“Cinayətkar dəstə kimlərsə tərəfindən himayə olunur” – NAZİR VİLAYƏT EYVAZOVA MÜRACİƏT
Ukraynada anadan olan, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhər sakini Eyvazova Gültəkin Niyaməddinovna tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edir:
“Cənab Vilayət Eyvazov!
Mən, Eyvazova Gültəkin Niyaməddinovna, yazaraq Sizdən xahiş edirəm ki, işimə baxılması və dələduzluqla mənimsənilən pulumun alınıb mənə qaytarılması üçün göstəriş verəsiniz. Artıq yorulmuşam, hər dəfə müstəntiq bir bəhanə ilə işimizi yubadır.
Qeyd edim ki, 05.06.2025-ci il tarixində “Kapital Bank” kartlarına müdaxilələr olunmuşdu. Nəticədə 2 kartımdan - birindən 500 manat, digərindən isə 1500 manat pul çəkilmişdir.
Onu da qeyd edim ki, pullar Azərbaycanda yaşayan Canıyeva Səidə Əsədulla qızının bank hesabına köçürülmüşdür.
Hadisədən dərhal sonra DİN-in 102 qaynar xəttinə məlumat verdik. Ordan bizi Xətai Rayon 34-cü Polis bölməsinə yönləndirdilər. Bölmədə şikayət ərizəsi yazdıq və təhqiqatçı, mayor Dəyanət Priyev şikayət ərizəsini qəbul etdi.
20 gün sonra şikayətimiz üçün hansı işlərin görüldüyünü öyrənmək məqsədilə bölməyə getdik. Bildirdilər ki, şikayətiniz araşdırılması üçün Xətai Rayon Polis İdarəsinə yönləndirilib.
İdarədə işimizə müstəntiq, baş leytenant Rüfət Yusifov baxırdı. Müstəntiq aylardır müxtəlif bəhanələrlə işimizi çıxmaza sürükləyir. 8 aydır hər dəfə qarşı tərəfi gizlin şəkildə müdafiə etməklə məşğuldur. Adam xaricdə deyil, Azərbaycandadır, amma nə pul alınır, nə də adamı həbs edirlər.
Maraqlı məqam burasıdır ki, deməli, hər kəs kiminsə kartından pul oğurlayıb, ölkədə rahat gəzə bilər! Buna kimlərsə şərait yaradır?
Cənab Nazir!
Mən öz və ailəm adından Sizdən xahiş edirəm ki, kartımdan oğurlanan pulların mənə qaytarılması və dələduzluq edən şəxsin cəzalandırılması üçün göstəriş verəsiniz. Biz Azərbaycan Respublikasının qanunlarına inanırıq. Cinayəti törətməkdə şübhəli bilinən, ilkin istintaq vaxtı adları müəyyən olunmuş Nəbiyev Loğman Vüqar oğlu, Canıyeva Səidə Əsədulla qızı və adını bilmədiyim digər 1 nəfərdir. Qeyd edim ki, bu 3 nəfər tək bizim kartdan yox, başqa adamların kartlarından da pullar çəkiblər. Təəssüflər olsun ki, cinayətkar dəstə kimlərsə tərəfindən himayə olunur.
Polis bölməsində olarkan Nəbiyev Loğman Vüqar oğlu və Canıyeva Səidə Əsədulla qızının daha bir nəfərin kartından 2 min 100 manat pul çəkdiyi bəlli olmuşdur. Bu şəxslər qrup şəklində fəaliyyət göstərirlər. Buna baxmayaraq, barələrində cinayət işi açılmır.
Onu da qeyd edim ki, müstəntiqin yanına gedən zaman hər dəfə 2-3 saat qapıda gözləməli oluruq. Mən belə düşünürəm ki, adi vətəndaş bu dələduzluğu edə bilməz. Məhz bu səbəbdən, Sizə müraciət edirik. DİN və Prokurorluğa göndərdiyimiz məktubların hamısı şikayətçi olduğumuz bölməyə göndərilir.
Bəlkə bu yolla səsimiz Sizə çata. Biz Sizə və qanunlarımıza güvənirik”.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinə məlumat verilib.
Jalə FAMİLQIZI
Hurriyyet.az
