Çörək yenə bahalaşacaq? - "Yaxın üç ayda...”

2022-04-16 13:40:00

Çörək yenə bahalaşacaq? -

Rusiya buğdanın 1 tonuna ixrac rüsumunu 110.7 dollara qədər qaldırıb. Azərbaycanın əsas buğda tədarükçüsünün Rusiya Federasiyası olduğunu nəzərə alsaq, un və un məmulatlarının, o cümlədə çörəyin qiymətində yeni bahalaşma mümkündürmü?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı Asif İbrahimli Azərbaycanın ərzaq təhlükəsizliyində ciddi problemlərin olduğunu bildirib.

O qeyd edib:

“Azərbaycanda taxıl və ümumən dənli bitkilərin istehsalı həyata keçirilir, amma daxili ehtiyacın 50%-i kənardan gətirilir. Ötən il Rusiyada buğdanın ixrac qiymətinə 2 dəfə əlavə rüsum tətbiq edilib. Hətta bir ara ixraca qadağa və məhdudiyyətlər tətbiq olunub.

Keçən il Azərbaycan hökuməti gizli infilyasinın qarşısını almaq üçün un və un məhsullarının istehsal edildiyi müəssisələrə müəyyən subsidiyalar ayırıb. Hökumət infilyasiyanın qarşısını almaq üçün əlavə tədbirlər görüb.

Hazırda Rusiya-Ukrayna müharibəsi gedir və Rusiyaya qarşı sanksiyalar tətbiq edilir. Bu, Rusiyanın dünya bazarına çıxardığı məhsullarda öz əksini tapmaya bilməzdi. Qonşu ölkə Kənd Təsərrüfatı Nazirliyinin yeni rüsum qərarı gözlənilən idi”.

Ekspert qısa zamanda təxirəsalınmaz tədbirlərin həyata keçirilməli olduğunu qeyd edib:

“Dövlət proqramı ciddi formada yenidən nəzərdən keçirilməli, daha sonra alternativlər müəyyən olunmalıdır.

Yaxın 3 ayda çörəyin qiymətində bahalaşma ehtimalı görmürəm, çünki Azərbaycanın müəyyən qədər buğda ehtiyatı var. Qiyməti formalaşdıran xammal, daşınma, icra, əməhhaqqı və s.-dir. Hökumət subsidiyalar ayırmasa, qiymətin artması labüdür”.  

"Rusiya buğda ixracına ümumiyyətlə, qadağa qoyacağı təqdirdə, Azərbaycanın alternativ bazarı varmı?" sualına iqtisadçı belə cavab verib:

“Alternativ var, lakin daşınma, logistika ucuz olduğu üçün buğda Rusiyadan alınır. İkinci sırada Qazaxıstan durur, bu ölkədən də buğda idxal olunur. Qazaxıstandan buğda alışını artıra bilərik.

Azərbaycanda münbit torpaqlar mövcuddur. Kənd təsərrüfatı sahəsində müəyyən islahatlar həyata keçirilərsə, kəndli fermerlər bu işlərə təşviq edilərsə, bu istiqamətdə müsbət nəticələr əldə etmək mümkündür”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya