNCİ MÜDDƏA: HD206267 ulduzunun spektrində H-alfa və H-beta xətlərinin asimmetriyası və bu asimmetriyanın zamana görə dəyişməsi. H-alfa və H-xətləri üçün əks asimmetriya aşkar edilmişdir. Belə ki, H-alfa xəttinin bənövşəyi qanadı asimmetrik olduqda, H-beta xəttinin qırmızı qanadı asimmetrik olur və əksinə.

RƏYÇİNİN İRADI: Bu ulduza dair işlər avtoreferatın 15-19-cu səhifələrində verilmişdir. Avtoreferatın həmin səhifələrindəki istinadlar göstərir ki, yazılanların əksəriyyəti başqalarından köçürmədir. Birdə ki, əksər isti ulduzların spektrlərində müşahidə olunan H-alfa və H-beta xətlərində asimmetriya var. Bu yeni olmayan adi müşahidə faktıdır, müddəa deyil. Müşahidə faktını müdafiə etmirlər. Qaldı ki, buna dair avtoreferatın 17-18-ci səhifələrində yazıldığı kimi - spektral xətdə şüa sürəti, qalıq intensivliyi, ekvivalent en ölçmək laborant işidir. İsti ulduzlarda spektral xətdə şüa sürəti və spektral parametrlərin ölçülməsi və bu kəmiyyətlərin qiymətlərində dəyişkənliklərin olması adi haldır. Bunlar da müddəa deyil. Səhifə 18-də göstərilmiş H-alfa və H-beta profilləri isə çox kiçik olmaqla aydın görünməyən formatda verilməklə səliqəsizdir. Aşkar görünür ki, həmin profillərdən DECH proqram qovluğunun “smooth” komandası vasitəsilə küy aradan qaldırılmamışdır. Küy aradan qaldırılmayanda da xəttin profili yalançı asimmetriya göstərə bilir.    

ALTINCI MÜDDƏA: b Lyr ulduzunun orbital periodunun müşahidə mövsümünə (2016-cı ilin iyul-avqust ayları) uyğun qiymətinin 12,9414 gün olması. Məlumdur ki, b Lyr ulduzunun baş komponenti intensiv kütlə itkisinə məruz qaldığından onun orbital periodunun qiyməti hər il ~ 19 saniyə artır. Ona görə də, bu ulduzu tədqiq edərkən ilk öncə onun orbital periodunun müşahidə mövsümünə uyğun qiyməti müəyyən edilməlidir.

RƏYÇİNİN XÜSUSİ ƏSASLANDIRILMIŞ İRADI: İddiaçı öz avtoreferatının 22-ci səhifəsində yazıb ki, şüa sürəti əyrisini sürüşdürərək M.Skulskinin əyrisi ilə üst-üstə salmaqdan ötrü periodun qiymətini süni surətdə azaltmışdır və bu zaman 12,9414 gün qiyməti alınmışdır. Daha sonra avtoreferatın 23-cü səhifəsində iddiaçı istinadla uydurub ki, onun tapdığı P=12,9414 günlük period Zhao M. və başqalarının tapdığı periodla üst-üstə düşmüşdür. Qeyd edirik ki, iddiaçı burada da aşağıda göstərilmiş kobud səhvə, saxtakarlığa və plagiata yol vermişdir.

Əvvəla b Lyr ulduzu üçün orbital periodun P=12,9414 gün olmasını iddiaçının istinad etdiyi kimi Zhao.M və başqaları (Zhao.M et al. “First resolved images of the eclipsing and interacting binary b Lyrae”, The Astrophys. Journal. 2008, 684, p. L95-L98) deyil, H.Ak və başqaları (H.Ak et al. “New findings supporting the presence of a thick disc and bipolar jets in the β Lyrae system”, 2007, Astronomy and Astrophysics, 463, p. 233-241) tapmışdır.

Tövsiyyə edirəm ki, iddiaçı C.N.Rüstəmov - H.Ak və başqalarının 2007-ci ildə nəşr etdirdiyi məqaləni oxusun və dərk edib öyrənsin ki, b Lyr ulduzu üçün tapılmış P=12,9414 günlük orbital period – həmin müəlliflərin həmin ulduzu müşahidə etdiyi tarixə aiddir. Onlar öz məqaləsində bu ulduzun 1991-2003-cü illərdə alınmış spektrlərindən istifadə ediblər və tapılmış P=12,9414 günlük period isə hamı tərəfindən qəbul edilməklə sözügedən ulduzun 1991-2003-cü illərdən hansısa bir müşahidə ilinə uyğun qiymətdir. Bunu dəqiqləşdirmək lazım idi. Həmin epoxadan etibarən P=12,9414 günlük period başlanğıc qiymət götürülür.

İddiaçının da plagiata yol verməklə yazdığı kimi hər il b Lyr ulduzunun periodu 19 saniyə artır axı...  Göründüyü kimi iddiaçı C.N.Rüstəmov avtoreferatının 22-ci səhifəsində yazıb ki, bu ulduzun spektral müşahidələrini 2016-cı ildə aparmışdır. Ona görə də plagiata və saxtakarlığa yol verilməklə yazılmış bu avtoreferatda qeyd olunduğu kimi b Lyr ulduzunun iddiaçının 2016-cı ildəki müşahidəsinə uyğun orbital periodun qiyməti çox illər öncə tapılmış qiymətlə üst-üstə düşə bilməz. Bəs hər il 19 saniyə artımlar hara getdi...???

İddiaçıya tövsiyyə edirəm ki, M.Broz və başqalarının (M.Broz et al, A&A 645, A51 2021) məqaləsini də oxusun. Orada girişdə yazılıb ki, 2013-cü ildə artıq b Lyr ulduzunun orbital periodunun qiyməti P=12.9427 gün olub – başlanğıc epoxa yuxarıda qeyd etdiyim kimi H.Ak və başqalarının 2007-ci ildəki nəşr etdirdiyi məqalədəki P=12,9414 gün götürülməklə.

İndi belə halda b Lyr ulduzunun orbital periodu üçün iddiaçının 2016-cı ilə uyğun tapdığı qiymət çox illər əvvəl tapılmış P=12,9414 gün ola bilməz axı...? Bu həm saxtadır, həm də kobud səhvdir. Amma bu saxtakarlıq və kobud səhvlər iddiaçının hərisliklə plagiata yol verməsindən irəli gəlir.

Digər “Rəyçi”lər, “Opponent”lər və BED 3.05 Birdəfəlik Müdafiə Şurasının üzvləri çox savadsız olduqlarından bunu başa düşməyiblər.

YEDDİNCİ MÜDDƏA: b Lyr ulduzunun ikinci komponentini əhatə edən diskdə iki isti ləkənin olmasını göstərən əlavə müşahidə faktının aşkar edilməsi.

RƏYÇİNİN XÜSUSİ ƏSASLANDIRILMIŞ İRADI: Əvvəla müşahidə faktı müddəa deyil. Amma iddiaçının bu yazılarının özü də plagiatdır. Aşağıdakı jurnalda məqalədən fraqmenti təqdim edirəm.

Monthly Notices of the Royal Astronomical Society, Volume 432, Issue 1, p.799-809

June 2013

Mennickent, R. E. , Djurašević, G. “On the accretion disc and evolutionary stage of β Lyrae”

Abstract: … The light-curve model is significantly better with two bright regions in the disc rim with temperatures 10 and 20 per cent higher than the disc outer edge temperature. We compare our results with earlier studies of this interacting binary.

Göründüyü kimi, b Lyr ulduzunda ikinci komponenti əhatə edən diskdə iki isti ləkənin aşkar edilməsi əvvəllər (2013-cü il) başqaları tərəfindən müəyyən edilmişdir - C.N.Rüstəmov isə bu ulduzu 2016-cı ildə müşahidə etməyə başlamış və plagiata yol vermişdir.

İddiaçının təqdim etdiyi bu 3-cü avtoreferat əvvəlki avtoreferatlardan daha pisdir. Avtoreferatdakı ciddi nöqsanları və qüsurları düzəltmək qeyri-mümkündür. Bu avtoreferatda 50-dən çox orfoqrafik səhvin, bayağı sözlərin, çoxsaylı gülünc doğuran yazıların olması da öz yerində.

İddiaçının təqdim etdiyi bu 3-cü avtoreferatda ELMİ YENİLİK VƏ  NƏTİCƏLƏR bölmələrində yazılanlar – cümlələrin sözlərini və formasını dəyişməklə MÜDAFİƏYƏ ÇIXARILAN ƏSAS MÜDDƏALAR bölməsində yazılanların təkrarıdır.

NƏTİCƏLƏR bölməsinin 7-ci punktunda LZ Cep ulduzuna dair yazılmış söz və ifadələr iddiaçının əvvəlki avtoreferatlarında yoxdur. Odur ki, bu “nəticə” ŞAR-da heç bir müzakirədən keçməmişdir.

İddiaçinin daha bir kobud nöqsanı onun avtoreferata 6-cı fəsili əlavə etməsidir. Bu 3-cü avtoreferatdan görünür ki, 6-cı fəsildə - iddiaçının 1-ci və 2-ci avtoreferatında olduğu kimi “Spiral Qalaktikaların quruluşunun mənşəyi və xüsusiyyətlərinə” dair fərziyyələr, iddiaçının əsaslandırılmamış “orijinal fikirləri” yazılmış və başqalarından köçürülmüş düstur və formullar, nəticələr qeyd olunmuşdur.

RƏYÇİNİN CİDDİ İRADI: Aşkar görünür ki, iddiaçı 6-cı fəsildə uydurduğu fərziyyələri və “orijinal fikirləri” müdafiəyə çıxarılan əsas müddəalara, elmi yeniliyə və işin əsas nəticələrinə daxil etməyib. Belə halda həmin uydurmaları “dissertasiya”nın mətninə və avtoreferata qətiyyən daxil etmək olmaz. İddiaçının belə əməli o demək olur ki, “dissertasiya” cızmaqarasının həcm planını doldurmaq məqsədilə o belə çirkin iş tutub. Bu isə yolverilməzdir. “Dissertasiya”nın və “avtoreferat”ın bütün mətnindən heç nəyə yaramayan 6-cı fəsil tam çıxarılmalıdır. Bizdə rəsmi məlumat var ki, hətta xaricdən olan rəyçilər də 6-cı fəslin mətndən tamamilə çıxarılmasını tövsiyyə ediblər. Amma iddiaçı C.N.Rüstəmov bütün tövsiyyələrə qarşı əsassız inadkarlıq edir.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”-nin 3.2-ci bəndində deyilir: Elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olaraq, aşağıdakı tələblərdən birinə cavab verməlidir:

3.2.1. dissertasiya işi böyük əhəmiyyət kəsb edən yeni elmi problemin həllini təmin etməlidir;

3.2.2. dissertasiya işində müvafiq elm sahəsinin perspektiv inkişafı üçün mühüm elmi nailiyyət hesab edilə bilən əsaslandırılmış yeni nəzəri müddəalar irəli sürülməli və işlənib hazırlanmalıdır;

3.2.3. elmi-texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töhfə verən, texniki-iqtisadi cəhətdən əsaslandırılmış yeni texniki və texnoloji işləmələrin həlli verilməlidir.

Hazırki rüsvayçı və biabırçı “dissertasiya işi” və onun “avtoreferatı” yuxarıda Əsasnamədə göstərilən tələblərdən heç birinə cavab vermir. Belə ki, bu “dissertasiya” yeni elmi problemin həllini təmin etmir, burada astronomiya elminin inkişafı üçün mühüm elmi nailiyyət hesab edilə bilən əsaslandırılmış yeni nəzəri müddəalar irəli sürülməmiş və işlənib hazırlanmamışdır və o cümlədən elmi-texniki tərəqqini sürətləndirməyə töhvə verən, texniki-iqtisadi cəhətdən əsaslandırılmış yeni texniki və texnoloji işləmələrin həlli verilməmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”-nin 4.13-cü bəndində deyilir:  Bu Əsasnamənin 4.11-ci və 4.12-ci bəndlərinin tələbləri pozulduğu halda dissertasiya şuralarının və onların nəzdində yaradılan elmi seminarların sədrlərinə və üzvlərinə, elmi rəhbərlərə (elmi məsləhətçilərə), rəsmi opponentlərə Komissiya bu barədə rəsmi xəbərdarlıq edir.

Bildiririk ki, biz bu Əsasnamənin 4.11-ci və 4.12-ci bəndlərinin tələblərinin kobud şəkildə pozulduğunu aşkar etdik və bununla bağlı Ali Attestasiya Komissiyasına rəsmi ərizələr göndərdik. Lakin həmin Əsasnamənin 4.13-cü bəndində göstərildiyi kimi Ali Attestasiya Komissiyası tərəfindən hər hansı rəsmi xəbərdarlığı görmədik.

İddiaçının AVTOREFERATININ BİR NÜSXƏSİNİ DƏ SİZƏ GÖNDƏRİRİK. BAXIN: PLAGİATI, KÖÇÜRMƏLƏRİ, ÇOXSAYLI BİABIRÇI NÖQSANLARI, SƏHV VƏ SAXTKARLIQLARI ÖZÜNÜZ GÖRƏCƏKSİNİZ. BELƏ RÜSVAYÇILIĞI DA MÜDAFİƏ EDƏRLƏRMİ?...

Aşkardır ki, ŞAR-ın nəzdində formalaşdırılmış BED 3.05 Birdəfəlik Dissertasiya Şurası fırıldaqçılardan ibarət olmaqla qeyd olunmuş biabırçı “dissertasiya”ların təsdiqi üçün nəzərdə tutulmuşdur. Bu təkcə ŞAR-ın rəhbərliyinin yox, həm də Azərbaycan Prezidenti Yanında Ali Attestasiya Komissiyasının korrupsiya hüquqpozması  ilə məşğul olması deməkdir.

Yekunda hesab edirik ki, əgər iddiaçı C.N.Rüstəmov ixtisası üzrə gələcəkdə yeni elmi nəticələr əldə edərsə, onu müdafiəyə təqdim edə bilər. Amma hazırki biabırçı iş plagiat və köçürmələrdən, düzəldilməsi mümkün olmayan çoxsaylı ciddi nöqsanlardan, səhvlərdən və saxtakarlıqlardan ibarət olduğundan o qətiyyən müdafiəyə təqdim oluna bilməz. Belə müdafiə dərhal ləğv edilməlidir. Yoxsa ki, bu da tezliklə bütün Sosial Şəbəkələrə yayılmaqla ictimailəşdiriləcəkdir".

Yanoş MƏHƏRRƏMOV

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.001366