Saat:02:11
Haqqımızda

COVİD pasportlarının saxtalığını yoxlayan cihaz gətiriləcək? - RƏSMİ AÇIQLAMA

2021-09-24 09:31:00

COVİD pasportlarının saxtalığını yoxlayan cihaz gətiriləcək? - RƏSMİ AÇIQLAMA

Bütün dünyada pandemiyanın tüğyan etdiyi bir vaxtda ölkəmizdə də COVİD bəlasına qarşı mübarizə uzun müddətdir ki, yüksək templə davam edir. Xüsusilə də, koronavirusa qarşı ən effektiv üsul hesab olunan vaksinasiya prosesinə daha böyük diqqət yetirilir.

Lakin bu məsələdə bir sıra saxtakarlıq hallarına yol verildiyi ilə bağlı xəbərlər də ara-sıra qarşımıza çıxır. Belə ki, təcrübədə peyvənd olunmadan vaksin pasportlarının satılması hallarına yol verildiyi məlumdur.

Bu səbəbdən, Daxili İşlər Nazirliyi də bu cür xoşagəlməz halların qarşısnı almaq üçün ciddi tədbirlər görməyə davam edir.

Buna müvafiq olaraq, sentyabrın 23-də DİN-dən mətbuata verilən açıqlamada saxta COVİD pasportu satanlarla bərabər alanların da qanun pozuntusuna yol veridyi qeyd olunub.

Bu zaman isə vacib bir nüans ortaya çıxıb: Vaksin pasportlarının saxta olub-olmaması yoxlanıla bilərmi?

Qeyd edək ki, dünya təcrübəsində insanların həqiqətən də peyvənd olunub-olunmadığını müəyyən edən cihazlar mövcuddur və xarici KİV-lərdə yayılan xəbərlərdə Böyük Britaniyada bir sıra aeroportlarda həmin avadanlıqdan istifadə olunduğu qeyd olunub.

Hurriyyet.az xəbər verir ki, suala cavab tapmaq "Bizim.Media" Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxlayıb.

DİN-in sözcüsü açıqlamasında peyvənd olunmamış şəxslərin aşkar edilməsi üçün hər hansı cihazın tətbiqinin TƏBİB-in səlahiyyətləri çərçivəsində olduğunu qeyd edib.

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış isə məsələnin çalışdığı qurumun səlahiyyətləri çərçivəsində olmadığını və TƏBİB-in xəstəxanalarda müalicə işini təşkil etdiyini bildirib.

Ümumilikdə isə, hər hansı şəxsin peyvənd olunub-olunmadığını yoxlamağın mümkünlüyü ilə bağlı danışan həkim-radioloq Aydın Əliyev sözügedən məsələnin müəyyənləşdirilməsinin o qədər də asan olmadığını bildirib:

“Qanda immunoqlabinin miqdarını yoxlamaqla insanın orqanizmində antitelin formalaşdığını müəyyən etmək olar. Əgər şəxs peyvənd olunubsa və ya virusa yoluxubsa qan analizində bunu aydınlaşdırmaq mümkündür. Lakin burada da istisna hallar var. Belə ki, praktikada peyvənd olunduğu təqdirdə qanda immunoqlobin yaranmayıb.

Bu səbəbdən də kiminsə həqiqətən də vaksinasiyadan keçdiyini qan analizi ilə 100% dəqiqliklə müəyyən etmək çox çətindir”.

Aydın Əliyev sözügedən məsələdə dəqiq nəticə əldə etmək üçün hər hansı yeni cihazın və ya metodun mövcudluğu haqqında isə dəqiq məlumatının olmadığını bildirib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR