Çin liderinin iqtisadi təhlükə xəbərdarlığı - Azərbaycanı nələr gözləyir?

2022-11-16 10:15:00

Çin liderinin iqtisadi təhlükə xəbərdarlığı - Azərbaycanı nələr gözləyir?

“Dünya iqtisadiyyatı tənəzzül təhlükəsi ilə üz-üzədir”. Bunu Çin lideri Si Cinpin Balidə keçirilən G-20 liderlərinin görüşündə deyib. Onun sözlərinə görə, ilk zərbə inkişaf etməkdə olan ölkələrə dəyib. S.Cinpin dünya liderlərini beynəlxalq əməkdaşlığı dərinləşdirməyə və iqtisadiyyatın bərpası üçün şərait yaradılmasına çağırıb. Onun fikrincə, G-20 ərzaq və enerji problemi olan yoxsul ölkələrə kömək etməlidir.

Azərbaycan üçün də belə bir təhlükə varmı? Qabaqlayıcı nə kimi tədbirlər görülməlidir?  

Mövzu ilə bağlı iqtisadçı-alim Vüsalə Əhmədova “Yeni Müsavat”a bildirdi ki, 2020-ci ildə pandemiyanın başlaması ilə tədarük zəncirində yaşanan qırılmalar, ardınca iqlim dəyişiklikləri, dünyanın bir çox kənd təsərrüfatı bölgələrində artan quraqlıq və daşqın kimi faktorları da əlavə etsək, dünyada ərzaq məhsullarının sürətli bahalanma prosesi artıq başlayıb.

İqtisadçı əlavə edib ki, ümumi olaraq Rusiya-Ukrayna müharibəsi dünyanın yoxsul ölkələrini böhran vəziyyətinə salır, inkişaf etmiş ölkələrdə isə yüksək inflyasiyaya səbəb olur: “Bu il ABŞ-da 40 ilin ən yüksək inflyasiya göstəricisi qeydə alındı. FED il boyunca demək olar ki, hər toplantıda faiz dərəcələrini artırdı. Dolların dəyəri artdıqca, qiyməti adətən dollarla müəyyən edilən məhsulların qiyməti də artır. Bu səbəbdən də FED-in faiz siyasəti ən çox xaricdən ərzaq və enerji idxal edən ölkələrə mənfi təsir göstərir. Nəticədə də bu ölkələr daha çox borc böhranı və devalvasiya ilə üzləşirlər. Məsələn, əgər ölkə həm enerji resursları, həm də ərzaq idxal edirsə, bu ölkələr çalışmalıdırlar ki, ərzaq məhsulları ilə tam təmin olunma səviyyəsinə çatsınlar. Ərzaq idxalından qənaət edilən valyuta isə enerji idxalına yönəldilə bilər. Nümunə olaraq Hindistanı göstərə bilərik hansı ki, özünü ərzaqla tam təmin etməyə nail olub. Bu ölkənin ÜDM-də kənd təsərrüfatının payı 17-18% təşkil edir. Çoxları deyə bilər ki, Hindistanda səfalət hökm sürür, bir şeyi anlamaq lazımdır ki, ölkənin 1,393 milyard əhalisi var. Əgər ölkə enerji resursları ixracatçısıdırsa, məsələn, ölkəmiz kimi, yenə də ərzaq məhsulları ilə özünü tam təmin etmə səviyyəsinə çatmaq vacibdir. Azərbaycanın ÜDM-də kənd təsərrüfatının payı cəmi 5-7% təşkil edir və bu çox aşağı göstəricidir. Enerji ixracından əldə olunan gəlirlər ərzaq idxalına deyil, ərzaq istehsalı sahələrinə yönəldilməlidir. Bəlkə Azərbaycan üçün hazırda çox böyük bir böhran gözlənilməsə də, irəlidə daha ağır fəsadlarla üzləşə bilərik. Hələ beş il bundan əvvəl bir açıqlamamda qeyd etmişdim ki, dünyada ölkələr getdikcə proteksionist siyasət yürütməyə üstünlük verəcək. Bu proses artıq başlayıb və böyük narahatlıq doğuran məqamdır. Bir çox ölkələr sosial iğtişaşlardan qorxaraq taxıl və qida ixracını dayandırır”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.138667