Saat:23:44
Haqqımızda

"Çin Qazaxıstanı siyasi və iqtisadi müstəvidə özünə tabe etdirmək istəyir" - POLİTOLOQ

2021-10-15 11:11:00

"Pekin Qazaxıstanda uyğurlarla bağlı keçirilən piketlərin qarşısının alınmasını tələb edir, lakin bu tələbləri yerinə yetirmədiyinə görə ona qarşı iqtisadi sanksiyalar tətbiq edilir"

"Çin sentyabr ayının ortalarından başlayaraq Qazaxıstanla sərhəddən malların keçidini məhdudlaşdırıb. Sərhəddə Qazaxıstana aid 4 mindən çox konteyner ilişib qalıb. Pekin niyə sərhədi Qazaxıstan malları üçün bağlayıb, məqsədi nədir? Qazaxıstan ekspertlərinin fikrincə, Çin Qazaxıstan bazarına hakim olmaq istəyir". Hurriyyet.az-ın məlumatına görə, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Pekinin Qazaxıstana siyasi tələbləri də var: "Qazaxıstanın siyasi dairələrində və cəmiyyətində Çində yaşayan uyğurlara sipmatiya var. Bu təbiidir, söhbət iki qohum xalqdan gedir. Bu hal Pekinin xoşuna gəlmir. Halbuki, Qazaxıstan Çinin daxili işlərinə qarışmır. Pekin Qazaxıstanda uyğurlarla bağlı keçirilən piketlərin qarşısının alınmasını tələb edir. Qazaxıstan bu tələbləri yerinə yetirmədiyinə görə də ona qarşı iqtisadi sanksiyalar tətbiq edilir. Maraqlıdır ki, Çindən Avropaya, Avropadan Çinə gedən mallar və vaqonlar sərhəddə saxlanılmır. Çin sərhədçiləri və gömrük xidməti ancaq Qazaxıstana məxsus malların keçidinə maneə yaradırlar. Bu Qazaxıstan iqtisadiyyatında ciddi fəsadlara yol açıb. Birincisi, məhsulları sərhəddə ilişən qazaxıstanlı biznesmenlərin itkiləri artır. İkincisi, məhsulların sərhəddə ilişməsi istər-istəməz Qazaxıstanda qiymətlərin artımına səbəb olur. Bu arada, Çinin Qazaxıstana yatırımlarının həcmi də azalır".

Çin və Qazaxıstanın Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olduğunu vurğulayan politoloqun fikrincə, görünür, Pekini bu, az maraqlandırır və qonşusuna qarşı təzyiqi normal hal sayır: "Ancaq haqlı sual yaranır: Bu necə təşkilatdır ki, bir üzv digər üzv dövləti sıxışdırmağa çalışır? Pekin üçün əvvəlki illərdə ticarət və iqtisadi əməkdaşlıq əsas amil idi, indi isə maliyyəsi o qədər çoxalıb ki, siyasi iddialar əsasında qonşularını sıxışdırmağı lazım bilir. Qazaxıstan hər zaman böyük Çin bazarındam istifadə edib, idxal-ixrac əməliyyatları həyata keçirib. İndi isə Pekin faktiki Nursultana ultimatum elan edib: “Əgər əməkdaşlıq etmək istəyirənsə mənim istək və tələblərimi qəbul edəcəksən”. Nursultan hələ ki, müqavimət göstərir. Çinin bir başqa tələbi Qazaxıstanın torpaq sahələrini kirayə götürməkdir. Bu istək qazaxıstanlıların narazılığına səbəb olub və zaman-zaman toqquşmalar qeydə alınıb. Qazaxıstanın baş naziri mövcud vəziyyətlə bağlı çinli həmkarına məktub göndərib. Pekinin izah belədir ki, guya pandemiya səbəbindən sərhəddə məhdudlaşdırılmaya gedilib. Onda sual yaranır: Bəs onda sərhəd niyə tək Qazaxıstan məhsullarına qapalıdıb? Axı Avropa ilə Çin arasındakı ticarətə pandemiya mane olmur, əksinə Çinlə Avropa arasındakı tranzit getdikcə artır".

Elxan Şahinoğlu hesab edir ki, pandemiya bəhanədir, Çin Qazaxıstanı özünə siyasi və iqtisadi müstəvidə tabe etdirmək istəyir və bu siyasətini Qazaxıstanı blokadaya almaqla həyata keçirməyə çalışır: "Görək, Qazaxıstan Çinin bu təzyiqinə nə qədər dözəcək? Qazaxıstanın iki yolu var: Ya Pekinin istəklərinə baş əymək, ya da iqtisadiyyatı şaxələndirərək Çindən asılılığını azaltmaq. Birinci yol Qazaxıstanın müstəqlliyinin azalmasına, ikinci yol Mərkəzi Asiyanın əsas dövləti kimi məhrumiyyətlərdən keçərək güclənməsinə aparacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR