Saat:21:12
Haqqımızda

Cinayət törədən hamilə qadınlar hansı halda həbs oluna bilməz?

2021-12-07 10:50:00

Cinayət törədən hamilə qadınlar hansı halda həbs oluna bilməz?

Bəhruz Bayramov: "Şəxsiyyət əleyhinə olan cinayətlərdə hökm təxirə salınmır. Amma bəzi az ağır cinayətlərdə bu təxirə salına bilər"

Roman Qaraşov: “5 ildən çox müddətdə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər istisna olmaqla, digər bütün hamilə və ya azyaşlı olan şəxslər uşaq 14 yaşına çatana qədər cəzaçəkməsi təxirə salına bilər"

Son illər barəsində cinayət işi açılan qadınların istintaq və məhkəmə dövründə hamilə qalması "dəbə" düşüb desək, yanılmarıq. Tez-tez məhkəmə proseslərində iştirak edən "Yeni Müsavat" qəzetinin əməkdaşı İlkin Muradov sosial şəbəkə hesabında mövzu ilə bağlı fikirlərini paylaşıb. O qeyd edib ki, iştirak etdikləri məhkəmə proseslərində həbs edilən qadınların əksəriyyəti istintaq dövründə hamilə olub:

"Bir müddət əvvəl oğurluq işinə görə məsuliyyətə cəlb edilən qadın məhkəmə dövründə hamilə oldu. Başqa bir turizm şirkətinin sahibi olan və xeyli adamı aldadan xanım da hamilə oldu. İstintaq və məhkəmə dövrü o qədər uzandı ki, iki dəfə hamilə oldu. Hazırda davam edən digər bir cinayət işində isə 4 kişi həbs edilib, 1 nəfər xanım polis nəzarətindədir. Məhkəmə bir neçə günə yekunlaşır və hökm oxununacaq. Həbs ediləcəyi gözlənilən xanım hamilə oldu. Ən maraqlısı isə indi davam edən falçı "Maya"nın işidir. O da həbs edilməsin deyə təcili hamilə oldu. "Maya" Kərəm Həsənovun bacısından 2 milyona yaxın pul alıb. Maraqlısı budur ki, "Maya"nın ərini də bu işə görə həbs ediblər. Əri məhkəmədə deyir ki, uşaq mənim deyil. Bu aralar hamilə olanları tutmurlar. Hökmün icrası uşaq 14 yaşa çatana qədər təxirə salınır. Mənim çıxardığım nəticə budur ki, bizim istintaq və məhkəmə orqanlarımızın əli və ayağı düşərlidir. Kimə toxunsalar, uşağı olur".

Bəs Azərbaycan qanunvericiliyində bununla bağlı hansı güzəştlər nəzərdə tutulub?

Cinayət Məcəlləsinin 79.1 maddəsində qeyd edilir ki, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. O da qeyd edilir ki, nəzərdə tutulmuş şəxslər, məhkum edilmişlər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər.

Bəs uşaq 14 yaşına çatdıqda şəxs yenidən həbs edilə bilər?

Cinayət Məcəlləsinin 79.3 maddəsində qeyd edilir ki, uşaq on dörd yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir, yaxud məhkum edilmiş şəxsi cəzanın qalan hissəsini çəkmək üçün müvafiq müəssisəyə göndərir. Əgər şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə isə məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir.

Maraqlıdır, mövcud qanunvericilikdən təcrübədə necə istifadə olunur? Hüquqşünaslar mövzu ilə bağlı nə fikirləşir?

Tanənmış vəkil Bəhruz Bayramov şəxsiyyət əleyhinə olan cinayətlərdə cəzanın təxirə salınmadığını bildirdi: "Uşağ 14 yaşına çatana qədər cəza təxirə düşə bilər. Hamilə qadınlara həbs qətimkan tədbiri seçilmir. Amma qətl hadisəsi ağır və xüsusilə ağır cinayət sayıldığına görə buna aid edilmir. Yəni şəxsiyyət əleyhinə olan cinayətlərdə hökm təxirə salınmır. Amma bəzi az ağır cinayətlərdə bu təxirə salına bilər".

Hüquq müdafiəçisi Roman Qaraşov isə deyir ki, qanunda nəzərdə tutulan maddələr təkcə hamilə qadınlara deyil, eyni zamanda təkbaşına uşaq böyüdən kişlərə də aid edilir:

"Qanunvericilikdə hamilə qadınlara cinayət işinin açılmaması ilə bağlı maddə nəzərdə tutulmayıb. Amma həmin uşağın özünün taleyi ilə bağlı cəzanın çəkilməsinin təxirə salınması ilə bağlı müddəalar var. Digər tərəfdən, uşağın cəzaçəkmə məntəqəsində saxlanma məsələsi də var. Qətl cinayətləri törətməyə görə məhkəmə hökmü ilə şəxs barəsində azadlıqdan məhrumetmə nəzərdə tutula bilər. Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə görə, şəxsiyyət əleyhinə ağır və xüsusilə ağır cinayət törətməyə görə 5 ildən çox müddətdə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər istisna olmaqla, digər bütün hamilə və ya azyaşlı olan şəxslər uşaq 14 yaşına çatana qədər cəzaçəkməsi təxirə salına bilər. Bu qaydalar uşağı təkbaşına böyüdən kişilərə də uşaq 14 yaşına çatana qədər cəzanın təxirə salınmasını ehtiva edir. Yəni uşağı təkbaşına böyüdürsə, uşağın anası yoxdursa və ya məhz atanın himayəsinə verilibsə cəzanın təxirə salınması mümkündür. Burda iki məqam var. Birincisi, şəxiyyət əleyhinə olan cinayətlər kateqoriyasıdır. Bura sağlamlıq əleyhinə olan cinayətlər aid edilir. İkincisi isə cinayətin özünün xarakteri ağır və xüsuilə ağır sayılır. Bura yeddi ildən az olan cinayətlər aiddir. Qətl cinayətlərinə isə aid edilmir. Çünki bu şəxsiyyət əleyhinə olan cinayət sayılır. Amma maddi zərər vurulan cinayət işlərinə aid edilə bilər. Cəzanın çəkilməsinin təxirə salınması o deməkdir ki, cəza təxirə salına da bilər, salınmaya da... Məsələn, ömründə heç vaxt cinayət törətməyən şəxsin 2000 manatlıq borc mübahisəsində adı hallanırsa və sonradan bu dələduzluq kim tövsif olunursa, bu halda şəxsin həbs olunması uşağın maraq və mənafeyinə uyğun olaraq cəmiyyətə təhlükəli adam yetişdirmiş olacaq. Nəticədə nəzarətsiz qalmış övlad böyümüş olacaq. Beynəlxalq qanunvericilikdə və sənədlərdə də bu cür hallar nəzərə alınıb. Bu təkcə qadınlara deyil, kişilərə də tətbiq olunub. Kişilərə isə o halda aid edilir ki, o, təkbaşına uşaq böyütmüş olsun. Cinayətin ağır və xüsusilə ağır olmaması da burda nəzərə alınır. Hamilə qadınların həbsinin təxirsalınması işləri ilə bağlı məndə rastalmışam. Özüm şəxsən iştirak etdiyim proseslər olmayıb. Amma həmin proseslərdən məlumatlı olmuşam.

Bəs uşaq 14 yaşına çatandan sonra həmin şəxs yenidən həbsə oluna bilərmi? Burda da məhkəmə qərar verir. Ya həmin müddət hesablanıb digər cəza növü ilə əvəz olunur, ya da məhkəmə qərarı ilə həmin cəzanı çəkir. Eyni zamanda, cəzanın təxirə salındığı müddət ərzində şəxsin ölkədən çıxması da məhdudlaşdırılır. Əgər şəxs yeni cinayət törədərsə, onun cəzası əsas cəza ilə əvəz olunur".

Qeyd edək ki, inkişaf etmiş əksər ölkələrdə məhkum edilmiş şəxslər üçün cəza çəkilməsinin təxirə salınması nadir hallarda (məsələn, az ağır cinayət törətmiş və yetkinlik yaşına çatmamış uşaqlar üçün) nəzərdə tutulur. Lakin yaşından asılı olmayaraq uşağı olan məhkum edilmiş şəxslər (istər qadınlar, istərsə də kişilər) üçün cəza çəkilməsinin təxirə salınması, bir qayda olaraq nəzərdə tutulmur. Bununla belə, MDB iştirakçıları olan dövlətlərdə uşağı olan məhkum edilmiş şəxslərin (qadınların, bəzi hallarda isə həmçinin kişilərin) cəza çəkməsinin təxirə salınması halları cinayət qanunvericiliyində nəzərdə tutulsa da, uşaqların yaş həddi ilə bağlı meyarlar fərqlidir.

YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR