"Çin virusla mübarizədə "sıfır tolerantlıq" prinsipindən imtina etmək istəmir" - ELXAN ŞAHİNOĞLU

2022-04-28 11:08:00

"Mütəxəssislər hesab edirlər ki, vuris şəhərlərdə son bir həftədə gizli şəkildə yayılıb"

"Dövlətlər virusdan qurtulmanın sevincini yaşayarkən, Çin həyəcan içindədir. Pandemiya Çinin Şanxay şəhərindən paytaxt Pekinə sıçrayıb. Paytaxt sakinləri Şanxayın acı təcrübəsindən çıxış edərək marketlərə hücum edirlər, su və ərzaq ehtiyatı toplayırlar". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloqun sözlərinə görə, Çin hakimiyyəti yenə o fikirdədir ki, virusla sərt mübarizəni yumşaltmaq olmaz: "Sərt mübarizə isə kütləvi testi və insanların evlərinə qapadılmasını nəzərdə tutur. Pekində hesab edirlər ki, mübarizəni yumşaltsalar yaşlı vətəndaşlar kütləvi şəkildə ölməyə başlayacaqlar. Səfirliklər Pekində yerləşdiklərindən xarici diplomatlar da qaydalara riayət etməlidirlər. Çinin məşhur “Jenmin jibao” qəzetində yayımlanan məqalədə Pekində durumun getdikcə ağırlaşdığı yazılıb. Ən maraqlısı odur ki, gün ərzində 40 nəfərin virusa yoluxması “ağırlaşma” kimi qiymətləndirilir. Çinli mütəxəssislər hesab edirlər ki, vuris şəhərlərdə son bir həftədə gizli şəkildə yayılıb. Şanxayda ölənlərin sayı 140 nəfərə çatıb. Ölənlər arasında peyvənd olunanlar da var və bu hal Çində istifadə edilən peyvəndlərlə bağlı suallar yaradıb".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri qeyd edib ki, Çində avtoritar üsul-idarəyə rəğmən, yerli alimlərin bir qisminin virusla mübarizə metodlarını tənqidi artıb: "Alimlər hesab edirlər ki, virusla həddən artıq sərt mübarizə insanların ruh halına mənfi təsir edir, başqa xəstəliklərin yaranmasına təkan verir. Bu müzakirələr Çinin sosial şəbəkələrində də qızışıb. Buna baxmayaraq, 1 milyard 400 milyon əhalisi olan Çinin idarəediciləri virusla mübarizədə “sıfır tolerantlıq” prinsipindən imtina etmək istəmirlər. Bu arada, Çinlə təmaslar mövzusu gündəmə gəlib. Ötən dəfə Çin hakimiyyəti virusu bir müddət beynəlxalq aləmdən gizlətdi və nəticədə virus dünyaya yayıldı. Bu dəfə Çində yayılan virusu gizlətmək mümkün deyil. Digər tərəfdən dünya ölkələrinin iki illik təcrübəsi var. Bu o deməkdir ki, virus Çində geniş yayılırsa, bir sıra dövlətlər vətəndaşlarını indiki şərtlər altında Çinə gediş-gəlişdən imtina etməyə çağıracaqlar. Çinə təyyarə uçuşlarının azalması da mümkündür".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya