Cənubda  müharibə veteranlarına ehtiram - FOTO

2023-09-19 14:55:34

Cənubda  müharibə veteranlarına ehtiram - FOTO

İndi Masallının ən  çox hörmət göstərilən gənclərindən biri Şahin Vidadi oğlu  Məmmədovdur. Bu da səbəbsiz deyildir.  Şahin minlərlə  qeyrətli  oğul kimi, haqq savaşımızda  Vətən torpaqlarının  azadlığı və bütövlüyü uğrunda erməni dığalarını  məhv edərək, xalqımıza qələbə sevincini yaşadan gənclərimizdəndir. Onun döyüş meydanda göstərdiyi hünər  Vətəninə, millətinə  başucalığı olub. Hazırda da  yaxşı işi, xeyirxah  əməlləri yalnız el-obaya sevinc gətirir.  Bu, 25 yaşlı gənc oğlan söz düşəndə deyir ki,  insanın həyatına dəyər qatan illər deyil, hər şey  gözəl əməllərlə, Vətənə, xalqa təmənnasız xidmətlə ölçülür.

Bu günlərdə “Vətənpərvər klubu” çərçivəsində “Masallı Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin kollektivi  İkinci Qarabağ müharibəsi veteranı  Şahin Vidadi oğlunu ziyarət edib.  Vətən sevdalısının keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, qayğıları dinlənilib. Şahin  öz həm də  müharibədə qələbə qazanmağın sevincindən, döyüş xatirələrindən  danışıb.

Şahin Vidadi oğlu  Məmmədov Masallı rayonu, Böyük Kolatan  kəndində şərəfli, el-obaya gərəkli həyatını davam edir. O, 2005-2016-cı illərdə tam orta təhsil alıb, 2017-2019-ci illərdə çağırışçı kimi canından artıq sevdiyi Azərbaycana olan oğulluq borcunu şərəflə yerinə yetirib. Vətən müharibəsinə könülü qatılıb, döyüş meydanında düşmənə qan qusdurub. İgid döyüşçü  Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşdə sol ayağından yaralanıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Şahin Vidadi oğlu Məmmədov  Xocavəndin, Füzulinin azadlığı uğrunda, “Hərbi xidmətlərə görə” və “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb.

Bəli, Şahin kimi Vətəninə, doğma elinə bağlı qeyrətli övladlarla  fəxr etməyə dəyər.

Astara  rayonundan olan İlqar Arif oğlu Həsənzadə  də İkinci Qarabağ müharibəsində Vətən torpaqlarının azadlığı  uğrunda böyük hünərlə döyüşüb. Onun bu qəhrəmanlığı   Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları əsasında Fizulinin və Xocavəndin azadlığına   görə, “Vətən uğrunda” medalları  ilə təltif olunub.  İndi Astarada  böyük də, kiçikdə öz vətənpərvər, igid, mehriban, doğma yurdunu canından  artıq sevən, gərəkli bir həyat yaşamaqla el-obanın başını uca edən oğluna böyük hörmət göstərir.   

Bu günlərdə Astara Tarix-Diyarşünaslıq Muzeyində  İlqar Həsənzadə ilə də görüş olub.

Tədbirin giriş sözündə muzeyin direktoru Gülzar İsmayılova 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən,  bu müharibədə ordumuzun,  həmçinin İlqar kimi qəhrəman Vətən oğlanların   döyüş zamanı göstərdiyi şücaətdən danışıb.

Sonra  göstərilən diqqətə görə təşəkkürünü bildirən müharibə iştirakçısı İlqar Həsənzadə  diqqətə çatdırıb ki, müharibə dövründə əsl əzmkarlıq nümayiş etdirən Azərbaycan əsgəri dövlət-xalq-ordu birliyindən aldığı mənəvi dəstəklə daha da ruhlandı, hər bir qarış torpaq uğrunda sonadək mübarizə apardı. Qazanılan  möhtəşəm qələbə hər bir azərbaycanlı üçün qürurvericidir, bu ali yolda xidmətləri olan Vətən övladlarını daim iftixarla xatırlamağa dəyər.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.145923