Saat:05:34
Haqqımızda

"Çinlə hərbi inteqrasiya Rusiyaya baha başa gəlir" - ELXAN ŞAHİNOĞLU

2021-11-30 10:44:00

"Rusiya müdafiə sisteminin Çinlə əməkdaşlığı genişləndirməsi Yaponiya, Cənubi Koreya və Hindistanda Kremlin siyasəti ilə bağlı sualların sayını artırıb"

"Çinin artan gücü ABŞ və onun müttəfiqlərini əvvəlkitək narahat edir. Pekinin hipersəsli raketləri sınaqdan keçirməsi bölgə ölkələrini və Qərbi hərəkətə keçməyə məcbur edib. Bundan başqa, Çin Rusiya ilə birgə Yaponiya sahillərinə yaxın sularda birgə hərbi təlimlər keçirib ki, bu da ciddi narahatlıq mənbəyinı çevrilib". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloqun sözlərinə görə, Moskva "Çinlə birgə hərbi təlimlər üçüncü ölkələrə qarşı yönəlməyib" açıqlamasını səsləndirsə də, buna inanan azdır: "ABŞ və bölgədəki müttəfiqləri bu təlimləri ciddi təhlükə mənbəyi hesab ediblər. Böyük Britaniyanın “Financial Times” dərgisində yayımlanan məqalədə ABŞ və müttəfiqlərinin Çini durdurmaq üçün yeni plan hazırladığı bildirilib. Plan üzərində Pentaqon işləyib. ABŞ Müdafiə Nazirliyi hesab edir ki, Çinin yeni raketləri əvvəlki raketlərdən 5 dəfə daha sürətlidir. Pekin Vaşinqtonun iddialarını qəbul etməyib. Çin Xarici İşlər Nazirliyi ordunun xüsusi raketlər hazırlamadığını, həmişəki sınaqlar keçirdiyini bildirib".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, Pekin bu kimi açıqlamalarla Vaşinqtonu və qonşularını sakitləşdirməyə çalışır: "Ancaq çətin ki, bu açıqlamalar bölgə ölkələrini sakitləşdirsin. ABŞ-ın kosmik qüvvələr komandanın yardımçısı Devid Tompsonun sözlərinə görə, Çin və Rusiya hipersəsli raketlərin istehsalında Amerikanı qabaqlamağa çalışır: “Biz təcili bu geriləməni aradan qaldırmalıyıq”. Mövcud vəziyyətdən Yaponiya da narahatdır. Yaponiyanın xarici işlər naziri Esimasa Xayasi Çin-Rusiya birgə hərbi təlimlərinin ölkəsi üçün təhdid yaratdığını bildirib: “Biz həm Moskvaya, həm də Pekinə narahatlığımızı çatdırmışıq. Onların etdikləri regional təhlükəsizliyə ciddi təhdiddir”. Bu arada, ABŞ, Hindistan, Yaponoya və Avstraliya liderlərinin ikinci sammitinin gələn il Tokioda keçiriləcəyi açıqlanıb. Bu birlik Çinə qarşı formalaşıb. Çinin və Rusiyanın hərbi inteqrasiyasında Cənubi Koreya da narahat olub. Çünki Seuldan yayımlanan açıqlamalarda Rusiya ilə Çinin hərbi təyyarələrinin Cənubi Koreyanın hava sahəsini pozduğu bildirilib".

Elxan Şahinoğlu onu da qeyd edib ki, Çinlə hərbi inteqrasiya Rusiyaya baha başa gəlir: "Məsələ burasındadır ki, Rusiyanın Yaponiya, Cənubi Koreya, Hindistanla ikitərəfli münasibətləri bu günə qədər normal inkişaf edirdi. Ancaq Rusiya müdafiə sisteminin Çinlə əməkdaşlığı genişləndirməsi adı çəkilən dövlətlərin Kremlin siyasəti ilə bağlı sualların sayını artırıb".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR