Saat:18:12
Haqqımızda

Coşqunun gəlinliklə səhnəyə çıxması müzakirə yaratdı – Deputatdan ETİRAZ

2025-11-17 16:58:07

Coşqunun gəlinliklə səhnəyə çıxması müzakirə yaratdı – Deputatdan ETİRAZ

“Bu Şəhərdə” yumoristik qrupunun aktyorları Rafael İsgəndərov və Coşqun Rəhimov qadın paltarı geyindiyi üçün sosial şəbəkələrdə tez-tez tənqid olunur. Hətta illər əvvəl deputat Fazil Mustafa da "hacı titulu" daşıyan aktyorların qadın libasında səhnəyə çıxmasını doğru hesab etməmiş və bunun onların hörmətinə xələl gətirdiyini bildirmişdi.

Qrupun bir neçə gün öncəki konsertində Coşqun Rəhimovun yenidən qadın, daha doğrusu, gəlin paltarı libasında səhnədə görünməsinə Milli Məclis üzvü fərqli münasibət bildirməyib.

Hurriyyet.az xəbər verir ki, “Yeni Sabah”a açıqlamasında Fazil Mustafa aktyorların qadın obrazında çıxış etməsinin müəyyən hallarda qəbul oluna biləcəyini vurğulayıb:

“Aktyorların hər hansı şəkildə bu cür, qadın paltarında tamaşalar verməsi ola bilər. Müəyyən bir epizodda və ya hər hansı zəruri hallarda bu rolu canlandırmaq olar. Bunu tarixi ənənələrimizdə də görmüşük və cəmiyyətdə elə də ikrah doğurmur.

Açığı, mən bir də bu mövzuya qayıtmaq istəmirəm, çünki bəzən elə fikirləşirlər ki, kimlərisə hədəfə götürmüşəm. Bu, belə deyil.

Son vaxtlarda “Komedixana”nı tərifləmişəm, orada çox istedadlı aktyorlar var. Onlar müəyyən ölçüləri də qorumağı bacarır, əsl yumoru sözlə, ifadələrlə dolğun şəkildə tamaşaçıya çatdıra bilirlər, bayağılığı hiss etdirmirlər. Bu olduqca vacibdir. Məna ilə, düşüncə yaratmaqla insanları güldürmək özü çox böyük qabiliyyətdir. Amma bütövlükdə kişilərin qadın paltarı ilə hansısa ardıcıllıqla, mütəmadi tamaşa göstərməsinin əleyhinəyəm.

Təbii ki, “Bu Şəhərdə” komandası da Azərbaycanın çox istedadlı sənət adamlarıdır. Amma düşünürəm ki, bu üslubdan uzaqlaşmaq daha faydalı olar, bu, yaxşı qarşılanmır. O mənada yox ki, sənəti öldürmək istəyirik, xeyr! Sənətdə hər şey müəyyən dərəcədə nəzərdə tutula bilər, lakin bunu bir ənənəyə çevirmək hesab edirəm ki, yanlışdır. Çünki mövzu seçimi önəmlidir”.

Deputatın sözlərinə görə, sənətdə mövzu seçimi son dərəcə vacibdir və bayağılığa yuvarlanmaq düzgün yanaşma deyil:

“Mehmet Akifin çox gözəl bir fikri var: "Hər sözü söyləmək olar, amma onu ədəbiyyata gətirmək olmaz". Çünki “ədəbiyyat” sözü “ədəb” sözündən yaranıb. Yəni hər şeyi demək mümkündür, ancaq ədəbi pozmadan. Bu baxımdan səhnə də, mövzular da belədir. Yüzlərlə mövzu var və onların arasından seçim etmək mümkündür. Amma bayağılığa yuvarlanmaq doğru yanaşma deyil. Hər halda, Əməkdar artistlərimizin bu tənqidləri nəzərə almaları yaxşı olardı”.